28 Dekabr 2017 19:42
3 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pensiya kapitalının birdəfəlik və ya vəsiyyətnamə ilə hər hansı bir şəxsə verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Bunu Teleqraf.com-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda pensiya təminatı sisteminin əhatə etdiyi pensiya növlərindən birini də ailə başçısını itirməyə görə təyin olunan əmək pensiyası təşkil edir:

“Əmək pensiyaları haqqında qanunun 14-16-cı maddələrində ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslər müəyyən edilib.

Mövcud qanunvericiliyə əsasən, sığortaolunan vəfat etdiyi təqdirdə onun fərdi hesabında şərti olaraq qeydə alınan və real pul kütləsi olmayan pensiya kapitalından ailə başçısını itirməyə görə əmək pensiyalarının sığorta hissəsinin hesablanmasında istifadə olunur. Pensiya kapitalının birdəfəlik və ya vəsiyyətnamə ilə hər hansı bir şəxsə verilməsi isə qanunvericilikdə nəzərdə tutulmayıb”.

Vəkil Xəyal Bəşirov bildirib ki, sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur:

“Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə), eləcə də müvafiq qanunvericiliklə sosial sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

“Əmək pensiyaları haqqında” qanunla ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının həmin qanunla tələb edilən siğorta stajı olduqda təyin olunur. Vəfat etmiş ailə başçısı yaşa və ya əlliliyə görə pensiyaçı olubsa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat edən ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsini əmək qabilliyyəti olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər