Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində müəllim çatışmazlığı yoxdur.
BŞTİ-dən Teleqraf.com-un sorğusuna cavabda bildirib ki, vaxtaşırı meydana gələn ehtiyaclar mövcud qaydalar çərçivəsində təmin edilir.
Məlumatda qeyd edilib ki, bəzi səbəblərdən müəllimlər müddətli müqavilə ilə işə qəbul olunur: “Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq müəyyən müddətə (sosial məzuniyyət, xəstəlik və sair) işdə olmayan işçinin yerinə, habelə bəzi müəssisələrdə sonradan yaranan vakansiyalar üzrə müəllimlərin müddətli müqavilə ilə işə qəbulu həyata keçirilib.
Bu zaman namizədlərin mərkəzləşdirilmiş müsabiqədə göstərdiyi nəticələrə və iş təcrübəsinə istinad edilib”.
Qeyd edək ki, bir müddət əvvəl Bakı məktəblərində müəllim çatışmazlığı problemi yaşandığı barədə məlumatlar yayılmışdı.