Pezidentin bu sərəncamı gözlənilən idi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında imzaladığı sərəncamı şərh edərkən deyib.
Onun sözlərinə görə, bir müddət əvvəl də ölkə başçısı analoji sərəncam imzalamışdı: “Dünyanın müxtəlif ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil almasına imkan verəcək qərar qəbul edilib. Yeni sərəncamla onun əhatə dairəsi genişləndirilir ki, bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, xarici ölkələrin tələbələrinin ölkəmizdə təhsil almasına səbəb olur.
İkincisi və ən vacibi odur ki, bu təşkilatın XVII zirvə toplantısının nəticələrindən biri də Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə XVIII zirvə toplantısının Azərbaycanda keçirilməsidir. Buna görə də, atılan addımı məqsədəuyğun hesab etmək olar”.
Ekspert qeyd edib ki, Qoşulmama Hərəkatı hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən 1961-ci ildə Belqradda keçirilmiş sammitdə təsis edilib: “Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama Hərəkatın əsas prinsipləridir. Yarandığı dövrdə soyuq müharibə və bloklararası qarşıdurmanın doğurduğu gərginliyi azaltmağı əsas məqsəd kimi qarşısına qoymuş Qoşulmama Hərəkatı qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib.
Son 25 il ərzində Hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlib.
Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub. Hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası, 1-i Avropadandır. Bu o deməkdir ki, 2018-ci ilin sentyabrından etibarən ölkəmiz dünyanın müxtəlif ölkələrindən olan tələbələri təhsil almaq üçün qəbul edəcək. Bu da ölkəmizdə təhsil alan tələbələrin sayını ciddi şəkildə artıracaq.
Hazırda ölkəmizdə təhsil alan xarici tələbələrin sayı 5541 -dirsə, müvafiq sərəncamlar yerinə yetirildikdən sonra bu rəqəm dəfələrlə artacaq”.
Qeyd edək ki, dünən prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.