Cəbhə xəttində intensiv şəkildə atəşkəsin pozulması və düşmən tərəfinin kəşfiyyat-diversiya qruplarının Azərbaycan ordusunun postlarına hücumu mətbuatın gündəmindədir.
Teleqraf.com-un apardığı araşdırmalara görə, Azərbaycan mətbuatında hərbi xidmətini zabit kimi keçən və hazırda ehtiyatda olan jurnalistlər var. Onlar hərbi əməliyyatlar başlayacağı təqdirdə müharibədə iştirak edəcəklərmi?
Məsələyə münasibət bildirən Aznews.az saytının redaktoru, ehtiyatda olan zabit Ramil Məmmədli bildirib ki, Azərbaycan Ordusunun ehtiyatda olan zabiti olduğunu, hərbi mükəlləfiyyətini dərk edir: “Hərbi xidmət zamanı öyrəndiyim, qavradığım bütün bilik və bacarığımı qalib gəlmək üçün səfərbər etməyə hazıram. Bir sözlə həm fiziki, həm də mənəvi baxımdan - populistlikdən kənar olaraq, döyüşməyə hazıram”.
Jurnalist, ehtiyatda olan zabit Anar Tağıyev qeyd edib ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə müharibədə iştiraka hazırdır: “Çünki cəmi bir neçə il əvvəl Naxçıvan Muxtar Respublikasındakı "N" saylı hərbi hissədə xidmət etmişəm. Özü də düşmənlə üz-üzə... Döyüş bölgəsində. Xidmət etdiyim dövrdə tabeliyimdəki şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədə idi. Çünki çavuşlarımdan biri, əsgərlərimdən isə bir neçəsi Ermənistan tərəfindən işğal olunmuş, ata-baba yurdlarımızdan məcburi köçkün düşmüş ailələrin övladları idi. Habelə, Qərbi Azərbaycandan da xeyli sayda əsgər vardı. Onu da qeyd edim ki, şəxsi heyətin demək olar bütün üzvləri hələ də işğal altında olan ərazilərimizdə düşmənin at oynatmasına qəzəblə, nifrətlə yanaşırdılar. Hazırda da Azərbaycan Silahı Qüvvələrinin əsgər və zabitlərinin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Bir daha qeyd edim ki, ehtiyatda olan zabit kimi döyüşə hazıram”.
“Palitra” qəzetinin redaktoru, ehtiyatda olan zabit Anar Miriyevin sözlərinə görə, artıq 20 ildən çoxdur ki, torpaqlarımız Ermənistanın işğalı altındadır. O qeyd edib ki, torpaqları işğal altında olan, atəşkəs dövründə olsa belə, müharibə şəraitində yaşayan ölkənin hər bir vətəndaşı hər an müharibəyə hazır olmalıdır: “Doğrudur, ölkəmizin güclü ordusu var və Silahlı Qüvvələrimiz torpaqlarımızı düşmən işğalından azad etməyə hazırdır. Kimin nə deməsindən, nə yazmasından asılı olmayaraq bu sahə ilə bağlı az-çox informasiyam olduğu üçün bilirəm ki, Ordumuzun döyüş hazırlığı, təminatı yüksək səviyyədədir və əsgərlərimiz torpaqlarımızı düşməndən azad etməyə hazırdır. Amma ordu ilə yanaşı, biz də müharibəyə hazır olmalıyıq, hər gün bunu hiss etməli, yaşamalıyıq. Demirəm ki, işə gələndə hərbi forma geyinək. Amma torpaqlarımızın işğal altında olduğunu, müharibənin hər an başlaya biləcəyini unutmamalıyıq. Psixoloji cəhətdən buna özümüzü hazır etməliyik. Hər kəs öz sahəsində bu işə, müqəddəs vəzifə olan torpaqlarımızın işğaldan azad olunmasına gücü çatdığı qədər çalışmalıdır. Biz jurnalistlərin də üzərinə məsuliyyət düşür. Son günlər cəbhə xəttində baş verənlərlə bağlı yayılan bəzi informasiyalar baxanda bir daha başa düşürsən ki, bəzilərimiz məsuliyyətimizi dərk etmirik. Ordumuzla bağlı xəbərləri yayarkən bir qədər diqqətli və ehtiyatlı olmalıyıq. Məsuliyyətimizi dərk etməli, düşmən dəyirmanına su tökməməliyik.
A.Miriyev müharibəyə hazır olduğunu qeyd edib: “Həm jurnalist, həm də ehtiyatda olan zabit kimi torpaqlarımızın azad olunması kimi müqəddəs vəzifənin yerinə yetirilməsi üçün məndən asılı olan nə varsa, onu etməyə hazıram. İstər jurnalist, istərsə də Azərbaycan ordusunun müqəddəs zabit mundirində. “Zampolit” kimi hərbi xidməti çoxdan başa vursam da, çox “paslanmamışam”, tələb olunarsa, mənə ehtiyac olarsa, həm qələmim, həm də silahımla döyüşə hazıram. Onsuz da düşmən ölkənin ağır siyasi-iqtisadi vəziyyəti, o cümlədən ordusunda olan biabırçı vəziyyətlə bağlı “Palitra”da demək olar ki, gündəlik məqalələr yazıram. Pafossuz filansız deyirəm ki, ehtiyac olarsa, qələmi avtomatla əvəzləyə bilərəm”.
BƏXTİYAR