13:28
Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən ayrılan 3 milyon manat "Azərkosmos"un xərcləri və digər başqa xərclər hesablanmaqla 5 özəl telekanal arasında bərabər və ədalətli şəkildə bölünəcək.
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.
Şöbə müdirinin sözlərinə görə, 3 milyon manat "Xəzər", "Lider", "Space", ATV və ARB telekanalları arasında bölünəcək: "Bu sərəncam Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qayğısının göstəricisidir.
Sərəncam Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə imzalanıb".
N. Cavadov qeyd edib ki, sərəncamda nəzərdə tutulan məsələlərin həlli ilə bağlı MTRŞ-da iclas keçiriləcək və müvafiq qərar qəbul ediləcək./APA/
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya 3 milyon manat ayrılıb.
***
Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) özəl ümumölkə teleradio yayımçılarının (“Azad Azərbaycan” televiziyası, “Lider” televiziyası, “Xəzər” televiziyası, “Space” televiziyası, “ARB” televiziyası) rəhbərlərinin iştirakı ilə özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamının icrasına dair görüş keçirilib.
MTRŞ-dan verilən məlumata görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya üç milyon manat ayrılması ölkə prezidentinin teleradio yayımçılarına olan diqqət və qayğısının göstəricisi olduğu xüsusi vurğulanıb, bu vəsaitin özəl ümumölkə teleradio yayımçıları arasında bərabər şəkildə bölünməsi məsələsi ilə bağlı müzakirələr aparılıb.