Teleqraf.com yazıçı-publisist Vahid Qazi ilə müsahibəni təqdim edir.
– Vahid bəy, siz Qarabağ qazisiniz?
– Xeyr! (gülür) Soyadım Qazıyev idi. 18 il qabaq özümü beləcə "russuz"laşdırdım. Amma belə düşünən az deyil. Bir dəfə biri mənə sual vermişdi ki, məğlub xalqın yazarı niyə “Qazi” soyadını götürür? Cavab vermişdim ki, Türkiyəyə ağlın getməsin, bizdə “qazi” müharibədə qalib gələnə yox, əlil olana deyirlər. Məni başa düşdümü, bilmədim!
– Vətəndən kənarda – İsveçdə yaşayırsınız... Birdən-birə nə baş verdi ki, getdiniz?
– Bu suallara dəfələrlə cavab vermişəm. Birdən-birə yox, illərlə “getmək, ya qalmaq” dilemmasından sonra gəldiyim qərar idi.
– İsveçdə də Yazıçılar Birliyi var?
– Burada bir çox ədəbi birliklər var. İsveç Yazıçılar Birliyi, İsveç Tərcüməçilər Birliyi, İsveç Ssenaristlər Gildiyası və s. Amma bizim təsəvvür etdimiz kimi deyil.
– Bəs necədir?
– Burada birlik yazıçının əsasən müəllif hüququnu qoruyur. Ədəbi diskussiyalar keçirir. Xarici əlaqələrin qurulmasına kömək edir. Avropanın, Amerikanın bənzər təşkilatları ilə əməkdaşlıq çərçivəsində yazıçılara səfər təqaüdləri verir. Onları dünyanın bir çox yerindəki yaradıcılıq evlərinə göndərir. Müsabiqə yolu ilə yazıçılara qrand şəklində müxtəlif müddətə yaradıcılıq ezamiyyəti verir. Çətindi o qrantı udmaq. Burada prezident təqaüdü, ev verilməsi, yaxud başqa şəkildə dövlət yardımı yoxdu.
– Birliyin üzvləri bizdəki kimi çoxdurmu? Təxminən, nə qədərdir?
– Birlik yazıçıların üzvlük haqları, ianələr hesabına yaşayır. Tək İsveç Yazıçılar Birliyinin üç min üzvü var. 1700 kron, 200 ABŞ dollarıdı illik üzvlük haqqı.
– Bildiyimiz kimi, siz Elçibəy hakimiyyəti dövründə Prezident Aparatında işləmisiniz. Vəzifəniz nə idi?
– Əvvəl "Azərbaycan" qəzetində işlədim. 1993-cü ilin martından dövlət müşavirinin köməkçisi oldum. Ərazi idarəetmə xidməti üzrə. Bir ay da, daha dəqiqi, 23 iyul Ağdamın işğalınadək indiki hakimiyyət dövründə işə gedib-gəldim. Bəli, buna iş demək olmur, gedib-gəlmək idi.
– Onda kim idi dövlət müşaviri?
– Əvvəl Arif Hacıyev, sonra Arif Rəhimzadə.
– Vahid bəy, xaricdə yaşayan soydaşlarımızın əksəriyyəti sosial şəbəkələrdə fəaldırlar. Sanki hər gün mütləq nəsə yazmalıdırlar. Sizcə, nə ilə bağlıdır bu? Darıxırlar? Öz vətənini qəbul eləmirsən, bəyənmirsən, özünə başqa bir vətən seçmisən, bəs niyə arzuladığın o cəmiyyətdə rahat yaşaya bilmirsən?
– Düzü, xaricdə yaşayanların əksəri fəaldı fikrini qəbul etmirəm. Sizə fəal kimi görünənlər 3-5 faiz ola-olmaya. Böyük əksəriyyət görünmür. Mən onların da fəal olmasını arzulayardım. Bu fəallığı isə vətənə sevgiyə bağlayardım. Təki fəal olsunlar. Xaricdə yaşamaq hələ buranı vətən seçmək deyil. Burda darıxan, belə bir təhər çıxmasın, çərləyən nə qədər adam var. Onlar vicdanlı adamdılar, vətənlə yaşayandılar. Amma xaricə gedəndən sonra öz vətənini bəyənməyən, unudan, danan adamlar da az deyil. Onlar haqda danışmaq belə istəmirsən.
– Deyə bilərsinizmi, biz bir xalq olaraq nə üçün Avropa xalqlarından geri qalmışıq? Sizcə, onların inkişafının əsasında nə dayanır? Dinmi, demokratiyamı, genetik kodlarmı? Bu barədə düşüncələriniz maraqlıdır...
– “Yarımçıqlıq mərəzi” adlı yazıda buna qismən toxunmuşam. Yazmışdım ki, problem nədədi? Uşaqlıqdan aldığımız tərbiyədəmi? Bəlkə nağıllarımızda, dinimizdə, 9 qurşaq iqlimdədi? Evdə atamızın zəhmində, çöldə “el-oba nə deyər” basqısındadı? Açığı, bilmirəm! Əsrlərdi “Ayağını yorğanına görə uzat” deyirik. Niyə “Yorğanı ayağına görə sırı!” demirik? Gözümüzü açandan “Boyundan hündürə tullanma!” eşidirik. Niyə “boyundan hündürə” tullanmağı qarşımıza hədəf qoymuruq? Uşaqlara “məndən daha təhsilli, istedadlı, işlək, kreativ, pullu, imkanlı, gözüaçıq, cəsarətli olmalısan” deyib onları əsl daşlı-kəsəkli həyat yoluna hazırlaya bilmirik!
Avropada tənqid, özünütənqid var. Problemin üstünə getmək var. Stereotiplərə qarşı duruş var. Avropada yıxılan uşağı valideyn qaldırmır, gözləyir özü qalxa. İki dünya müharibəsini uduzub alman xalqı. Almaniya yerlə yeksan olub, 100 min qadını zorlanıb - xalq dəhşətli travma yaşayıb, amma baxın, bu gün dünyanın 3 ölkəsindən biridi.
Avropalılar, xüsusən də şimali və qərbi avropalılar, insanın bacarıq və imkanlarına daha çox inanırlar, nəinki taleyə. Keçmişə yox, gələcəyə daha çox bağlıdılar. Gələcəyə güclü istiqamətlənmə ictimai şüurda ciddi dəyişikliyə səbəb oldu. Avropalı keçmişlə yox, sabahla yaşayır. “Mən sabah istifadə etməyim üçün bu gün bir çox şeylərdən məhrum olmağa hazıram”, budur avropalının devizi. Sabah yaxşı pensiya alsın, qocalanda sığortası olsun deyə, bu gün həvəslə yüksək vergi ödəyir. Bizsə sabaha ümidsiz baxırıq.
– Düşünürük ki, soğan olsun, nağd olsun...
– Bəli... İndi və bu saat. Vikinq babalarıyla fəxr edib sinəsinə döyən isveçli görməmişəm! Burada hasarlar – hər mənada hasardan danışıram – sökülür. Qonşu qonşusuyla arasına sərhədi gül kolları ilə çəkir. Bizdə isə nüfuz hasarın hündürlüyü ilə ölçülür. Azərbaycanda mənzillərə qoyulan seyf qapılar, pəncərə və eyvanlara vurulan dəmir “barmaqlıqlar”, həyətlərə çəkilən daş hasarlar, məzarları dövrələyən cağlarla Avropada babat bir şəhər salmaq olar. Biz tək evimizi yox, özümüzü də, fikir və arzularımızı da hasarlayırıq. Biz sanki, özümüz üçün yox, başqası üçün, qonşu, qohum-əqraba, bizi əhatə edən mühit üçün yaşayırıq. Avropalı isə heç evinə pərdə də almır pəncərəyə tutmağa, fikirləşir ki, nəyi gizlədəcəm?
Bir güneyli soydaşımız danışırdı ki, təzə gələndə Göteborqda pərdə dükanı açıb, bütün puluna Türkiyədən pərdə vurub gətirib. Bankrot olub. İsveçli bahalı pərdəyə pulmu verər! Avropa xalqları inkişafı tormozlayan mexanizmləri dəyişiblər. İki tormozlayıcı amil var – din və mütləq hakimiyyət. Hər ikisini həll ediblər. Dinin inkvizisiyasından, mütləq hakimiyyətlərin bais olduğu dünya müharibələrindən keçib, bu günkü rifah cəmiyyəti qurublar. Biz isə bunun heç birini həll etməmişik.
– Maraqlıdır, Avropada da milli-mənəvi dəyərlər sanki, silahla mühafizə olunur? Orda da keçmişə, dəyərlərə toxunmaq olmaz?
– Nədi bu milli mənəvi dəyər? Bunu kim müəyyənləşdirir? Nəyin dəyər kimi qorunmalı, nəyin dəyərsiz adət təki atılmalı olduğunu kim müəyyən edir? Hansısa dövlət məmurumu? Ştatlı dəyər ekspertlərimi? Siyasi-sosial başqatma kimi gündəmə gətiriləndən, populist propoqanda şüarına çevriləndən bu günədək MMD-nin nə olduğunu anlamağa çalışıram. Niyə bərkə düşəndə yapışırıq bundan?
Avropada milli-mənəvi dəyər elə insanın özüdü. İnsanın hamının hörmət etməyə borclu olduğu ləyaqət hissidi. Sənin ləyaqətini heç kim tapdaya bilməz. Nə ölkəni idarə edənlər, nə də dünyanı satın ala biləsi varlı oliqarx. Hamı qanun və "milli-mənəvi dəyər” qarşısında bərabərdi. Avropa “milli-mənəvi dəyərləri” insan hüquqları amalını, prinsiplərini öz üzərində formalaşdırıb. Onlar insan ləyaqətini çoxəsrlik müharibələrdən, despot rejimlərdən sonra "milli-mənəvi dəyər” yüksəkliyinə qaldırıblar.
– İsveçdə insanlar kütləvi şəkildə kitab oxuyurmu?
– İsveçdə kitaba münasibəti anlamaq üçün ildə bir dəfə Göteborqda keçirilən beynəlxalq kitab sərgisinə getmək kifayətdi. Bu sərginin ziyarətçiləri 5 mindən 100 minədək artıb. Elə adam var ki, illik kitab tədarükünü burda tutur. Qiymətlər ucuz olur deyə.
Bir dəfə bir yazıda oxudum ki, kitabxanalara gələnlərin sayı son ildə bir milyon azalıb. Ötən illə müqayisədə İsveç kitabxanalarını ziyarət edənlərin sayı 67 milyondan 66 milyona düşüb. Azalmanın səbəbi adamların mütaliəyə marağının zəifləməsi deyil, bələdiyyələrin büdcə çatışmazlığından 22 kənd kitabxanasını bağlaması idi.
– Yəni orada yazıçı öz kitablarının satışı ilə qazandığı pulla dolana bilir...
– İsveçdə yazıçılıq sosial-ictimai anlamda çox yüksək statusdu. Yazıçı nüfuzu bizim sovet dönəmindəki kimidi desəm, şişirtmərəm. TV-lərə baxırsan, hər verilişə yazıçı dəvət edirlər, bizdəki kimi şou adamlarını yox. Populyar yazıçı kitabları hesabına dolanar. Hər yazıçı yazı janrına görə həm də ekspertdi. Araşdırmaçı-yazıçı, tarixçi-yazıçı, kriminalist-yazıçı, kulinar-yazıçı və s. Yəni yazıçının həm də konkret peşəsi var. Ekspert kimi də yüksək qonorar alır. Kitab satışından kənar qazanc yeri də var. Dediyim odu ki, yazıçı dolanışıqdan gileylənmir.
– Vahid bəy, siz bir qələm adamısınız, yazıçısınız. Təkcə öz ölkəmizi tanımırsınız, başqa ölkələrdə də olmusunuz, gəzmisiniz, bilirsiniz. Maraqlıdır, sizə görə bizi inkişaf eləməyə qoymayan, Avropa dövlətləri ilə eyni səviyyədə addımlamağa imkan verməyən hansı adətlərimiz var? Avropada adət-ənənə yoxdur, ancaq hüquq sistemmimi var?
– Avropada əsas hüquq sistemidi. Bu sistem bir gündə yaranmayıb. Əsrlər boyu formalaşıb. Adət-ənənələr nəzərə alınaraq formalaşıb. Həmin adət-ənənələr də o hüquq sistemiylə zaman-zaman dəyişib, müasirləşib. Bizim isə bu boşluqları adət-ənənə deyimiz qaydalar doldurur. Həddi-buluğa çatmayan qızların ərə verilməsi bunun nəticəsidi. Rüşvətə hörmət, bəxşiş kimi baxmaq da bundan qaynaqlanır.
İnkişaf azadlıqdadı. İnsan azadlığına üfüqlər açan adət-ənənən varsa, buyur, qoru, saxla. Əksindən imtina etməlisən. Mütiliyə, qorxaqlığa, yaltaqlığa rəvac verən adət-ənənəyə qarşı çıxacaqsan. Etiraz edib qabağa duracaqsan. Nümunə göstərəcəksən.
– Bizdə atalar sözü və məsəllər var: “Qız yükü duz yükü”, “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”, "Qızını döyməyən dizini döyər" və s. Sizcə, bu ifadələrdə qadın aşağılanırmı? Yenə də soruşmaq istəyirəm, Qərbdə belə atalar sözləri varmı?
– Qərb dediyimiz yerdə inkvizasiya zamanı 5 milyon qadın tonqalda yandırılıb. “Əcinnə ovu”nda qadınları tuturdular. 100 illiyinə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyəti seçki hüququ qarışıq bir çox hüququ qadına əksər Avropa ölkəsindən əvvəl verib. Amma nə olsun! Bu gün azyaşlı qızlar ərə verilir bizdə. Bircənin “Cəhənnəmdən keçmiş mələk” romanını oxuyun. Son yazım o kitab haqdadı.
Son 50 ildə İsveçdə cinslərin rolu köklü surətdə dəyişib. Dünyanın heç bir yerində İsveç qədər işlə təmin olunmuş qadın yoxdu. Burada cinsi bərabərlik qanunla qorunur. Təşkilatlar maliyyə, vergi hesabatları ilə yanaşı cinsi tarazlığın qorunması ilə bağlı hesabat da verirlər. İş, maliyyə azadlığı qadının özünəgüvənlik verir. İsveçdə qadın keşişlərə də rast gəlmək olar, başqa ölkələrdə bu, ağıla belə gəlməz. Tənha analar olduğu kimi uşağa özü baxan “tənha atalar” da var, analıq məzuniyyəti kimi atalıq məzuniyyəti də var. Uşaq xəstələnəndə, yanında bir gün ana qaldığı kimi, atanın da qalmaq hüququ var.
Bir qadının bir kişinin evinə getməsi, yaxud kişini rəqsə dəvət eləməsi hələ qadının onunla seksual yaxınlıq anlamına gəlmir. Burada seksual portnyor seçimi daha çox qadına aiddir, seçimi o edir. İndi özünüz fikirləşin, burda belə atalar sözü olarmı?
– Siz də o fikirdəsiniz ki, qadına nə qədər qadağa qoyularsa, azadlığı nə qədər məhdudlaşdırılarsa, o qədər əxlaqsızlaşar? Yəqin bilirsiniz ki, minillər öncə "Min bir gecə" kitabı da bu fikri təsdiqləyir.
– “Min bir gecə” kitabı ərəb, bir qədər də fars kültürünün məhsuludu. Ərəbin qadına münasibətini hamı bilir. Deyirlər, müqəddəs “Quran”da qadına çoxsaylı hüquq verilib. Necə verilib ki, dünyanın ən hüquqsuz qadını müsəlman qadınlardı. Şəriət qaydaları ilə yaşayan Səudiyyə Ərəbistanında qadına maşın sürməyə o gün icazə verdilər. Qadın, ya kişi fərq etməz, hələ heç bir ictimai quruluş qadağalarla əxlaq yaratmayıb. Əxlaq yalnız azadlıq olan yerdə dəyərə çevrilir.
– Azərbaycanda Avropa, Finladniya, İsveç və başqa ölkələrin adı gələndə deyirlər ki, orda kişi kişi ilə evlənir, əxlaq yoxdur və s. Avropa haqqında nə üçün Azərbaycan xalqında belə bir fikir formalaşıb?
– Hər xalqın öz əxlaq meyarı var. Bizim əxlaq dünyagörüşümüz qadın namusu üstündə formalaşıb. Ona görə ağlımıza ilk bu gəlir. Oğurluğa, rüşvətə, zəifin haqqın yeməyə əxlaqsızlıq kimi baxan cəmiyyətlər də var. Bizdə isə bu, az qala qabiliyyət, xüsusi bacarıq sayılır.
– Sizin İsveç mətbuatında yazılarınız çap olunurmu?
– İsveçin rusdilli mətbuatında olunub, isveçdilli qəzet-saytlarında yox. Bu, asan deyil. Bu yaşdan sonra yeni dildə mətbuata çıxarılası səviyyədə yazı yazmaq çətindi. Amma bəzi yazılar, məsələn, "Oginskinin melodiyası" hekayəm tərcümə olunub, dərc etdirməyi düşünürəm. “Çöl Qala” romanının tərcüməsi bitmək üzrədi. Onu “Kirayəşinlər” adı ilə nəşr etməyi planlayırıq. Tərcüməçi nəşriyyatlarla danışıqlara başlayıb.