12 Fevral 2018 10:38
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində “süd qasırğası” deyilən prosesin baş verməsi adi haldır.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, Xəzər dənizində bu proses küləyin təsirindən çox tez-tez baş verir:

“Külək dənizin dibini qarışdırır. Nəticədə alt sular, dənizin dibindəki çöküntülər, qumsallıqar küləyin təsirindən suyun üzərinə qalxır”.

R.Məmmədov qeyd edib ki, “süd qasırğası” dəniz florasına heç bir ziyan vermir:

“Bu proses balıqlar üçün daha xeyirlidir. Çünki dib çöküntülərində qida maddələri də olur. Onlar da yuxarı qalxanda balıqlar onu yeyirlər”.

Qeyd edək ki, NASA aerokosmik agentliyi Xəzər dənizində "süd qasırğası" adlandırılan anomal prosesin görüntüsünü yayıb.

Foto yanvarın 9-da "Terra" kosmik aparatından MODIS spektroradiometri ilə çəkilib.

Məlumata əsasən, külək dənizin suyunu qarışdırır və suyun dibindəki çöküntüləri yuxarı qaldırır. Nəticədə dənizin bir hissəsində süd rəngli çalar əmələ gəlir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər