13 Fevral 2018 11:26
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsgəndər”, “əsgər”, “əsginas”, “işgəncə” sözlərinin yazılışı ilə bağlı irəli sürülən təkliflərdə ciddi bir prinsip əsas götürülməyib.

Bunu Azərbaycan Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib.

O xatırladıb ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində müəyyən dəyişikliklər öz əksini tapıb: “Layihənin 22-ci maddəsində yazılır: “Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s. Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir”. Göründüyü kimi bu sözlərin yazılışında mənbə dil əsas götürülüb. Birincisi, “əsgər”, “əsginas”, “İsgəndər”, “işgəncə” sözləri incə saitlər silsiləsi əsasında formalaşan sözlərdir və Azərbaycan dilinin fonetik qaydalarına əsasən incə sait silsiləli sözlərin orta hecalarında bir qayda olaraq cingiltili samitlər işlənilir. Belə sözlərin ortasında kar samitin işlənməsi dilin təbii axıcılığını pozur, tələffüzdə çətinlik yaradır. Əgər biz həmin hərfi [g] kimi tələffüz edəcəyiksə, onu [k] kimi yazmağın məntiqi səbəbi yoxdur. Bununla yanaşı indiyə kimi bu sözlərin yazılışında fonetik prinsip əsas götürülüb və dildə bu şəkildə sabitləşib. Yenidən mənbə dildə bu söz belə yazılır prinsipi özünü doğrultmur və dildə yeni mübahisələrin yaranmasına səbəb olur. Onda mənbə dilə istinad etməklə yüzlərlə sözə yeni qayda hazırlanmalıdır”.

S.Sadıqova qeyd edib ki, vaxtilə alınma sözlər mənbə dildən fərqli olaraq "adəm-adam", "övrət-arvad", "cəmal-camal", "kəmal-kamal", "maşina-maşın", "vyodra-vedrə" şəklində dilimizin qaydalarına uyğunlaşdırılıb: “Bu sözlərin yazılışı ilə bağlı indiyə kimi fikir ayrılığı olmayıb və sabit bir qaydada yazılması qəbul olunub. Çünki sözün tələffüz qaydalarına uyğun olaraq, fonetik prinsipdən çıxış etsək bu sözlər - “əsgər”, “əsginas”, “İsgəndər”, “işgəncə” formasında yazılmalıdır. Bir də onu nəzərə almaq lazımdır ki, elə qaydalar var ki, dildə artıq sabitləşib və bu sözlərin yazılışı da norma kimi qəbul olunub. Bu sözlərin yazılışı ilə bağlı irəli sürülən təkliflərdə ciddi bir prinsip əsas götürülməyib. Əlbəttə, bu layihədir, müzakirə olunur və təkliflərdə qəbul olunmalıdır”./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər