8 Mart 2018 21:57
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

6 mart, səhər saat 06:30.

Gəncəyə doğru yola düşən avtobusda Azərbaycanın tanınmış alimləri, Təhsil Nazirliyinin əməkdaşları, 30 xarici tələbə, jurnalistlər yerlərini tutmuşdu.

Məqsəd Azərbaycan Cümhuriyyətinin ilk paytaxtında professor Solmaz Tohidinin “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu” mövzusundakı mühazirəsini dinləmək, Bakıda təhsil alan xarici tələbələrə tariximizi tanıtmaq idi.

Təhsil Nazirliyi bir neçə ildir ki, müxtəlif mövzular ətrafında “Novruz mühazirələri” təşkil edir. Ötən həftə 31 mart soyqırımı ilə bağlı xarici tələbələr Şamaxı şəhərinə aparıldı, tarixi Cümə məscidi, Şamaxı soyqırımı abidəsi ziyarət edildi, professor Anar İsgəndərlinin mühazirəsi dinlənildi.
Bu dəfə isə məqsəd Cümhuriyyətin elan edilməsinin yüz illiyi ilə bağlı tariximizin xarici tələbələrə öyrədilməsi idi.

***

Xoyskinin anasının məktubu

... Səfər heyəti arasında tarixçi Nəsiman Yaqublunu görüb sevindim. Sovet İttifaqının dağılmağa başladığı ilk günlərdən Azərbaycan Cümhuriyyəti, Məhəmmədəmin Rəsulzadə ilə bağlı tədqiqatlar aparan Nəsiman bəy aradan ötən 30 il ərzində 10-dan çox dəyərli kitab yazıb. Bu gün də eyni həvəslə yeni kitablar üzərində çalışır, yüz illiyə töhfə verməyə hazırlaşır.

Ona görə də yeni kitablarındakı nadir bilgiləri öyrənmək üçün səbirsizlənirəm. Səhər yeməyini fürsət bilib ayaqüstü söhbət edirik. Nəsiman bəy Cümhuriyyətin qurucuları haqqında geniş kitab üzərində çalışdığını, milli azadlıq hərəkatı ilə bağlı ensiklopediya hazırladığını bildirir. Kitabında Tiflisdə qətlə yetirilən Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin anasının Nəriman Nərimanova yazdığı məktubun mətnini verdiyini bildirir, həmin məktubu bizə oxuyur. Məktubda kədərli ana bir oğlunun öldürülməsi, digərindən xəbər ala bilməməsi, kiçiyinin isə həyatının təhlükədə olması ilə bağlı yeni hökumətin başçısına giley-güzar edir.

Nəsiman bəy müstəqil Azərbaycanda Rəsulzadə haqqında yazılan ilk kitabın müəllifidir. Bizim səfər tariximiz də böyük şəxsiyyətin vəfatının 63-cü ildönümünə təsadüf etmişdi...

Rusiyada Şəmkir davası

Heyətdə professor Solmaz Tohidinin olması çoxlu sualların olması demək idi. Solmaz xanım yolboyu tariximizlə bağlı müxtəlif sualları cavablandırdı, bu yaxınlarda Rusiyada əleyhimizə aparılan kampaniyaya yetərli cavab verdiyini bildirdi. Belə ki, məşhur Şəmkir hadisəsinin (rus ordusunun məhv edilməsi) yüz illiyi ilə bağlı Rusiyada əleyhimizə keçirilən tədbirə gedərək oradakı alimlərə sərt cavab verdiyini, hadisəni olduğu kimi çatdırdığını qeyd etdi.

Professor Solmaz xanım əsasən azərbaycanlıların başına gələn soyqırımı hadisələri ilə bağlı tədqiqat aparır. Hazırda isə Üzeyir Hacıbəyli ilə bağlı bütün arxiv sənədlərini topladığını, 4 cildlik bir tədqiqat əsəri təqdim edəcəyini bildirdi.

Tarixi binada mühazirə

Yolboyu dəyərli aktyor Nurəddin Mehdixanlı, jurnalistlər Elçin Mirzəbəyli, Jalə Mütəllimova, Aygün Əziz, Əli Rais və digərləri ilə maraqlı mövzular ətrafında söhbət edə-edə Gəncə şəhərinə çatdıq. Axırıncı dəfə 7 il öncə bu şəhərdə olduğum üçün necə dəyişildiyini görüb heyrət etdim. Hündür binalar, iri ticarət mərkəzləri, tarixi binaların bərpa edilməsi ilk nəzərə çarpan işlər idi.

Solmaz xanımın mühazirəsi Azərbaycan Dövlət Aqrar Universitetinin yerləşdiyi tarixi binada olacaqdı. Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçdüyü zaman iclaslarını bu binada keçirmişdi. Binanın qapısından girən kimi Cümhuriyyətlə bağlı materiallarla qarşılaşdıq. Divara Cümhuriyyət liderlərinin təsviri həkk olunmuş, Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın Gəncədəki fotoları, eləcə də tarixi xəritə asılmış, kitablar sərgilənmişdi.

Universitetin əməkdaşı xarici tələbələrə Cümhuriyyətlə bağlı bilgi verdikdən sonra mühazirə dinlənildi. Solmaz xanım Axundovdan başlayan millətləşmə prosesini geniş şəkildə bizlərə çatdırdı.

30 manatın sevinci

Daha sonra Aqrar Universitetin yeni tikilən korpusu ilə tanış olduq. Universitetin tələbə evi o qədər möhtəşəm idi ki, Bakıda oxuyan xarici tələbələr yarızarafat, yarıciddi təhsillərinə Gəncədə davam etdirəcəklərinə qərar verdilər. Xüsusən, üç ulduzlu hotelə bənzəyən tələbə evində aylıq ödənişin 30 manat olduğunu eşidən afrikalı tələbələrin gözləri parıldayırdı.
Mühazirədən sonra Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında konsert dinlədik, Cavad xan türbəsini, Şah Abbas məscidini ziyarət etdik, “Çökək hamamı” və Gəncə Dövlət Filarmoniyası ilə tanış olduq.

Cavad xanın türbəsi

Bayraqları bürc üstündə qurdular,
Qoca, uşaq hamısını qırdılar.
O zaman ki, Cavad xanı vurdular,
Sanasan qırıldı beli Gəncənin.

Cavad xan. Azərbaycan tarixində ruslara qarşı ölüm-dirim mübarizəsi aparmış qəhrəman. Qisasını qiyamətə saxlamadığımız nadir şəxsiyyət. Ruslar Gəncəni aldıqdan sonra onun xanını da, adını da unutdurmağa çalışsalar da, buna heç vaxt nail ola bilmədilər.

Cavad xanın türbəsinin qarşısında bizim üçün ayrılmış bələdçi xanın ruslara qarşı mübarizəsindən danışdı. Qulaq asdıqca Rəsulzadənin Cavad xan haqqındakı qeydi yadıma düşdü: “Cavad xan Gəncəni knyaz Sisianova qarşı müdafiə edən qəhrəmandır. Bu qəhrəman kəndisinə dəfələrlə təkrar olunan təslim təklifini kəmali-cəsarətlə rədd edərək, son nəfəsinə qədər müdafiə eyləmiş və qala topu üzərinə oturduğu halda parça-parça edilincəyə qədər düşmənlə vuruşmuşdur”.

Təsadüfi deyil ki, 1920-ci ildə ruslara qarşı baş verən üsyan da Cavad xanın Gəncəsində baş verdi. Bu üsyanda Gəncənin yarıdan çoxu həlak oldu, amma şəhər şərəfini qorudu.
Əlbəttə, şəhərlərin də şərəfi olur...

***

Heyətimizdə Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Çin, Mozambik, Fələstin, Suriya və digər ölkələrdən olan tələbələr vardı. Yolboyu onlar həm öz ölkələrinin, həm də Azərbaycanın sənətçilərinə aid mahnılar oxudular. Xüsusən, afrikalı tələbələrin “Sarı gəlin”i ifa etmələri möhtəşəm idi.

Bu səfər mənim üçün xoş xatirələrlə yadda qaldı. Cümhuriyyətin yüzüncü ildönümündə ilk paytaxtı maraqlı bir heyətlə ziyarət etmək çox xoş idi. Ona görə də Təhsil Nazirliyinə, xüsusən də, mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova təşəkkür edirəm.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər