13 Mart 2018 15:39
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində evlər söküləcək.

Bunu Teleqraf.com-a açıqlamasında Yasamal rayonunun memarı Eyvaz Bağırov deyib.

Onun sözlərinə görə, həmin küçə genişləndirilir: “Yol çox dar olduğu üçün təmir işləri aparılır. Genişlənən ərazidə evlərin sökülməsi zəruruidir. Sakinlərin razılığı ilə evlər həmin hissədən köçürüləcək. Hazırda söküləcək evlərin ünvanları müyyənləşdirilib. Yolun layihəsindən asılı olaraq 24 evin sökülməsi planlaşdırılıb.

Bu yolda problem vardı. Şəhərdən “Binə, Sədərək ticarət mərkəzlərinə gediş-gəliş çətinləşmişdi. Əziz Əzizov Yasamalın icra başçısı təyin olduqdan sonra ilk olaraq bu məsələni qaldırdı və lazımi addımlar atıldı”.

Eyvaz Bağırov qeyd edib ki, Əsəd Əhmədov küçəsində 4 zolaqlı hərəkət olacaq: “Yolun ətrafında abadlıq işləri də aparılacaq. Bir çox obyektin qarşısındakı artırmalar sökülərək, səki salınacaq”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Əsəd Əhmədov küçəsi uzun müddət əsaslı təmir olunmadan istismar edildiyi üçün yolun hərəkət hissəsi deformasiyaya uğrayıb: “Qabarmalar, çökmələr və çatlar əmələ gəlib. Küçənin ensiz olması və piyadalar üçün bəzi hissələrdə səkilərin yoxluğu, olanların da dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranıb.

Uzunluğu 1.5 km, eni isə 7-8 metr olan küçədə hazırda yenidənqurma işləri aparılır. Küçənin eni 14 metrə qədər genişləndirilir”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər