27 Mart 2018 09:52
3 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com AMEA Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Əhməd Hacıyevlə müsahibəni təqdim edir.

- Əhməd müəllim, öncə Azərbaycanda fiziologiyanın sistemli elm kimi öyrənilməsi tarixinə nəzər salmağınızı istərdik.

- Ötən il AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun yaranmasının 50 illiyi münasibəti ilə böyük bir tədbir – Azərbaycan fizioloqlarının 5-ci qurultayı keçirildi. Müxtəlif xarici ölkələrdən qonaqlarımız oldu.

Respublikada fiziologiya və tibbi-bioloji elmlərin inkişafına töhfələr vermiş bu elmi-tədqiqat institutu Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Fiziologiya sektorunun bazasında 1 mart 1968-ci ildə yaradılıb.

Burda bir balaca haşiyə çıxıb qeyd edim ki, 1919-ci ildə indiki Bakı Dövlət Universiteti yaradılanda onun iki fakültəsindən biri tibb fakültəsiydi, onun dekanı həm də bu ali təhsil müəssisəsinin rektoru olan Vasili Razumovski idi. Həmin fakültədə ilk fiziologiya kafedrası yaradıldı. Bu kafedrada fiziologiya sahəsində milli kadrların hazırlanması və sonradan onların köməyi ilə digər ali məktəblərdə müvafiq kafedraların fəaliyyəti baş tutdu.

Fiziologiya İnstitutu onun yaradılmasında böyük əməyi və ilk direktoru olmuş akademik Abdulla Qarayevin adını daşıyır.

Fəaliyyətinin ilk günlərindən institutda aktual tibbi-bioloji problemlərin həllinə yönəldilmiş fundamental tədqiqatlarla yanaşı ölkə iqtisadiyyatının inkişafının qarşıya qoyduğu tələblərə cavab verən və yerli resurslara söykənən tətbiqi xarakterli işlər aparılıb.

Naftalan neftinin və bir sıra müalicəvi suların insan orqanizminə təsirinin fizioloji və kliniki aspektlərinin öyrənilməsi üzrə aparılan tədqiqatlar Azərbaycanın kurort və balneoloji resurslarının elmi əsaslarla istifadəsi və inkişafına təkan verib. Azərbaycan EA-nın Fizika institutu və Səhiyyə Nazirliyinin Elmi-tədqiqat oftalmologiya institutu ilə birgə aparılan selenin torlu qişanın reseptor funksiyasında rolunun öyrənilməsi üzrə tədqiqatlar Respublikanın Dövlət Mükafatı ilə qiymətləndirilib.

İnstitutda akademik Zərifə Əliyevanın rəhbərlik etdiyi “Göz xəstəliklərinin professional patologiyası” laboratoriyasında peşə-göz xəstəlikləri müalicəsinin yeni üsulları kəşf edilib.

Hazırda İnstitutda 170 əməkdaş, o cümlədən 99 elmi işçi, 2 AMEA-nın müxbir üzvü, 12 elmlər doktoru, 38 fəlsəfə doktoru çalışır.

Fiziologiya İnstitutunun yaranma tarixi 1968-ci il götürülsə də, əvvəllər EA Zoologiya İnstitutunun tərkibində fiziologiya şöbəsi açılıb. Şöbə bir müddət də EA-nın tərkibində bir sektor kimi fəaliyyət göstərib.

İnstitutda Abdulla Qarayevin rəhbərliyi ilə aparılmış ali sinir fəaliyyətinin, sensor sistemlərin, visteral orqanların fiziologiyasi sahəsində tədqiqatlar pioner tədqiqatlar hesab olunurdu. Abdulla Qarayevin vaxtsız vəfatından sonra institutun rəhbəri onun tələbəsi Hüseyn Həsənov oldu. Akademik Həsənovun rəhbərliyi altında ali sinir fəaliyyəti ilə bağlı tədqiqatlar geniş vüsət aldı.

YADDAŞIN TƏBİƏTİ QARANLIQDIR

- Bir az konkretləşdirsək, tutalım, Azərbaycan alimlərinin ali sinir fəaliyyətiylə bağlı hansı uğurları vardı?

- Qeyd elədiyim dövr əsasən 70-ci illərin sonu 80-ci illərin əvvəllərinə təsadüf edir. Həmin dövrdə sovet məkanında SSRİ EA-nın Neyrofiziologiya və Ali Sinir Fəaliyyəti İnstitutu, akademik P.K.Anoxinin rəhbərlik etdiyi Normal fiziologiya İnstitutu bu sahədə geniş tədqiqatlar aparırdı. Bizim institut da o zaman beyin tədqiqatları üzrə aparıcı elmi müəssisə kimi tanınırdı. Bir faktı qeyd eləsəm, zənnimcə, vəziyyəti doğru izah edə bilərəm. 1983-cü ildə İ.P.Pavlov adına Ümumittifaq Fizioloqlar Cəmiyyətinin 14-cü qurultayının 4 namizəd respublika paytaxtları arasında məhz Bakı şəhərində keçirilməsi qərara alınmışdı. Bu qurultayda bütün İttifaq respublikalarından 2000-dən çox alimin, o cümlədən dünyada tanınmış fizioloqların, SSRİ EA rəhbərliyinin və hökumət nümayəndələrinin iştirakı Azərbaycan alimlərinin fiziologiya elmində uğurlarının tanınması idi.

Həmin qurultayda müzakirə olunan məsələlərin indi xırdalığına gedə bilmərik. Amma qurultay yaddaş, davranış sahəsində fizioloji, molekulyar-bioloji səviyyədə elmi nailiyyətlərə həsr olunmuşdu.

- Yeri gəlmişkən, yaddaş fenomeni haqda bir fizioloq alim kimi nə deyərdiz?

- Bu, mürəkkəb bir prosesdir. Ona fiziologiya elmində beynin inteqrativ fəaliyyəti deyirlər. Davranış da həmçinin inteqrativ proseslərə aid olunur. Əlbəttə, yaddaşın təbiəti tam açılmayıb. Qısa müddətli yaddaş, uzun müddətli yaddaş və onların biri-birinə keçidi hələ öyrənilir. Hadisələr, məlumatlar beynin hüceyrələri olan neyron şəbəkələrinə həkk olunur.

Əvvəllər alimlər düşünürdü ki, bu proses yalnız beyində sintez olunan zülallarla bağlıdır, sonra fərziyyə irəli sürüldü ki, bu, irsiyyət molekulu olan DNT ilə əlaqədardır. Amma hazırda alimlərin diqqəti informasiyaların neyron şəbəkələrində saxlanması üzərinə yönəlib və bu istiqamətdə iş aparılır. Hadisələrin, informasiyaların yaddaşda uzun müddət qalmasında zülalların sintezi böyük rol oynayır.

- Belə bir fikir var ki, insan yaranandan üzü bəri bütün hadisələr genetik səviyyədə qorunub saxlanır. O cümlədən hərəkətlər, vərdişlər və sair... Bunları yaddaş hadisəsi saymaq olarmı?

- Suala cavab vermək asan deyil. İrsiyyət məsələsi yaddaşda özünü göstərir. Məsələn, şərtsiz refleksləri bura aid etmək olar. Həm insanlar, həm də heyvanlar irsən ötürülən xüsusiyyətləri özlərində qoruyub saxlayırlar. Aydın məsələdir ki, insan yaşadıqca ətraf mühitdən gələn informasiyalar sensor sistemlər vasitəsilə yaddaşa daxil olur və bu da ora yazılır.

Elm yaddaşın iki növünü öyrənir – qısa müddətli və uzun müddətli yaddaş. Onların mexanizmi bir-birindən fərqlənir. Qısa müddətli yaddaşın mexanizmləri belədir ki, hiss üzvlərimizlə alınan informasiyalar ilk növbədə neyronların bioelektrik fəallığı səviyyəsində yazılıb saxlanılır. Sonra beyində baş verən inteqrativ proseslər nəticəsində onlar uzun müddətli yaddaşa keçməklə müxtəlif vasitələrlə, məsələn, zülallarla yaddaşa yazılır. Müəyyən məqamlarda – həmin hadisə lazım olanda, yaxud assosiasiyalar zamanı beynimiz onu bizə təqdim edir.

- Deyirlər, unutmaq adlı bir şey yoxdur, yaddaşa nə yazıldısa qalır. Yəni yaddaşda yazıya pozu olmur...

- Bəli. Amma məlumatların yaddaş anbarından çıxarılma şərtləri var. Məsələn, bir hadisəni yadımıza salmaq üçün beynimizi gərginləşdiririk ki, onu bütün detalları ilə tapaq, görək nə baş verib... Bəzən bu alınmır. Yalnız hansısa assosiativ hadisə olanda baş vermiş olay yaddaşımızın dərin qatlarından üzə çıxır.

CAN NƏ OLAN ŞEYDİR?..

- Fiziologiya özü canlı varlıq haqda elmdir. Bəs can özü nədir?

- Bizim fiziki bədənimiz var və o, canlıdır. Daim dəyişir, yaşayır, ətraf mühitlə mübadilədə olur, enerji alır, qocalır... Fridrix Engels canlı həyatı zülal maddələrinin çevrilmələri ilə izah edirdi. Bütün canlılar irsi xüsusiyyətlərini DNT-də saxlayır. Canlı orqanizm müəyyən quruluşda, nizamda olmalıdır ki, onun ayrı-ayrı üzvləri öz funksiyalarını icra edə bilsin. Canlı orqanizmin idarə olunması isə beyin vasitəsiylə, mərkəzi sinir sistemiylə həyata keçirilir. Ən vacib məqam odur ki, canlı varlıq ətraf mühitlə daim əlaqədədir – həm enerji, həm də informasiya mübadiləsi edir, nəfəs alıb-verir...

Şüur özü də beyin hadisəsidir. Sübut olunub ki, nəinki neyronların, bütün hüceyrələrin yaddaşı var. O yaddaş bayaq qeyd elədiyim beyin yaddaşı kimi inteqrativ deyil, amma informasiyaları yadında saxlayır.

- Maraqlıdır, yaddaş hüceyrənin nəyinə lazımdır?

- Götürək əzələ hüceyrəsini. Onun funksiyası gərginlik və hərəkət yaratmaqdır. Bu baxımdan həmin hüceyrə ona verilmiş yükü yadında saxlayır ki, növbəti prosesdə bu təcrübədən istifadə eləsin. Analoji hal digər hüceyrələrə də aiddir. Hər bir hüceyrə öz funksiyasına aid məlumatı yaddaş bazasında saxlayır ki, növbəti fəaliyyətini onunla idarə edə və ya tənzimləyə bilsin.

- Əhməd müəllim, bəs ölüm nə olan şeydir? Orqanizm bir proses olaraq işə düşüb, ətraf mühitlə mübadilədədir, bəs nə baş verir ki, əks-proses start götürür və insan qocalır?

- Sadə bir qanun var – vaxt keçdikcə hər şey köhnəlir. Bu, cansız varlıqlar üçün də keçərlidir. Bəli, insan canlı orqanizm kimi daim ətraf mühit faktorlarının təsiri altında olur. Onların arasında mənfi faktorları xüsusi qeyd eləməyə dəyər. Xəstəlik törədən viruslar var, bakteriyalar, infeksiyalar var. Bundan başqa, radiasiyanı, kimyəvi maddələri də qeyd edə bilərik. Bunlar orqanizmə mənfi təsir göstərir.

- Axı, canlı varlığın, o cümlədən insan orqanizminin bunlara müqavimət mexanizmi də var...

- Düzdür, insan orqanizminin özünün daxili müdafiə sistemləri də fəaliyyət göstərir. Həmin mexanizm qeyd elədiyimiz təsirləri aradan götürməyə çalışır. Amma hər şey balansdan asılıdır – mənfi təsirlərin gücü üstələyəndə əks-proses başlayır. İnsan orqanizmində müdafiə sistemi çoxşaxəlidir.

Məsələn, termotənzimləmə sistemini götürək. Hava soyuyubsa, ATF orqanizmdə hərarəti nizama salır, istidirsə, əksinə... Yaxud antioksidant müdafiə sistemi. Yeri gəlmişkən, son illər oksidant, antioksidant terminləri tez-tez işlənir. Bunlar çox vacib proseslərdir.

Məlum olduğu kimi, biz oksigenlə nəfəs alırıq, bu, həyati baxımdan vacib prosesdir. Həmin oksigen bizim qəbul elədiyimiz qida maddələrinin – yağların, karbohidratların, zülalların oksidləşməsinə, yəni onlardan enerji alınmasına sərf olunur. Bu, mürəkkəb prosesdir. Oksidləşmə nəticəsində hasil olan enerji isə ATF molekullarında yığılır və orqanizmdə gedən proseslərə xərclənir.

Ancaq oksigenin az bir hissəsi də orqanizmdə zədələyici təsirə malik aktiv formalara çevrilə bilir. Bunlar yüksək reaksiya qabiliyyətinə malik olan sərbəst radikallardır, hüceyrələrin membranlarına, zülallara, fermentlərə, DNT-yə oksidləşdirici zədələr yetirir, onların fəaliyyətini pozur. Təbiidir ki, canlı orqanizm bu zədələrin qarşısının alınması, aradan götürülməsi üçün xüsusi mexanizmə, antioksidant sisteminə malikdir.

Yeri gəlmişkən, qocalma prosesinin bir çox nəzəriyyələri var, son illər populyar nəzəriyyələrdən biri də sərbəst radikallar nəzəriyyəsidir. Bədən zəiflədikdə, sərbəst radikallar çoxaldıqda onlar hüceyrələri asanlıqla zədələyir və necə deyərlər, fəsadlar yaratmağa nail olurlar.

Sərbəst radikallar artdıqda onlar antioksidanların fəaliyyəti nəticəsində zərərsizləşir. Əgər zərərsizləşmə mümkün olmursa, hüceyrə məhv olur. Qeyd edək ki, hüceyrə məhvinin də iki yolu var. Hər hansı bir neqativ faktorun təsiri nəticəsində, əlverişsiz şəraitdə hüceyrə məhv olur, buna nekroz deyirlər. Bu zaman hüceyrə dağılır, onun tərkibindəki maddələr ətrafa yayılır, iltihab prosesi başlayır, xəstəliklər baş qaldırır və həkim müdaxiləsi lazım gəlir.

Biri də var apoptoz prosesi. Bu, son on illərin kəşfidir. Hüceyrədə müxtəlif zədələr yığışır və müəyyən həddə çatdıqda orqanizm “başa düşür” ki, bu hüceyrənin məhvi onun yaşamasından daha faydalıdır. Bunu hüceyrənin proqramlaşdırılmış məhvi də adlandırırlar. Həmin proqram işə düşür və hüceyrə özünü məhv edir. Maraqlıdır ki, bu zaman nekrozdan fərqli olaraq hüceyrədəki maddələr dağılıb iltihaba səbəb olmur və proses tam zərərsiz bitir.

Qocalmaya qayıdıb qeyd eləmək istəyirəm ki, sərbəst radikallar tədricən çoxalır və orqanizmin zəifləməsinə gətirir, sonda hər hansı bir kritik çatışmaqlıqdan insan ömrünü başa vurur.

- İnsan orqanizminə kənar təsirlərdən danışdız. Amma hər hansı canlıya, o cümlədən insana ideal şərait yaradılsa belə, o, əvvəl-axır öləcək. Elə deyilmi?

- Belə bir fəlsəfə var: bir gün yaranan bir gün ölür. Bu fəlsəfəni fiziologiya da təsdiqləyir. Bu gün dünyada qəbul olunan ən yuxarı yaş həddi 120 il hesab olunur. Səhv etmirəmsə, indi dünyanın ən uzunömürlü insanı Yaponiyada yaşayır, 114 yaşındadır. Uzunömürlülər ölkəsi kimi tanınan Azərbaycanda da yaşı 100-ü keçmiş şəxslər var. Sonsuza qədər yaşamaq istəyi isə fantaziya məhsuludur. Həyatda da ideal şərait də olmur. İnsan həmişə real şəraitdə yaşayır.

- Belə bir deyim var: 7 ildən bir nəsil dəyişir... Bu sözdə həqiqət varmı?

- Genetik baxımdan yox. Hazırda genetika ilə yanaşı epigenetika elmi də inkişaf edir. Genetika – DNT-nin quruluşudur, yəni uzun polinukleotid zənciridir. Buna ikiqat DNT spiralı da deyirlər. Ümumiyyətlə, biz canlılardan danışanda 2 əsas mənbə götürürük. Bir DNT molekulları, bir də zülallardır.

DNT-də bizim bütün əlamətlərimiz, irsi xüsusiyyətlərimiz kodlaşdırılıb. DNT-nin kodlaşdıran nükleotid ardıcıllığında hər 3 nukleodit bir koddur, bir amin turşusunu təyin edir. Sadə dildə desək, DNT-də yazılıb ki, bu orqanizm üçün hansı zülallar sintez olunmalıdır. DNT-nin hər bir zülalı sintez edən hissəsi də gen adlanır. Əvvəllər hesab olunurdu ki, bir zülalı bir gen kodlaşdırır, indi hesab olunur ki, bir gen bir neçə zülalı kodlaşdıra bilər.

DNT-də dəyişiklik yalnız mutasiya yoluyla, yəni xarici təsir nəticəsində, tutalım, radiasiyayla yarana bilər. Bu, zərərli prosesdir. Bu zaman lazım olan zülal sintez olunmur, yaxud kontrolsuz sintez baş verir. Bu, xərçəng kimi ağır xəstəliyə səbəb olar.

Mutasiya baş verməsə DNT-nin quruluşu sabit qalır. DNT-zülal kompleksi də məlum olduğu kimi, xromosomlarda yığılıb. Əvvəllər düşünürdülər ki, mutasiyalar olmasa, DNT-yə zaval yoxdur. Son illər sübut olunub ki, DNT prosesləri, genlərin ekspressiyası, epigenetik baxımından dəyişə bilər. Bu zaman xromosomların tərkibindəki nukleoproteited hissəciklərinin konfiqurasiyası dəyişir. Bu da orqanizmdə fəsadlara səbəb ola bilər.

Adını eşidərsiz, vaxtilə sovet alimi vardı, Trofim Lısenko. O, hesab edirdi ki, canlılarda, elə insanlarda da təlim-tərbiyə üsulu ilə irsi əlamətləri dəyişmək olar. Deyirdi ki, uzunquyruq kərtənkələnin quyruğunu uzun müddət kəssən, axırda gödəkquyruq kərtənkələlər doğulacaq. Lısenkonun əsas işlərindən biri də buğda sortları ilə bağlıydı. O sortların da bu üsullarla biri-birinə keçidini mümkün sayırdı.

Sonralar məlum oldu ki, bu, genetikanın dəyişməsi deyil, amma əlamətlərin dəyişməsi mümkündür. Epigenetika da buna tərəfdar çıxır. Dünyada gedən son proseslər, qlobal iqlim dəyişikləri, ətraf mühitin canlılara təsiri insan orqanizmində dəyişikliyi qaçılmaz edir. Əlbəttə, DNT əvvəlki kimi qalmaq şərti ilə...

- Deməli, canımızın, həyatımızın sirri DNT-dədir...

- Əlbəttə, sonralar yığdığımız təcrübənin, vərdişlərimizin, ətraf mühitin də həyatımıza və uzun ömür sürüb-sürməyəcəyimizə təsirini danmaq olmaz.

NƏ ÜÇÜN SİÇOVULLAR VƏ DOVŞANLAR?...

- Fiziologiya institutlarında sonradan insanlara tətbiq olunan eksperimentlər, adətən, siçovul və dovşanlar üzərində aparılır. Bu analogiya nəylə bağlıdır?

- Biz də tədqiqatları siçovul və dovşanlarla aparırıq. Bu iki canlı məməlilər sinfinə daxildir. Siçovulların insanlara müəyyən oxşarlığı var. Onların üzərində təcrübə zamanı müəyyən proseslərin mexanizmini öyrənirik. Ancaq bu o demək deyil ki, müsbət nəticə alınan hər eksperiment dərhal insanlara tətbiq edilir. Məsələn, hər hansı dərmanın təsiri heyvanlar üzərində yoxlanılır və pozitiv nəticəyə gəlinirsə, bu, hələ son deyil. Klinikaya qədər çoxsaylı sınaqlar həyata keçirilib müsbət nəticələr alınandan sonra həmin nəticələr tətbiq edilir.

- Fiziologiya İnstitutunda eksperiment aparılan heyvanlar harda saxlanılır?

- İnstitutun heyvanların saxlanması və çoxaldılmasıyla məşğul olan, Vivari deyilən ayrıca qurumu var. Orda institutun tələbatına uyğun siçovullar bəslənir. İl boyu, dəqiq deyə bilmərəm, 1000-ə qədər siçovul eksperimentlərdə istifadə edilir.

- Bəs dovşanlar? Bir ara deyirdilər, Fiziologiya İnstitutunda təcrübə aparmaq üçün dovşan çatışmazlığı var...

- Yox, çatışmazlıq söhbəti deyil. Əslində, dovşanların sayını dəqiqləşdirib sizə deyə bilərəm. Bəzən say planlaşdırılan tədqiqata uyğun gəlməyə bilər. Bunlar da aradan qaldırılır. Bu canlılar özü-özünü təmin eləmir, onları yemləmək, çoxaldılmasına şərait yaratmaq lazımdır. Tədqiqatlar planlaşdırılanda nə qədər siçovul, nə qədər dovşan gərək olacağı da qeyd edilir. Siçovullar bir aydan bir nəsil verir. İlboyu instituta nə qədər eksperimental heyvan lazımdı, təmin olunur.

UZUN ÖMÜR SÜRƏN ADAMIN BEYNİNDƏ...

- Əhməd müəllim, Fiziologiya İnstitutu son illər Azərbaycan və ya dünya elminə nə verib?

- Bizim institutun son illərdəki əsas nailiyyətləri uzunömürlülüklə bağlıdır. Azərbaycan uzunömürlülər ölkəsi kimi tanınıb. 2015-ci ildən başlayaraq İnstitutda qocalmanın fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə kompleks tibbi-bioloji tədqiqatlar Proqramı işlənib hazırlanıb.

Proqrama İnstitutun direktoru Ulduz Həşimova rəhbərlik edir. Multidissiplinar Proqram Azərbaycan Tibb Universitetinin, Bakı Dövlət Universitetinin, Səhiyyə Nazirliyinin iştirakı ilə, Rusiya TEA Biotənzimləmə və Herontologiya İnstitutu, Ukrayna Tibb Elmlər Akademiyası Herontologiya İnstitutu və Qazaxıstan Respublikası Prezidentinin İşlər idarəsi yanında Tibbi Mərkəzlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bu tədqiqatların xüsusi cəhəti ondan ibarətdir ki, uzunömürlülük fərdi şəkildə yox, bir populyasiya fenomeni kimi öyrənilir. Yəni uzunömürlülüyə daha çox rast gəlinən ərazidə yaşı 90 və daha yüksək olan insanlar, eləcə də onların yaxın, genetik qohumları tədqiqata cəlb edilir. Onu da qeyd edək ki, uzunömürlülk 2 faktorla izah olunur – genetik və ətraf mühit amili. Aydındır ki, hər iki faktorun rolu var, amma onların faiz dərəcələrini müəyyənləşdirmək gərəkdir.

Çox maraqlı nəticələr əldə edilib, bunlardan biri uzunömürlülərdə beynin bioelektrik aktivliyinin öyrənilməsi ilə bağlıdır. Uzunömürlü insanların beyin fəaliyyətinin xüsusiyyətlərini sadə şəkildə belə izah edə bilərik. Beynin bioelektrik aktivliyinin müxtəlif ritmləri var: alfa-ritm, beta-ritm və sair.

Əsas ritm olan alfa-ritmin ampltitudu uzunömürlü insanlarda aşağıdır. Bioelektrik aktivliyi bütövlükdə analiz edəndə bu nəticənin ikinci hissəsi ortaya çıxır – uzunömürlü insanlarda qoruyucu tormozlanma proseslərinin adaptiv-kompensator xarakter daşıyan üstünülüyü müşahidə olunur. Bu göstərir ki, uzunömürlü insanlar həyat hadisələrinə daha ehtiyatla yanaşırlar...

- Son illər ürək damar xəstəliklərindən ölüm hallarının artmasını nəylə izah edərdiz?

- Digər faktorlar da var, amma mən birinci yerə stersləri qoyardım.

- Deməli, uzun yaşamaq üçün streslərdən qorunmalıyıq... Amma bəzən sterslərin müsbət rolu da olur. İnsan özünə yeni yollar açır, bəzən yaxşı nəsə yaradır, əsərlər yazır və sair...

- Eksperimental elmdə aşağı doza effekti deyilən bir anlayış var. Radiasiyaların az dozası insanın funksiyalarını stimullaşdıra bilir və stimullaşdırır da... Bayaq sərbəst radikallar haqda danışdıq. Bu, insanın tənəffüs zamanı sərf etdiyi oksigenin 3-5 faizi hesabına yaranır və ona qarşı bədənin antioksidant qoruyucu sistemi var.

Məsələn, idmançılar intensiv fiziki məşğələlər zamanı daha çox oksigen udurlar və sərbəst radikalların da orqanizmdə yaranması sürətlənir... Ona görə idmançı məşq prosesini yavaş-yavaş gücləndirməlidir ki, bədən öz hazırlığını görsün.

Başqa sistemlər də belə işləyir. Peyvəndlər zəiflədilmiş və ya öldürülmüş virusların bədənə yeridilməsidir. Nəticədə orqanizm öz immun sistemini gücləndirərək gələcək yüksək dozalara hazırlıq görür və onu dəf edə bilir. Bu mənada streslərin də stimullaşdırıcı “dozasını” müsbət qiymətləndirmək olar.


Müəllif: Qurban Yaquboğlu

Oxşar xəbərlər