Teleqraf.com-un suallarını son günlər medianın marağına səbəb olan Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edən azərbaycanlı məktəbli İlkin Bayramlı cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- İlkin, əvvəlcə özünüz haqqında məlumat verərdiniz...
- 17 yaşım var. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alıram.
- İngilis dili ilə nə vaxtdan məşğul olmağa başladız? Xaricdə təhsil almaq üçün imtahan prosesi necədir?
- Təxminən 2 ilə yaxındır ki, ingilis dilini öyrənməklə ciddi şəkildə məşğul oluram. İELTS imtahanı verib maksimum 9 baldan 8 bal topladım. Test üzrə imtahan verdim. Çünki test üzrə imtahanlarda müəyyən nəticə əldə edənədə universitetlərə sənəd göndərə biləsiniz. SAT üzrə 1600 baldan 1500 bal topladım. SAT-ın fənn imtahanları olan 2-ci səviyyə riyaziyyat üzrə 800 sualın hamısına düz, "Dünya tarixi” üzrə isə 800 sualdan 750-nə doğru cavab yazdım.
- Hansı universitetlərdə təhsil almaq şansı qazanmısız?
- Harvard Universitetinin bakalavriat səviyyəsi, Amerikanın Kolqeyt, Çexiyanın Çarles universitetlərində və Sinqapurun Yale-NUS Kollecində tam təqaüdlə təhsil almaq şansı qazanmışam. Eyni zamanda Çarles universitetinə ilin ən yaxşı sənəd göndərən tələbəsi seçilmişəm.
- Artıq hansı universitet və fakültə üzrə təhsil almaq seçimi etmisizmi?
- Yəqin ki, Harvard Universitetində iqtisadiyyat üzrə təhsil alacam.
- Universitetə qəbul imtahanının cavabları açıqlananda hansı hisləri keçirdiz?
- Martın 29-da səhər saat 4-5 radələrində valideynlərim və mən kompüter ətrafına toplandıq. Universitetlərin saytlarını açdıq və harada təhsil ala bilərəm deyə baxdıq. Harvard Universitetinin saytını açan zaman “təbriklər” yazıldığını gördük. Ondan sonra heç nə oxumadım. Çünki valideynlərim və mən şokda idik. İnana bilmirdim ki, təhsil almaq üçün Harvarda qəbul olunmuşam. Hardasa bir dəqiqə bir-birimizlə danışmadıq. Sonra isə sevindik. Tam təqaüd aldığımı gördük və ikiqat sevindik. Bütün ailəmiz həmin günü bayram etdik. Tam təqaüd almışam. Bura təhsil haqqı, yataqxana, yemək, gediş-gəliş, kitab, tibbi sığorta və gözlənilməyən hallar üçün ayrılan vəsait daxildir.
- İlkin, bundan sonrakı hədəfləriniz nədir?
- Hazırkı hədəfim yaya kimi bir neçə dərslikləri oxuyub, bitirməkdir. Harvardda bakalavr təhsilini başa vurduqdan sonra magist təhsili almaq istəyirəm. Orada işləyib, təcrübə qazanmaq və daha sonra Azərbaycana qaytırmağı planlaşdırıram. Universitetdə təhsil alan zaman 4 ildən səmərəli istifadə etmək istəyirəm. Çünki univeristetə qəbul olmaqdan əlavə olaraq, oradakı resuslardan istifadə etmək əsasdır. İstəyirəm ki, universitetdə olduğum müddətdə iqtisadiyyatın müxtəlif bölmələrini daha çox oxuyum və iqtisadçı kimi yetişim.
- Təhsilinizi xaricdə davam etdirmək üçün ölkədən nə zaman gedəcəksiz?
- Avqustun sonunda. Sentyabr ayında universitetdə təhsil almağa başlayacam.
- Bəs, başqa nailyyətləriniz varmı?
- Ötən ilin yayında ABŞ-da Yale Universitetinin təşkil etdiyi "Yale Young Global Scholars" proqramına qəbul olunmuşdum. Burada siyasət, iqtisadiyyat, hüquq üzrə oxumuşam. Ötən il proqramdakı yeganə azərbaycanlı idim. “Politicon web” platformasında 3 analitik məqalə və 2 elmi araşdırma əsasında yazılan Essay yayımlamışam. 2016 və 2017- ci illərdə Respublikada fənn olimpiadalarında iştirak etmişəm. 2016-cı ildə finalçı olmuşam, 2017-ci ildə isə gümüş medal qazanmışam. “Xəmsə” intellektual yarışmasında komandamla birgə 3-cu yerə çıxmışıq.
- Təhsil Nazirliyindən sizinlə əlaqə saxlayıblarmı?
- Bəli. Zəng edib tərcümeyi-halımı onlara göndərməyimi xahiş etdilər.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından yüksək nəticə qazanıb. O, 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.