Bakı Dövlət Universitetinin (BDU) məzunu Çində universitet birincisi olub.
BDU-nun mətbuat xidmətindin Teleqraf.com-a verilən məlumata görə, Hüquq fakültəsinin ingilis bölməsində bakalavr təhsili almış, fakültənin Tələbə Gənclər Təşkilatının sədri və iki dəfə “İlin tələbəsi” seçilmiş, hazırda isə təhsilini Çinin Renmin Universitetində magistr pilləsində davam etdirən Fərahim Hüseynzadə yeni uğura imza atıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Çin Xalq Respublikası Hökumətinin qarşılıqlı müqaviləsi əsasında (Chinese Government Scholarships) Renmin Universitetində tam təqaüdlə təhsil alan Fərahim Hüseynzadə bu ali təhsil ocağının daxili təqaüdü və ən yüksək elmi mükafatına layiq görülüb.
Təhsil aldığı müddətdə ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən azərbaycanlı tələbə "Academic Performance" kateqoriyası üzrə Renmin Universitetində nəinki fakültə, həmçinin universitet üzrə birinci olmagı bacarıb. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya, Fransadan olan, eləcə də ermənistanlı tələbə həmkarlarını qabaqlamagı bacarıb.
Qeyd edək ki, Fərahim Hüseynzadə “Mən Azərbaycanlıyam” intellektual oyunu üzrə ilin qalibi, “Nə, Harada, Nə zaman” intellektual oyunu üzrə kuboklar sahibi, “Xəmsə” milli intellektual oyunu üzrə ölkə birincisi ve universitet liqası üzrə Azərbaycan çempionudur.