11 Avqust 2014 11:59
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Telqaraf.com-un Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, müsabiqəyə 2975 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək üçün 1-15 iyul 2014-cü il tarixlərində 17962 nəfər ərizə verib, onlardan 16810 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə, test imtahanlarına buraxılıb.

İmtahanlar 2014-cü il iyul ayının 21-dən 27-dək davam edib. İmtahanlarda iştirak etmiş 13544 nəfərdən 1837-si müsabiqənin üçüncü mərhələsinə-müsahibəyə buraxılıb. 30-31 iyul və 1 avqust tarixlərində keçirilmiş müsahibələrin nəticələrinə görə 1304 nəfər vakant müəllim vəzifələrini tutmaq hüququ qazanıb.

Ötən ildən fərqli olaraq cari ildə işə qəbul üzrə müsabiqə qısa müddətdə yekunlaşıb, imtahan mərhələsi 1 həftə müddətində, müsahibələr isə 3 gün ərzində keçirilib.

Vakant qalan yerlər, həmçinin yeni yaranmış vakansiyalar bir daha təhlil ediləcək və əlavə yerləşdirmə aparılacaq. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tutmaq hüququ qazanmayanlar 25-29 avqust 2014-cü il tarixlərində “Şəxsi səhifə”sinə daxil olaraq vakant yerlərdən ən çoxu 4-nü seçə bilərlər. 29 avqust 2014-cü il tarixində saat 18:00-da əlavə yerləşdirmə başa çatacaq, dərhal yerləşdirmə aparılacaq və vakant yer tutmaq hüququ qazananlar üçün sentyabrın 1-də müsahibə keçiriləcəkdir. Müsahibənin vaxtı və yeri barədə “Şəxsi səhifə”yə məlumat göndəriləcək.

Təhsil eksperti Məlahət Mürşüdlünün bildiridiyinə görə, əvvəlki illərdən fərqli olaraq müəllimlərin işə qəbul imtahanının qısa müddətə yekunlaşmasının səbəbi bu prosesin ildə iki dəfə keçirilməsidir: “Əvvəlki illərdə bu proses ildə bir dəfə keçirlirdi. Bu il isə may ayında ilkin mərhələ keçirilib. Ona görə də ikinci mərhələ tez başa çatdı. Digər tərəfdən, sentyabrın 15-də məktəblərdə tədris müddəti başlayır, bu prosesə hazırlığa indidən başlamaq üçün imtahan vaxtında yekunlaşıb”.


Müəllif:

Oxşar xəbərlər