19 Aprel 2018 09:15
6 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, Azərbaycan-Çili parlamentlərarası dostluq qrupunun sədri Azər Badamovdur.

Həkim olmaq istəyirdim…

Səxavət Həmid: – Azər müəllim, şəxsən mən Sizi yaxından tanısam da, söhbətimizə hazırlıq prosesi zamanı cəmiyyətin bir o qədər tanımadığını müşahidə etdim. Odur ki, Sizi cəmiyyətə daha yaxından, özü də fərqli rakursdan tanıtmaq qərarına gəldik. İstərdik, özünüz barədə oxuculara geniş məlumat verəsiz…

– 1968-ci ildə Qusar rayonunun ucqar dağ kəndi Düztahirdə anadan olmuşam. Səkkiz il kənd orta məktəbində, 9-10-cu sinifləri isə Bakıda kimya-biologiya təmayüllü internat məktəbində oxumuşam. Qeyd edim ki, həmin vaxt Bakıda 3 təmayül üzrə – fizika-riyaziyyat, kimya-biologiya və bədən tərbiyəsi təmayüllü internat məktəb var idi. Mən sənədlərimi kimya-biologiya təmayüllü internat məktəbinə verdim. İmtahandan müvəffəqiyyətlə keçdim. Biz orta məktəbdən kimya-biologiya təmayüllü məktəbə 3 nəfər gəlmişdik. Yəni, məndən savayı 2 sinif yoldaşım var idi. Bakıya həkim olmaq arzusu ilə gəlmişdik. Kimya və biologiya fənlərini sevirdim və yaxşı oxuyurdum. Üçümüz də həkim olmağa hazırlaşmışdıq. Tale elə gətirdi ki, mən 10-cu sinfi bitirdikdən sonra istiqamətimi dəyişdim. Sənədlərimi Tibb İnstitutuna vermək əvəzinə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna verdim. Digər iki sinif yoldaşım isə Tibb İnstitutunu seçdilər. Orta məktəbi və təmayül məktəbi fərqlənmə attestatı, tərifnamələrlə bitirmişdik və o sənədlərlə hansı ali məktəbi seçsəydik, qəbul olunardıq. Heç bir hazırlıq olmadan Xalq Təsərrüfatı İnstitutuna sənədlərimi verdim, həmin il də qəbul olundum. Qeyd etdiyim kimi, sinif yoldaşlarım Tibb İnstitutuna qəbul olundular. Hazırda onlardan biri respublika səviyyəsində tanınmış neyrocərrah Ələsgər Həsrətovdur. Respublika Neyrocərrahiyyə Mərkəzində işləyir. Digər sinif yoldaşım Əjdər Ağacanov isə hərbi həkim oldu. Hazırda Daxili Qoşunlaın hospitalında şöbə rəisidir, tibb xidməti polkovnikidir. O da yaxşı bir həkim kimi yetişdi. Mən də həkimliyə getsəydim, onlar kimi yaxşı bir cərah olardım. Ancaq istiqamətimi dəyişib iqtisadçı oldum. Bəlkə də taleyim düz istiqaməti seçməkdə mənə kömək etdi.

– Birdən-birə istiqamətinizi dəyişməyə nə səbəb oldu?

– Atam dövlət işində işləyirdi. Onuncu sinfi bitirib yanına getdikdə soruşdu ki, hansı istiqaməti seçmisən, hara gedirsən? Dedim ki, həkim olmaq istəyirəm. Dedi, oğlum həkimlikdənsə iqtisadçı olmaq daha yaxşıdır. İqtisadiyyat ölkə üçün daha vacibdir. Mən sənə bu sahəni seçməyi məsləhət bilirəm. O vaxt da bizim rayonda və kənddə orta məktəbi bitirən şagirdlərin çoxu Xalq Təsərrüfatı İnstitutuna sənəd verirdilər. Çoxu da qəbul olunmurdu. Dedim, ata, heç bir problem yoxdur. Sənədlərimi Xalq Təsərrüfatı İnstitutuna verdim və yaxşı nəticə ilə qəbul olundum. Bu ali məktəbi oxuyub bitirdim. Sonra taleyim iqtisadiyyatla bağlandı. Rayon səhiyyə idarəsinin müfəttişi oldum. Sonra Dövlət Sosial Müdafiə Fondunun Qusarda ilk yaradıcılarından oldum, orda işlədim. Ölkənin iqtisadi həyatında özümü göstərməyə başladım.

Bir müddət fəhləlik etmişəm

– İlk iş yeriniz hara oldu?

– Düzüünü desəm, bir müddət fəhləlik elədim. Sonra səhiyyə idarəsində müfəttiş işləməyə başladım. Daha sonra əvvəlki adı Pensiya Fondu, indi Dövlət Sosial Müdafiə Fondu olan qurumda işə düzəldim. Fond yeri yarananda onun sədri Əvəz Ələkbərov idi. Birbaşa onunla görüşdüm, imtahandan keçdim və məni işə qəbul etdilər. Müəyyən müddət orda işlədim. Sonra bir özəl şirkətdə iqtisadçı işlədim. Daha sonra Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi təyin olundum. 2008-ci ildə cənab prezident ölkədə elektron hökumətin yaradılması ilə bağlı sərəncam verdi. Bu iş regionlarda da çox yüksək səviyyədə icra olunurdu. Qusarda həmin işlər mənim qovşaq rəisi olduğum dövrə təsadüf etdi. Qısa müddətdə rayon telekommunikasiya qovşağında yenilənmə işləri apardıq. Demək olar ki, 2010-cu ilədək rayonun rabitə sistemini müasirləşdirdik. Müsair elektron ATS-lər quraşdırıldı. Xətlər optik kabellərlə təmin olundu. Bu əməyim, zəhmətim dəyərləndirildi. Təmsil olunduğum Yeni Azərbaycan Partiyası mənə etimad göstərdi. 2010-cu ildə mənim deputat seçilməyimdə seçicilərin dəstəyi həlledici oldu. Telekommunikasiya elə bir sahədir ki, burada hər bir ailəyə xidmət göstərməli, onların qulluğunda dayanmalı olursan. Demək olar ki, rayonun bütün əhalisi məni yaxından tanıyırdı. Hamı ilə ünsiyyətdə olurdum və böyük səs çoxluğu ilə seçildim. 2015-ci ildə növbəti dəfə seçilmişəm. Partiya sıralarında siyasi fəaliyyətimi, Milli Məclisdə deputatlıq fəaliyyətimi davam etdirirəm.

Hər səhər 05:50-də yuxudan durub idman edirəm

– Sizin timsalınızda bir Milli Məclis üzvünün gün ərzindəki fəaliyyətinin nədən ibarət olduğunu bilmək istərdik…

– Hər səhər 05:50-də yuxudan dururam. Evimizin yanında yaxşı park var, orda qaçıram. Parkın içində cənab prezidentin tapşırığı ilə yaxşı idman avadınlıqları quraşdırılıb. Orda məşq edirəm. 07:50-yədək orda oluram. Sonra gəlirəm, yuyunuram. İşə hazırlaşıram. Səhər yeməyimi yeyirəm. Qızım Tibb Universitetinin tələbəsidir, işə gedəndə onu da universitetə aparıram. Ordan işə gedib fəaliyyətə başlayıram. İş fəaliyyətimə gəldikdə isə, deməliyəm ki, gündəlik bizə qanun layihələri daxil olur, onların üzərində işləyirik, mətbuat orqanları ilə əməkdaşlıq edirik, televiziya kanallarında fikirlərimizi bildiririk. Həm ölkədəki proseslər, həm də dünyada baş verənlərlə bağlı məlumat alırıq, mütaliə edirik. Bundan əlavə, bizə seçicilərdən məktublar gəlir. Milli Məclisin qəbul şöbəsində qəbul keçiririk. Qəbulumuza gələn seçicini qəbul edirik və mütəmadi olaraq təmsil olunduğumuz rayona gedirik. Orda qəbullar keçiririk, seçicilərin istəklərini öyrənirik. Onlara yardımçı olmağa çalışırıq. Seçicinin hansısa istəyini reallaşdıra bildikdə, ona kömək etdikdə özümüzü xoşbəxt hiss edirik.

– Mütaliədən söz düşmüşkən, bədii ədəbiyyat oxumağa vaxtınız və həvəsiniz olurmu?

– Son aylarda yazıçı Çingiz Abdullayevin rusca “Adeptes druji” kitabını, həmçinin “Yaramazların qanunu” romanını oxumuşam. Çox maraqlı bir romandır. Düzünü sesəm, mütaliəyə çox vaxt qalmır. Tez-tez kitab oxuya bilmirik. Ancaq əlimizə fürsət düşəndə bu fürsətdən istifadə etməyə, əlimizə düşən maraqlı ədəbiyyatı oxumağa çalışırıq.

Yorğunluğumu bu yolla aradan qaldırıram

– Musiqi ilə aranız necədir?

– Yaxşıdır. Çox yorğun olanda klassik musiqiləri dinləyirəm. Klassik musiqini xoşladığım üçün qızımı ilk gündən musiqi məktəbinə qoymuşam. O, pianinoda gözəl musiqilər ifa edir. Baxın, Bethovenin, Ştrausun əsərlərinə qulaq asıram və bundan zövq alıram. Uşaq vaxtından Şövkət Ələkbərovaya qulaq asmağı sevirəm. Onun mahnılarına qulaq asanda yoldaşlarım deyirdi ki, nəyə qulaq asırsan? Yəni, gənc nəsil onun mahnılarını xoşlamırdı. Yaş ötdükcə bir daha əmin oluram ki, Şövkət Ələkbərova bizim çox gözəl, əvəzolunmaz müğənnimiz olub, çox gözəl ifaları olub. Bəstəkarlardan xüsusilə Elza İbrahimovanın bəstələrini çox xoşlayıram. Ümumiyyətlə götürdükdə, yaxşı musiqi düşəndə dinləməyə çalışıram. Bu zaman onun klassik, yaxud estrada olmasına fikir vermirəm.

Klassik əsərlər yazan bəstəkarlarımızdan Fikrət Əmirovun, Arif Məlikovun çox gözəl əsərləri var və yeri düşəndə onları dinləyirəm. Uşaqlıq illərimdən Toto Kutunyonu, Al Banonu, onun duet və həyat yoldaşı Romina Paueri dinləyirdim. Deyirlər ki, musiqinin dili yoxdur. Başqa dildə oxunduğu zaman sözlərini başa düşməsən də, musiqi duyumun varsa, musiqinin ritmi sənə çatır. Bu musiqi səndə istər-istəməz maraq yaradacaq.

Ləpələrin səsini dinləməyi xoşlayıram

– Neçə övladınız var?

– İki övladım var: bir oğul, bir qız. İkisi də subaydır. Oğlum Türkiyədə universiteti bitirdikdən sonra imtahan verib yaxşı bal toplayaraq SOCAR-da işə qəbul olunub. Qızım isə... Özüm həkim olmaq istəyirdim, bu arzumu həyata keçirə bilmədim, qızıma bu ixtisası seçməyi məsləhət gördüm. Qızım artıq V kurs tələbəsidir. Müvəffəqiyyətlə oxuyur, əlaçıdır.

– Hobbiniz varmı?

– İdmanı sevirəm. Boş vaxtlarımda sağlam həyat tərzinin tələblərini həyata keçirməyə çalışıram. Konkret hansısa idman növü ilə yox, belə deyək, sağlamlıq idmanı ilə məşğul oluram. Həm də dəniz sahilində oturub ləpələrin səsini dinləməyi xoşlayıram. Boş vaxtım olanda dənizə yaxınlaşıram, sakit, sükunətli bir məkanda dənizin səsini eşitmək adamı dincəldir.

Rayona gedəndə rabitə xətlərinə baxa-baxa gedirəm

– Hərbi xidmətdə olmusunuzmu?

– Bəli, 1986-88-ci illərdə hərbi xidmətdə olmuşam. Hərbi xidmətdə də rabitəçi olmuşam. Hərbi rabitədə özümü göstərə bilmişəm. Yaxşı təltifnamələrlə qayıtmışam. Həyatım elə gətirdi ki, qayıtdıqdan sonra rabitədə işlədim və rayonun rabitə sisteminin inkişafına bacardığım töhfəni verdim. Bu gün də baxmayaraq ki, millət vəkiliyəm, amma rabitədə işləyən hər bir insanın içində rabitəyə bir istək olur. Bu gün də deputat olmağıma baxmayaraq, rayona gedəndə rabitə xətlərinə baxa-baxa gedirəm. Hardasa bir rabitə dirəyində əyrilik, çatışmazlıq görəndə içimdə qəribə hiss keçirirəm.

Belə hallarda özümü pis hiss edirəm

– Amma indi Sizin geniş səlahiyyətiniz var ki, həmin problemləri aradan qaldırmaq üçün deputat sorğusu, yaxud şifahi sorğu ilə aidiyyatı qurumlara müraciət edəsiniz...

– Problem ondadır ki, onu vaxtında düzəltmək olar, amma düzəldilməyib. Deyiləndə düzəldilir, bu məsələdə problem yoxdur. Ancaq deyilmədən düzəldilməlidir. İşə nəzarət olunmalı, mülkiyyət qorunmalı, xidmət yaxşı olmalıdır. Belə halları görəndə özümü pis hiss edirəm.

– Teatra gedirsinizmi?

– Axırıncı dəfə keçən il Akademik Milli Teatrda olmuşam. Bizim gözəl yazıçı-publisist həmkarımız Hüseynbala Mirələmovun ssenarisi əsasında səhnələşdirilən “Gəncə qapıları” tamaşasına baxmışam. Çox maraqlı bir əsər idi, adam zövq alır. Azərbaycanın qədim tarixinə qayıdır və bir daha həmin illəri yaşayırsan.

– Yəqin ki, Sizi Hüseynbala müəllim dəvət edib...

– Bəli.

– Belə çıxır ki, müəllif deputat həmkarınız olmasaydı və dəvət etməsəydi, siz bu teatra getməyəcəkdiz...

– Yox, gedərdik. Başqa teatrlara da gedərdik. Əvvəllər, deputat olmamışdan qabaq Azdramda çoxlu səhnə əsərini izləmişəm. Opera və Balet Teatrında operettaları dinləmişəm. Bizim Fidan Hacıyeva kimi gözəl opera sənətçilərimiz var. Onlar gözəl ariyalar ifa edirlər. Musiqi, teatr bir-birinə bağlıdır. Əgər sizin incəsənətə meyliniz varsa, onları bir-birindən ayırmayacaqsız.

Reallaşmayan arzulardən danışmağa dəyməz

– Bayaq qeyd etdiniz ki, həkim ola bilmədiyim üçün qızıma bu ixtisası seçməyi məsləhət gördüm. Bu, təkcə Sizə xas deyil. Digər valideynlər də olur ki, özlərində görə bilmədikləri nələrisə övladlarında görməyə çalışırlar. Ancaq mütəxəssislər qeyd edirlər ki, valideynlərin bu addımının mənfi tərəfi daha çox olur...

– Mən Siz anladım. Düzünü desəm, o həkimlik hormonu mənim genimdə var və o da qızıma keçib. Qızımın özündə də həkimlik oxumaq istəyi olub. Orta məktəbi müvəffəqiyyətlə bitirib, respublika üzrə keçirilən “Gələcəyin alimləri” müsabiqəsinin ikinci yer üzrə laureatı olub. 11-ci sinifdə oxuyanda respublikada keçirilən müsabiqədə gümüş medal qazanıb və mövzusu da “Onkoloji xəstəliklərin təbii üsullarla müalicəsi” idi. Yəni, uşaqlıq illərindən onun arzusu həkim olmaq idi, özünü bu istiqamətdə görürdü və 636 balla Tibb Universitetinə daxil oldu. Yəni, bu onun özünün seçdiyi həyat yolu, sənətdir. Mən də sevindim ki, mənim gedə bilmədim yolu övladım getdi.

– Həyata keçməyən arzunuz olubmu?

– İnsanın həyatda arzuları çox olur. O arzuların hamısını həyata keçirmək qeyri-mümkündür. Əgər onların müəyyən hissəsi həyata keçirsə, özünü xoşbəxt sanırsan. Ağıllı övlad yetişdirib cəmiyyətə təqdim etmək mənim arzum idi. Əgər mən bunu bacarmışamsa, özümü xoşbəxt hiss edirəm. Düzünü desəm, millət vəkili olacağım əvvəldən arzularıma daxil deyildi. Üzv olduğum partiya mənim fəaliyyətimi dəyərəndirib etimad göstərdi. Məmnuniyyətlə qəbul etdim. Yəni, deputat olmaq, ali qanunverici orqanda təmsil olunmaq hər bir şəxsin arzusu ola bilər. Sonradan bu da bir arzu kimi ortaya çıxdı və artıq bu arzuma da çatmışam. Elə arzular da olur ki, onlar zaman keçdikcə unudulur, reallaşmır. Bu da təbii bir haldır, hər bir insanın həyatında olur. Təbii ki, reallaşmayan arzular barədə danışmağa dəyməz.

Uşaqlıqdan ailədə hörmət görmüşük

– Sizi təvazökar deputat kimi tanıyırdıq, söhbət əsnasında bu qənaətimiz möhkəmləndi. Zənnimizcə, ailədə də belə bir mühit mövcuddur...

– Təbii ki, övlad ailədə olan mühiti götürür. Biz ailədən uşaq vaxtdan hörmət görmüşük. Biz görmüşük ki, evin böyüyü gələndə hamı ayağa dursun. Mən bunu atamdan görmüşəm. Babam evə gələndə atam ayağa dururdu. Atam gələndə mən dururdum. Bu gün mən evə gələndə övladlarım ayağa durur, yer verir. Yəni, evin böyüyünə hörmət burdan başlanır. Bundan əlavə əgər ailədə saf mühit, valideynlər arasında hörmət varsa, övladlar bundan nümunə götürür və özlərini də bu ailəyə uyğunlaşdırıb, xarakter formalaşdırır. Əgər ailədə ümumu danışıq mövzusu elmdən, musiqidən, ziyalılardan, alimlərdəndirsə istər-istəməz o masa arxasında əyləşən övladlar da bunu dinləyir və bunu müəyyən qədər mənimsəyir. Tam səmimi deyirəm, qızım balaca olanda ona dedim ki, bala, oxumaq lazımdır, yaxşı oxuyun ki, yaxşı mütəxəssis kimi özünüzü cəmiyyətə təqdim edə biləsiz. Qızım qayıdıb dedi ki, ata, çox xahiş edirəm bir də bu söz mənə demə, mən özüm bacardığım qədər oxuyuram və sizə layiq övlad olacam. Dörd nəfərdən ibarət ailəmiz var. Bu söhbəti masa arxasında əyləşib edirdik. O gündən sonra mən nə oğluma, nə də qızıma oxumaq lazım olduğunu demədim. Artıq onlar bundan nəticə çıxarıb bir istiqamət seçmişdilər. Oğlum da orta məktəbi yaxşı qiymətlərlə bitirdi, qeyd etdiyim kimi, universiteti Türkiyədə bitirdikdən sonra hazırda iş yerində savadlı mütəxəssis kimi özünü tanıda bilib.

Tibb təhsili ümumiyyətlə, çətin sahədir. Mən hətta, bunu qız uşaqları üçün çox ağır bir sahə hesab edirəm. Tibb təhsili almaq üçün onların oxuduğu ədəbiyyatı görəndən sonra bu qənaətə gəlmişəm. Çünki tibb təhsili almaq üçün digər universitetlərdə oxuduğundan iki qat artıq kitab oxumalısan. Gecə-gündüz oxuyursan, ancaq onu bitirmək olmur, sonu yoxdur. Nə qədər yenilik varsa, hamısı mənimsənilməlidir. Digər ixtisas üzrə, məsələn hüquqda oxuyan qanunlardı, onları oxuyur, fəaliyyətini onların üzərində qurur. Həkim isə daim yeniliklərə yiyələnməli, daim yeni ixtiraları öyrənməli və bu istiqamətdə ömür boyu mütaliə ilə, ixtisası artırmaqla məşğul olmalıdır ki, yaxşı mütəxəssis kimi cəmiyyətə fayda verə bilsin. Bunu bu gün övladım da bilir. Mən onun mütaliəsinin ağırlığını görürəm və bir tərəfdən də fikirləşirəm ki, bu sənət qız uşaqları üçün çox ağırdır. Çünki 6 il Tibb Universitetində, 5 il rezidenturada oxumalıdır. Tam həkim kimi formalaşmaq üçün 11 il tələb olunur. 11 illik orta təhsildən sonra 11 il də ixtisasa yiyələnmək qız uşağı üçün çətin olur. Ona görə də əgər uşağın özündə o sahəyə həvəs, sevgi, istək yoxdursa, mən heç valideynlərə məsləhət görməzdim ki, uşaqlar məcburən həkimliyə göndərilsin. Yəni, məcburən göndərilən uşaq normal həkim kimi yetişə bilməz.

– Artıq ixtisası ayrılıbmı?

– Xeyr, hələ ki, ayrılmayıb. Müalicə işində oxuyur. İxtisas rezidenturada 6 ildən sonra ayrılır.

Çilili həmkarlarımız bizi eşitdilər

– Milli Məclisdə Azərbaycan-Çili parlamentlərarası dostluq qrupunun sədrisiniz. Ancaq bu istiqamətdə fəaliyyət hiss olunmur...

– Çili bizdən çox uzaqda yerləşən bir ölkədir. Bizim üçün dünyanın hər bir ölkəsi ilə işləmək maraqlıdır. Çünki biz vahid dünyada yaşayırıq, bütün istiqamətlərə inteqrasiya olunmalı, dostlar tapmalıyıq. Bizim uzun illərdir həllini tapmayan bir problemimiz var. Bu da torpaqlarımızın işğal altında qalmasıdır. Sülh yolu ilə torpaqlarımızı azad edə bilməyimiz üçün bizim beynəlxalq arenada dostlarımızın sayı çox olmalıdır. Çalışmalıyıq ki, bizə dəstək verən, haqq səsimizi eşidən dostlarımız çox olsun. Ona görə də biz bütün ölkələrlə əlaqələri, o cümlədən parlamentlərarası əməkdaşlığı genişləndirməyə çalışırıq.

2017-ci ilin əvvəlində Çili parlamentində Azərbaycan əleyhinə xoşagəlməz bir qərar qəbul olunmuşdu. O qərarla bağlı dostluq qrupunun rəhbəri olaraq narahatlıq keçirdik və Çili ilə parlament dostluq qrupunun üzvlərinə, parlamentin digər üzvlərinə şəxsən öz adımdan müracətlər etdim. Hələ ki, bizim əyani təmasımız olmayıb. Ancaq məktublaşma, yaxud elektron vasitələrlə məlumatlandırma kimi əməkdaşlığımız mövcuddur. Çox sağ olsunlar ki, bizim səsimizi eşitdilər və parlamentdə yenidən müzakirə aparıldı. Ermənilərin haqsız olduğunu, işğalçılıq siyasətini yenidən tanıdılar. Öz mətbuat orqanlarında parlamentin qərarını dərc etdikdən sonra həmin mətbuat orqanlarının səhifələri dostluq qrupunun rəhbəri olaraq mənə göndərildi. Yəni, bu kimi fəaliyyət göstəririk. Çalışırıq ki, ölkəmizi, onun reallıqlarını tanısınlar və bədxahlarımızın bizə qarşı olan fikirləri əleyhinə vaxtında addımlarımızı ataq.

Seçicilərdən maddi kömək istəyənlər olur

– Milli Məclis deputatının əmək haqqına dair fikirlərinizi bilmək istərdik...

– Təbii ki, bu gün Milli Məclisin üzvləri ölkədə ən yüksək maaş alan şəxslərdəndir. Maaşla dolanırıq, bizim ayrı gəlir yerimiz təbii ki, yoxdur. Ailədə hamımız işləyirik. Baxmayaraq ki, qızım universitet tələbəsidir. Bugünki cəmiyyətə uyğun, dəbdəbədən, təmtəraqdan, cah-cəlaldan, israfçılıqdan uzaq normal bir həyat yaşayırıq. Aldığımız maaş normal yaşayış üçün kifayət edir. Bəzən seçicilərdən maddi kömək istəyənlər olur. Lap əməkhaqqımızdan çıxarıb seçicilərimizə veririk. Bugünki reallıqla uyğunlaşdırırıq.

– Əməkhaqqınız nə qədərdir?

– Milli Məclis sıravi deputatının, yəni komitə sədri və müavini olmayanların əməkhaqqı bu gün 1570 manatdır. Bu da Milli Məclis sədrinin əmək haqqının 70 faizidir.

– Bu, vergilər, sosial sığorta ödənişləri çıxıldıqdan sonra qalan məbləğdir?

– Bəli. Bundan əlavə bizə deputat fəaliyyətinin həyata keçirilməsi üçün müavinət verilir. O da əməkhaqqının üstünə gəlinir. Belə, normaldır.

Sonda demək istədiyim bir məqam var. İstərdim ki, Azərbaycan mətbuatı Azərbaycan reallıqlarını düzgün dəyərləndirib işıqlandırsın. Sizin saytınızı da daim reallığı dəyərləndirən bir media orqanı kimi görmüşük. Bu istiqamətdə Sizə uğurlar arzulayıram, belə də davam edin. Oxucu audoriyanız günü-gündən artır. Bu da Sizin düzgün yolda olmağınızın göstəricisidir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər