21 Aprel 2018 22:14
4 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

Nəhayət, Peterburq!

Səyahətimizin tam yeddinci günü Moskvadan gələn qatarın üçüncü dərəcəli vaqonu məni əşyalarımla bərabər möhtəşəm bir vağzalın, ayna qədər parlaq sahilin üzərinə buraxdı. Ətrafıma baxdım. Ta Şuşadan bəri bərabər gəldiyimiz üç erməni yoldaşdan başqa hər şey mənə yad idi. Hara gedəcəkdik? Necə hərəkət edəcəkdik? Oteli düşünmək belə olmazdı. Bir tələbə üçün otelə getmək, oteldə qalmaq bəyənilməyən bir israf olardı. Əgər artıq pul varsa, yenə də otelə sərf edilməməli, möhtac yoldaşlar düşünülməli idi.

Ermənilərin tanıdıqları tələbələr varmış. Onlardan birinin yanına gediləcək, onun tanıdığı bir ailə pansionatına yerləşiləcəkdi.

Bu qərarı aldıqdan sonra əşyalarımızı götürərək vağzaldan çıxdıq. Geniş, ətrafı möhtəşəm binalarla əhatə olunmuş meydan və bu meydanın dörd tərəfində uzun və geniş küçələr.

Tiflis kimi böyük və müntəzəm bir şəhərdə bir illik həyat və səyahət əsnasında gördüyüm böyük şəhərlər, xüsusən Moskva, mənə müəyyən qədər Avropa şəhərləri haqqında bir fikir oyatsa da, dünyanın ən modern şəhərlərindən biri olan Peterburqun bu ilk mənzərəsi məni heyran etdi. Rus tarixinin son dövrü gözlərimin önündə canlanmağa başladı. Budur, böyük Pyotrun Avropaya açdığı pəncərə! Bu pəncərədən gələcək və Rusiyanın ta qəlbinə qədər girəcək yeni hava, o zaman tam şərqli bir həyat keçirməkdə olan bu məmləkəti başdan-başa dəyişdirəcək, başdan-başa yeni bir həyat yaşamağa sövq edəcəkdi. Bu yeni həyatın verdiyi qüvvət və qüdrətə görədir ki, Rusiya ta Şuşaya, Buxaraya, Xivəyə, Şərqi Türküstana qədər genişlənəcək, hər il bu uzaq ölkələrdən gələn mənim kimi yüzlərlə, minlərlə gənci buraya qədər cəlb edərək ruslaşmış Avropa havasını onlara da üfürəcəkdi.

Meydanda müştəri gözləyən cüt atlı dəbdəbəli və tək atlı sadə arabalar vardı. Bu sonunculardan bir neçəsi bizi görən kimi müştərilərini tanıdılar və yanımıza gəldilər. İkisi ilə anlaşdıq, tez yola düşdük. Saat hələ sabahın 11-i idi. Aradığımız tanış evdə idi. Özünün yaşadığı beşinci mərtəbədəki evdə boş bir otaq varmış, ondan bir üst mərtəbədə yaşayan ailədə də iki boş otaq. Nəhayət, üçümüz də yerləşə bildik. Otaqların kirayə haqqı məlum idi. Sabah və axşam veriləcək qaynar samovarla bərabər ayda iyirmi rubl.

Dərhal razılaşdıq və əşyalarımızı daşımağa başladıq.

Ah, Turgenevin, Dostoyevskinin və digər yazıçıların romanlarında oxuyub dadına doymadığım və xəyalımda uzun illərdən bəri bəslədiyim tələbə həyatı xülyası bu dəfə həqiqi olaraq gerçəkləşirdi. Mən də onu yaşamağa başlayırdım. Bu necə dadlı, necə doyulmaz bir röya!

Romanlarda olduğu kimi mənə də boş otağını kirayələyən qadın vəfat etmiş bir mayorun arvadı imiş. Eynilə digərləri kimi bunun da iki qızı vardı. Böyük qızı Sonya şəhərin ibtidai məktəblərindən birində müəllim idi. İkincisi Mariya dəmiryol idarəsində katibə idi. Qadının aldığı aya 12 rubl təqaüd maaşı ilə qızların qazandıqları 35 rubl ancaq evin kirayəsinə və gündəlik məsrəflərə çatırmış. İndi məndən alacaqları 20 rubl ilə də xidmətçi pulu və paltar ehtiyacı təmin olunacaqmış.

Budur, möhtəşəm Avropa pəncərəsinin içində yaşayan iki milyon xalqdan 70 faizinin büdcəsi. Nə xoşbəxtdir tələbəyə rastlayanlar.

Mənim yaşayacağım ailə çox sevimli, xoş insanlara oxşayırdı. Məni razı salmaq üçün əllərindən nə gəlirdisə edirdilər. Lakin əvvəldə aramızda kiçik bir anlaşılmazlıq oldu. Sən demə, məni erməni zənn edirlərmiş. Yanıldıqlarını söylədim, heyrət etdilər və xanım soruşdu:

- Bəs kimsiniz?

- Mən türkəm.

Ana və qızları üçü birdən sanki elektrik vurmuş kimi sarsıldılar:

- Necə? Türkmü?

- Bəli, Türkəm. Bunda heyrətlənəcək nə var ki?

Üçü də birdən qızardı və yaşlı qadın cavab verdi:

- Xeyr, əfəndi, xeyr. Mən çox türk görmüşəm. Onları çox sevirəm. Çox dürüst və doğru insanlardırlar. Amma indiyə qədər onlardan tələbə görülmədiyi üçün...

- Bəli, burada haqlısınız. Biz ancaq indi başlayırıq. Ermənilər və digər xristianlar bizdən çox əvvəl başladılar. Ona görə də onlara alışqanlıq var.

Sonya araya girdi:

- Zavallı atam. Qafqazda çox yaşayıb. Oradakı türkləri mədh edərdi. Onların hamısının gözləri qara, saçları gur və qapqara deyilmi?

Mariya dedi:

- Ah, mənim gözlərim və saçlarım da elə olaydı kaş!

Hamımız birdən gülüşdük və aramızdakı anlaşılmazlıq aradan qalxmaqla yanaşı, ailə bir türk tələbə saxladıqları üçün digərləri tərəfindən qısqanıldı.

Qaldığım ev şəhərin mərkəzinə və xüsusilə, daxil olmaq istədiyim Texnologiya İnstitutuna çox yaxın olan bir küçədə idi. Birinci gün əşyamı yerləşdirmək və tənzimləməklə keçirdim. Səfər yorğunluğuna görə erkən vaxtda yatdım.

İkinci gün ilk işim instituta gedib vəsiqələrimi və müsabiqə imtahanına girmək arzusunda olduğumu göstərən bir bəyannamə təqdim etmək oldu.

İnstitut möhtəşəm üçmərtəbəli bir binada yerləşirdi. Binanın geniş həyətində minlərlə tələbə qarışqa kimi gəzişir, söhbətləşir, mübahisə edirdilər. Hərdən bütün kütlə bir dalğa kimi bir tərəfə qıvrılır, keçməkdə olan yaşlı şəxslərə yol verirdilər. Hər tərəfdən “professor” kəlməsi fısıldanır, mən də keçən şəxsin kim olduğunu anlayırdım. Fəqət mənim hələ yad olduğum kimsəyə yanaşmadığımdan və ürkək halımdan bəlli idi.

Birdən-birə biri mənə yaxınlaşdı və “siz Qafqazlısınız”, - deyə soruşdu.

- Bəli, siz də gürcüsünüz, deyilmi?

- Bəli, siz kimsiniz?

- Mən türkəm.

- Nə gözəl. İstəyirsiniz, sizi Qafqazlı dostlara təqdim edim?

- Minnətdar olaram.

O saat məni bir qrupa doğru apardı. Qrupda 10-a yaxın gənc vardı. Çoxu gürcü və erməni idi. Fəqət aralarında çərkəz və ləzgi də vardı.

Tanış olduq. Bir-birimizin əllərini sıxdıq. Aman bu necə xoş bir şeydir. Qürbəttə özünü yalnız sandığın bir yerdə birdən-birə sizə yaxın insanlara rastlamaq! İnsan bir ailə fərdi görmüş qədər məmnun olur. Bunların hamısı mənim kimi müsabiqə imtahanına girmək üçün gəlmişdilər. Demək ki, tale də bizi birləşdirirdi.

İnstitutda işimizi bitirdikdən sonra birlikdə şəhəri dolaşmağa çıxdıq. Budur, sarayların, rus-Bizans arxitekturasının mükəmməl nümunəsi olan Kazan kilsəsinin qarşı tərəfindəki möhtəşəm Grant otelin, böyük imperiya kitabxanasının, şəhər əmanətinin yerləşdiyi məşhur küçə. Bir az irəlidə küçənin sol tərəfinə qədər uzanan bir kanala rastladıq. Bundan əvvəl Peterburqa gəlmiş və şəhəri az-çox tanıyan yoldaşlar mənim bu möhtəşəm küçə və binalara göstərdiyim heyranlığa görə məlumat verirdilər:

“Bu gördüyün geniş və müntəzəm küçələr Böyük Pyotrun öz əli ilə cızdığı plana əsasən hazırlanıb. Vəsait çoxaldıqca şəhər də gözəlləşirdi. Unudulmamalıdır ki, bələdiyyə təşkilatına görə Rusiya Avropanın ən mütərəqqi hissəsidir. Məsələn, Peterburq şəhər bələdiyyəsinin yüzlərlə üzvü var. Bunlar şəhər əhalisi tərəfindən tamamilə sərbəst şəkildə seçilirlər. Onlar da öz aralarından və ya xaricdən bir rəis və dörd müavindən ibarət bir icra heyəti seçirlər. Şəhər işlərinə aid hər cür qərar bələdiyyə məclisi tərəfindən verilir, icra heyəti tərəfindən tətbiq edilir. Kənardan kimsə qarışa bilməz. Hökumətin yalnız verilən qərarların qanuna müvafiq olub-olmadığını yoxlamaq haqqı var. Bu surətlə tam bir muxtariyyət şəklində olan rus şəhərləri dövlətin tabe olduğu ümumi idarə üsulu ilə tam bir təzad təşkil edir. Buna görədir ki, öz müqəddəratlarına hakim olan rus şəhərləri bu gün məmurluğuna görə Avropanın bir çox yerlərindən irəlidədirlər”.

Bu izahı verən yoldaş birdən-birə kostyumumun ətəyini çəkdi və gözünün ucu ilə yanından keçdiyimiz sarayı göstərib qısıq səslə dedi:

- .....

(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər