Əvvəli burada http://teleqraf.com/news/toplum/167925.html
…Gənc qızlar arasında mənim də xatırladığım və təqdirini eşitdiyim biri vardı: Anamın uzaq qohumlarından olan Çiçək xanım...
Ta ilk gəlişimdən diqqətimi çəkmiş, məni özünə bağlamışdı. Onun da məndən xoşu gəlməsi hərəkətlərindən və baxışlarından anlaşılırdı. Neçə dəfə görüşsək də, bir-birimizə bu barədə bircə kəlmə də söyləmək cəsarətimiz olmamışdı. Beləcə illər gəlib keçdi. Hər il bir-birimizi ilk dəfə gördüyümüz zaman Çiçək gül kimi qızarır, nəşələnirdi. Mən də onunla yalnız qalmaq arzusu ilə alışıb yanırdım. Bu qədər. Macəra bundan irəliyə davam etmədi. Zahid həyatını bir tərəfə buraxmış bu köçəbələr könül məsələlərində çox mütəəssib və həssas idilər. Sevmək bağışlanmaz bir günah idi.
Bir gün onun olduğu bir yerdə Tiflisdə dərs keçdiyim erməni qızı Siranuşdan bəhs etdim. Çiçəyin gözləri geniş şəkildə açıldı, üzümə diqqətə dikildi, sanki qəlbimə girərək oranı yoxlamaq istədi. Nəhayət, dözə bilmədi, qızararaq soruşdu: “Dərs deyərkən yalnız qalırdınız?”
Mən güldüm, “əlbəttə” deyərək cavab verdim.
Çiçəyin rəngi saraldı, səsini çıxarmadı, bir az sonra çıxıb getdi. Artıq o gündən sonra mənimlə görüşmədi.
Yaylaqda keçirdiyim iki ay içərisində onunla bircə dəfə də rastlaşmadıq. İçimdəki maraq məni yandırıb yaxırdı. Fəqət kimə danışardım, kimdən soruşardım onu? Bu açıq dağlar əllərə, ayaqlara sonsuz bir azadlıq versə də, ürəyi dar bir zindan içərisində saxlayırdı.
Köçdən ayrıldığım gün anasına vida edərək çadırdan çıxdığım zaman Çiçəyin çadırın yanında dayandığını gördüm.
Çiçək xanım, gedirəm, Allaha əmanət olun.
Allah yaxşı yol açsın. Siranuş xanımla görüşəcəksiniz, deyilmi?
Cavab gözləmədən əlavə etdi: “Allah səni qorusun”.
Sonra sürətlə uzaqlaşdı.
Peterburqa doğru
1887-ci ilin avqust ayı yaxınlaşırdı. Səfər üçün hazırlaşmaq lazımdı. Şuşa ilə Peterburq arasında 3500 kilometrlik məsafə vardı. Bu uzun yolun bir qismi araba ilə, bir qismi dəmiryolu ilə gediləcəkdi. Özümlə yemək, yataq və s. götürmək lazım gəlirdi. Zavallı anam hər şeyi hazırlamışdı. Son günlər ara-sıra üzümə diqqət və həsrətlə baxır, gözləri yaşarır, göstərməmək üçün başını çevirirdi. Fəqət mən anlayır, üzərinə atılır, kiçik başını qucaqlayaraq ona ümid və təsəlli verirdim. Bütün ailədə ondan başqa bu səfəri istəyən yoxdu.
Yolçuluq günü gəldi. Mənimlə bərabər şəhərimizdən gedən başqaları da vardı. Bunlar Tiflis məktəblərində oxuyan ermənilərlə bir-iki türk tacir idi.
Hamımızı aparacaq araba bizi şəhərin qala divarları xaricində Topxana adlanan yerdə gözləyəcəkdi. Məni yola salmaq üçün qadın və kişi bir çox qohum və tanışlar gəlmişdilər. Arabanın yanında hər kəslə vidalaşdım. Sıra anama gəlincə, o məni bir kənara çəkdi, çarşafını açdı, köynəyinin yaxasından iki məməsini çıxardı. Başımı onların arasına qoydu və göz yaşları içində dedi: “Oğlum, get. Allah köməyin olsun. Amma mənə bu andı iç: “Söylə ki, ana, bir xristian qızı ilə evlənsəm, bu məmələrindən əmdiyim süd mənə haram olsun!”.
Kənardan hər kəs bizə baxırdı. Fəqət anam arxasını arabaya çevirdiyi üçün kimsə burada nə olduğunu bilmirdi. Mən o qədər mütəəssir olmuşdum ki, həm ağlayır, həm anamı qucaqlayır, həm də arabanı unudaraq məmələri üzərindəki başımı qaldırmadan dururdum.
Anam incə səsiylə “tərpən oğlum, bizi gözləyirlər” dedi və ardınca “and iç” söylədi.
“And içirəm” dedim.
“Elə deyil, dediyim kimi and iç”.
Onun sözlərini eynilə təkrar etdim. O da son dəfə alnımdan öpdü. Yaxasını və çarşafını bağladı, arabaya yaxınlaşdıq.
Arabaya mindik. Üzüntü və həyəcandan məhv olmuş halda idim. Onların bir an əvvəl getməsini arzu edirdim. Nəhayət, onlar getdilər və mən də son göz yaşları ilə anamdan və qohumlarımdan ayrıldım.
Yüksək bir dağı aşırdıq. Arabanın təkərinin hər dəfə dönməsiylə doğulduğum, böyüdüyüm yerlərdən, mənə can və ruh verən bu insanlardan bir az daha uzaqlaşırdım. Təkcə fiziki deyil, mənəvi cəhətdən də uzaqlaşırdım.
Fəqət kimə və nəyə yaxınlaşmaq üçün? O gün məçhul olduğu kimi bu gün də məçhuldu.
Məni bu məçhula doğru sövq edən anam onu tam olaraq tapa bilməyim üçün lazım olan bütün yolları yenə özü bağlayırdı.
Hələ son etdiyi hərəkət mənimlə o məçhul arasına indidən keçilməsi artıq qeyri-mümkün olan bir sədd çəkdi. Mən tarixin və təbiətin verdiyi bu bütünlüyü itirəcəkdim. Fəqət yeni bir bütünlük də almış olmayacaqdım. Yarımyamalaq bir şey olacaqdım!
Ah bu yarımyamalaqlıq nə tükənməz bir dramdır! Bir ürək dramı, bir ruh tragediyasıdır! Mən indi heç bir zaman özümü tam və bütün hiss edə bilmirəm. Bilirsinizmi, özünü yarımyamalaq hiss etmək necə cəhənnəm əzabıdır! Mənim Avropa musiqisindən də, Şərq musiqisindən də xoşum gəlir. Eyni zamanda görürəm və hiss edirəm ki, nə birincisini bir avropalı qədər tam və bütün hiss edirəm, nə də ikincisini bir şərqli kimi.
İndi Çiçək xanımın məndən qaçmasının səbəbini anlayıram. Erməni qızı ilə görüşmüş biri – istər onun öz qəbiləsindən olsun – artıq çatlamış, dəlinmiş, işə yaramaz bir şeydir. Onda bütünlük axtarmaq əbəsdir. Halbuki, bütün olan o dağlılar tamlığa xüsusi diqqət verirdilər.
Nəhayət, Peterburq!
(Davamı var)