Təhsil naziri Ceyhun Bayramov Ombudsman Elmira Süleymanovanın məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması ilə bağlı təklifinə münasibət bildirib.
C.Bayramov jurnalistlərə açıqlamasında deyib ki, 2017-ci ildə Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" qanun qəbul edilib:
"Məktəbəqədər təhsilin tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb və normativ hüquqi aktlar formalaşıb. Hazırda təhsilin məzmunu ilə bağlı əhəmiyyətli işlərin həyata keçirildiyini deyən nazir əlavə edib ki, qanunvericilikdə məktəbəqədər təhsil üzrə ayrı-ayrı qurumların səlahiyyətləri, onların funksiyaları tamamilə açıq şəkildə göstərilib. Qanunvericilikdə qeyd olunub ki, məzmuna görə, məktəbəqədər təhsil müəssisələrinin saxlanılmasına görə səlahiyyətlər, onların funksiyaları hansı müvafiq icra hakimiyyəti qurumuna aiddir. Eyni zamanda, özəl məktəbəqədər təhsil müəssisələrin mövcudluğu, onların bütün funksiyaları da göstərilib".
Nazir hesab edir ki, Azərbaycanın qanunvericiliyində bütün bunlar çox dəqiq formada öz əksini tapıb./Trend/