Nazir İnam Kərimov fermer və sahibkarların qarşılaşdıqları çətinliklərlə maraqlanıb, onların aradan qaldırılması istiqamətində təklifləri dinləyib.
Kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti İlə tanış olub.
Nazirlikdən Teleqraf.com-a bildiriblər ki, nazir əvvəlcə “Aqrolizinq” ASC-nin əməkdaşlarının iş şəraiti ilə tanış olub, iş prosesində əməkdaşların qarşılaşdıqları bir çox məsələlərlə maraqlanıb, onların istək və arzularını dinləyib.
“Aqrolizinq” ASC-nin İdarə heyətinin sədri Elşən Məmmədov Cəmiyyətin fəaliyyətinin bütün istiqamətləri, o cümlədən Avtomatlaşdırılmış İnformasiya Sistemi (AİS) və göstərilən xidmətin elektronlaşdırılması sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib.
Nazir daha sonra kənd təsərrüfatı texnikalarını lizinqə götürmək üçün “Aqrolizinq” ASC-yə müraciət edən fermer və sahibkarlarla görüşüb, onlarla ətraflı söhbət aparıb. İstifadəçiləri diqqətlə dinləyən nazir fermer və sahibkarların qarşılaşdıqları çətinliklərlə, onların aradan qaldırılması istiqamətində təkliflərlə maraqlanıb. Bir neçə fermer kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, o cümlədən qarabaşaq istehsalında istifadə olunan texnikaların, yeni gübrə növlərinin gətirilməsi barədə təkliflərini, həmçinin taxıl biçini zamanı kombaynların istifadəsinə dair istəklərini bildiriblər.