9 İyun 2018 10:09
6 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslamda əzadarlıq yoxdur, bu, xristian dinində olan, XIII əsrdə Avropada ortaya çıxmış flagellantlıq ənənəsidir.

Bunu Teleqraf.com-a açıqlamasında Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov deyib.

O qeyd edib ki, flagellantlıq özü-özünü döymək, özünə işgəncə vermək kimi anlayışları özündə əks etdirirdi:

“Şiəlik formalaşanda bir çox ənənələri xristianlıqdan götürdü. Məsələn, xristian dinində İsa və 12 həvari var, şiəlikdə isə Əli və 12 imam var. Xristianlığa görə İsa öldükdən sonra dirilib qeybə çəkilib, vaxtı çatanda qayıdacaq. Şiəliyə görə isə 12-ci imam qeybə çəkilib, vaxtı çatanda gələcək. Yəni, şiəlikdə bir çox belə ideya xristian dinindən götürülüb. Başqa sözlə, şiələr flagellantlığı xristian dinindən götürüb əzadarlıq adı ilə öz təriqətlərinə qatıblar. Ateist olsam da, etiraf etməliyəm ki, əzadarlığın islamla əlaqəsi yoxdur”.

Əzadarlıq, yaxud, flagellantlığın XIII əsrə aid xristian ənənəsi olduğunu vurğulayan Vüsal Məmmədov qeyd edib ki, sonrakı illərdə Roma papası bunu qadağan edib:
“Hazırda xristian dininin çox az sektalarında flagellantlıq mövcuddur. Bunun özünün bir fəlsəfəsi var. Məşhur “Paris Notrdam Kilsəsi” əsərində belə bir epizod var ki, Esmeraldanı sevən rahib özü-özünü döyür. Bunun mənası budur ki, əgər sən günah etmisənsə, demək, nəfsin sənin üstündə ağalıq etməyə başlayıb. Yəni, buna görə özlərini cəzalandırmaq üçün özü-özlərini döyürdülər. Şiəliyin flagellantlığının, yaxud, əzadarlığın isə heç bir fəlsəfəsi yoxdur. Bu, sadəcə olaraq, yas mərasimlərini daha effektli göstərmək məqsədi daşıyır. Yəni, bir fəlsəfəsi olmadığı üçün əzadarlığı cəhalət kimi qəbul edə bilərik”.

Qeyd edək ki, bir müddət əvvəl əzadarlıqla bağlı məsələ deputat Fazil Mustafa ilə jurnalist Rəsul Mirhəşimli arasında mübahisəyə səbəb olmuşdu. Jurnalist deputatın əzadarlığın islam dini ilə əlaqəsinin olmadığı iddiasını absurd adlandırıb. Mübahisə tərəflərin biri-birlərini təhqir etməsinə də səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər