Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında qanun layihəsi qəbul edilib.
Teleqraf.com xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Əli Hüseynli məlumat verib.
Qanuna əsasən, dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində əldə olunan məlumatlar itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması zamanı istifadə ediləcək. Dövlət daktiloskopik qeydiyyat qanuna müvafiq olaraq məcburi və ya könüllü olaraq aparılacaq.
Lakin bəzi şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçiriləcək. Bura ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla), müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşları, sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri, mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan, cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş, müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (15 yaşı tamam olmamış uşaqlar istisna olmaqla), Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan, Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər daxildir. Naməlum meyitlər də məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış daktiloskopik məlumatın maddi daşıyıcılarının nüsxəsi ölkə üzrə vahid məlumat bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin nüsxədə məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar, dövlət daktiloskopik qeydiyyatının aparılmasının əsası və tarixi, daktiloskopik məlumatı hazırlamış müvafiq icra hakimiyyəti orqanının adı qeyd edilir.
Azərbaycan Respublikasının vətəndaşları, ölkə ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər könüllü dövlət daktiloskopik qeydiyyatından keçmək hüququna malikdirlər.
Daktiloskopik məlumatların ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla), mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar, cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslər, müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (15 yaşı tamam olmamış uşaqlar istisna olmaqla) üçün onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək), şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər və naməlum meyitlər şəxsiyyəti müəyyən edilənə qədər (lakin 80 ildən çox olmamaqla) saxlanılmalıdır.
Məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, miqrasiya orqanları daktiloskopik və genetik məlumatlardan istifadə etmək hüququna malikdirlər.
Daktiloskopik məlumat bankında və DNT məlumat bankında saxlanılan məlumatlar xarici dövlətlərin dövlət orqanlarına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq verilə bilər. Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Dövlət daktiloskopik və genom qeydiyyatını aparan orqanların və vəzifəli şəxslərin insan və vətəndaşların hüquq və azadlıqlarını pozan qərarından, hərəkət və (və ya) hərəkətsizliyindən inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.