17 İyun 2018 11:26
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın tanınmış pop müğənnisi Azərbaycan dilində keçirmək istədiyi konsertə icazə verilmədiyi üçün gitarasını yandırıb.

Teleqraf.com xəbər verir ki, azərbaycanlı gənc müğənni Peyman Keyvani əvvəlcə gitarasını qırıb, sonra onu yandırıb. O bununla konsertə icazə verməyən Ərdəbil əyalətinin İslami İrşad və Mədəniyyət İdarəsinə öz etirazını bildirib.

P.Keyvani gitarası alov içində yanarkən deyib:

“Mən türkcə konsert üçün icazə istəyirəm, məsullar bu tələb qarşısında başağrısına düşürlər. Ərdəbil Əyaləti İslami İrşad və Mədəniyyət İdarəsinə etirazım var. Ümid edirəm ki, bununla bağlı səlahiyyətli orqanlar bizə yardım edəcək. Nə üçün ana dilimdə musiqiyə və konsert keçirməyə icazə verilmir?! Mən bu vəziyyətə etiraz olaraq gitaramı yandırıram, bundan sonra da heç vaxt Ərdəbildə konsert verməyəcəm və inşallah, yaxın zamanda bu şəhərdən gedəcəm”.

Gənc müğənninin etirazı sosial şəbəkə istifadəçilərinin də diqqətini çəkib. Soydaşlarımız P.Keyvaninin “İnstaqram” səhifəsində komentlər dərc edərək onu dəstəklədiklərini bildirib və ondan var gücü ilə yolunu davam etdirməsini istəyiblər.

Qeyd edilir ki, P.Keyvani Güney Azərbaycanda tanınıb-sevilən müğənnilərdən biridir, onun əksər mahnıları vətənpərvərlik mövzusundadır.

İranda azərbaycanlı müğənnilərin əksəriyyəti konsert keçirmək üçün oxşar problemlə üzləşir. İslami İrşad və Mədəniyyət İdarəsi Azərbaycan şəhərlərində fars dilində konserti dəstəklədiyi halda, azərbaycanlı müğənnilər min bir problemlə üzləşir.

Bundan əvvəl “Dalğa” Musiqi Qrupunun rəhbəri Çingiz Mehdipur və tanınmış gənc müğənni Əli Purmehr də Azərbaycan musiqisinə tətbiq olunan ayrı-seçkiliklərə kəskin etiraz bildirmişdilər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər