Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xəzər rayonu, Buzovna qəsəbəsinin Xəzər dənizi sahili zolağına çirkab suyun axıdılması ilə bağlı şikayət daxil olub.
Nazirliyin Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, şikayətlə bağlı Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində monitorinq və araşdırma aparılıb.
Sözügedən ərazidən çirkab su axan hissədən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə suyun tərkibində çirkləndirici maddələrinin normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı əraziyə cavabdeh olan Bakı Sukanal İdarəsinin rəisi Habil Quliyev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.