26 Avqust 2018 13:14
6 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milləti, dövləti və insanlıq üçün gözəl işlər görən Mehriban xanıma uzun illər sevdikləri ilə bərabər gözəl doğum günləri qeyd edə bilməyi və gələn doğum gününü Ali Baş Komandanımızla, bütün ailəsi və xalqımızla birlikdə Şuşada da qeyd edə bilməyi diləyirəm. Çünki ən böyük arzularının önündə gələn torpaqlarımızın işğaldan azad edilməsi üçün o da Ali Baş Komandanla birlikdə yorulmadan çalışır. Bilirəm, Qarabağ Sizin qəlbinizin ən böyük yarasıdır. Sizə ən böyük arzum yaxın gələcəkdə öz doğum gününüzü Şuşada keçirməyinizdir! İnşallah, O gün uzaqda deyil.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.

Millət vəkili vurğulayıb ki, Mehriban Əliyeva təkcə birinci xanım deyil, həm də prezident İlham Əliyevin ən yaxın silahdaşıdır: “Azərbaycanın inkişafı, gələcəyi uğrunda onunla çiyin-çiyinə mübarizə aparan ən yaxın silahdaşıdır. O, Azərbaycanın köklü bir ailəsinin qızı, köklü bir ailənin isə gəlini olaraq Vətənə, millətə xidmətin başlıca məqsəd olduğu bir mühitdə həyata addımlarını atdı. Babası ünlü Azərbaycan yazıçısı və alimi Mircəlal Paşayev SSRİ-nin ən ağır dönəmlərində belə milli düşüncə ruhunu gənclərə aşılamaq üçün ədəbiyyatdan bir silah kimi istifadə edib. Ana babası isə ünlü jurnalist, gözəl ziyalı Nəsir İmanquliyev idi. Xanım Əliyeva Azərbaycan Aviasiyasının inkişafında böyük xidmətləri olan, ünlü alim, Aviasiya Akademiyasının rəhbəri Arif Paşayevin və təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında və dünyada sayğı ilə xatırlanan məşhur ərəbşünas alim Aida İmanquliyevanan tərbiyəsi ilə böyüyüb. İkinci böyük və çox önəmli məktəbi isə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ailəsində keçib. O, hər zaman ailəsinin adını daha da yüksəkliklərə qaldırdı. Mükəmməl övlad, mükəmməl gəlin, mükəmməl həyat yoldaşı, mükəmməl ana və mükəmməl nənə oldu. Ən əsası isə, o, millətinə və Vətəninə mükəmməl bir övlad oldu! Mehriban Əliyeva qadının ailəni karyeraya, karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl örnəyidir! O, gənc qızlar və qadınların kumirinə çevrilib. Ona oxşamaq istəyənlərin, onun fəaliyyətindən ruhlananların sayı həddindən artıq çoxdur! Bu gün dünya ondan danışır. Azərbaycanın “FİRST LADY”sindən! O, sözün həqiqi anlamında bu gün bütün türk və müsəlman dünyasının lider qadınıdır”.

Qənirə Paşayevanın fikrincə, Mehriban Əliyeva öz fəaliyyəti ilə önəmli bir tarix yazır: “Onun yazdığı tarixin hər sətri insanlara sevgi ilə doludur. Onun həyat düsturu özünün bu sözləri ilə ifadə oluna bilər: “Xoş söz, xoş niyyət, xeyirxah əməl”. Minlərlə insana öz xeyirxahlıq əlini uzadıb, yüzlərlə insanı həyata qaytarıb,yüzlərlə insana ən çətin anlarında dəstək olub, neçə-neçə qadının dövlətin və toplumun həyatında fəal rol oynamasının böyük dəstəkçisi olub və olmaqda davam edir.

Mehriban xanım hər zaman, şəxsən mənim həyatımın ən ağır anlarında sanki bir mələk kimi yetişib, əlini uzadıb və dəstək göstərib. Bir qədər özəl olsa da, bir çox insanların onun necə bir qəlb sahibi olduğunu bilməsi üçün sadəcə iki xatirəmi bölüşmək istərdim: Televiziyadan ayrılmışdım və rəsmən işsizdim. Asan günlər deyildi mənim üçün və gələcəyi düşünürdüm – necə olacaq, nə təhər olacaq.!? –Uzun illər çalışdığın bir kollektivdən ayrılmaq və belə deyək, bir qeyri-müəyyənlik içində olmaq asan iş deyil... Tam da o sırada Mehriban Əliyeva bir mələk kimi əlini uzatdı. İlk görüşümüzü xatırlayıram... o səsdə özgüvən vardı və özgüvən verirdi; o səsdə güc vardı və güc verirdi... Sonra söhbət etmək imkanım oldu və mən onun insan kimi qəlbinin böyüklüyünə, insanlıq duyğularına heyran qaldım..! Ondan öyrənəcək o qədər çox şey var ki..! Cəmi 30 yaşım vardı və ilk dəfə seçkilərə qatılmışdım. Yadımdadır, seçkidən təxminən 20 gün öncə qəfildən atamı itirdim. Yıxılmışdım, bütün dünya mənim üçün çökmüşdü... Seçkiləri tamamilə unutmuşdum. Nə görüşlər keçirməyə, nə debatlara... heç bir gücüm, heyim qalmamışdı sanki. Bu an telefonum zəng çaldı. Mehriban xanımın mənə başsağlığı verməsi və həyatın anlamı ilə, olum və ölümlə bağlı qiymətli fikirlər söyləməsi...O səs, o duyğu, o duyarlılıq, o söhbət məni ayağa qaldırdı və bir həftə sonra yenidən seçki görüşlərimə başladım. Bu gün burada, bu yerdəyəmsə -ictimai-siyasi mühitdə hansısa uğurum olubsa, bir sıra mədəni-kütləvi tədbirin təşkilatçısı olmuşamsa, bununçün ona çox şey borcluyam və hər zaman da bu borcluluq hissim mənimlə olacaq”.

Bu illər ərzində Mehriban Əliyevadan çox şey öyrəndiyini deyən Qənirə Paşayeva qeyd edib ki, həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir: “Öyrəndim ki, nə böyük, nə də kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən...Öyrəndiklərimin hamısını saymaqla qurtarmaz ancaq yığcam şəkildə bir öyrənimimi fərqləndirəsi olsam, onun adı insanlıq olardı...Mənim Heydər Əliyev Fondunda çalışdığım ilk günlərdə, tənqidi mövqeli mətbu fəaliyyəti ilə seçilən bir jurnalistimiz bizə müraciət etdi, övladının sağlıq durumu ağırıydı və ona təcili kömək lazım idi. Bu üzüntülü xahişi Mehriban xanıma çatdırdıq. Həmən kömək etdi. Jurnalist qardaşımızın bu köməyə görə mətbuatda təşəkkür yazmaq istəyini eşidəndə isə cavabı ibrətamiz oldu: Deyin, bunu onun üçün etmədik..! Sonra belə hadisələr dəfələrlə oldu. Böyük ürəkli, geniş üfüqlü bir insan, əsl xeyirxahlıq mələyi kimi tanıdım onu... O bu gün Azərbaycan qadınınına əsl örnəkdir. Minlərlə qız, gənc qadın ondan öyrənir, ona bənzəməyə çalışır. O bu gün Azərbaycan qadınının simasıdır, birinci xanımdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər