Bir neçə gün əvvəl Bakının Sahil qəsəbəsində 27 yaşlı kişi evə gələn təmizlik işçisinə qarşı əxlaqsız hərəkətlər edib. Çıxılmaz vəziyyətdə qalan 46 yaşlı qadın canını qurtarmaq üçün özünü binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı atıb.
Bəs təmizlik şirkətləri işçiləri necə seçir, belə hadisələrdən onların qorunması necə təmin olunur?
Teleqraf.com olaraq kiçik araşdırma apardıq.
Hüquqşünas Rafiq Alışov deyir ki, hər bir şirkət işçisiylə xidmət müqaviləsi bağlamalıdır: “Çox vaxt qadınlar müqavilə bağlamadan işə gedir, problem olanda isə hüquqları pozularaq ortada qalırlar. Müqavilə yoxdursa, hara müraciət etsələr də, heç kim kömək göstərə bilmir.
Təmizlik şirkəti hansısa mənzilə, obyektə işçi göndərirsə, onların öz arasında, daha sonra həmin şirkətin xidmət göstərdiyi şəxslə ayrıca müqaviləsi olmalıdır.
Təmizlik adı altında firmalar yaradılır, onlar da qadınları çağırıb işə göndərir, bəzən isə heç pulunu da vermirlər”.
Hüquqşünas deyir ki, məsələ təkcə müqavilə bağlamaqla bitmir , burda əsas şərtlərdən biri də müqavilənin mətnidir: “Xidmət müqaviləsində şərtlər göstərilməli, bunun üçün də hüquqşünasa müraciət etməlidirlər. İstənilən şəxs müqaviləni oxumadan, baxmadan imza etməməlidir, onun müddəaları ilə ətraflı tanış olmalıdır”.
“Primera Cleaning” təmizlik şirkətinin direktoru Valid Əsədov işçiləri seçərkən qeydiyyat prinsipinə əsaslandıqlarını deyir. “Bizdə işçilər qeydiyyatdan keçirlər. Lazım olanda biz onlara zəng vurub, istəklərinə uyğun işlərə göndəririk. Öz istəklərini də nəzərə alırıq”.
Adı çəkilən hadisəyə münasibət bildirən direktor deyib ki, onlar belə hadisəylə qarşılaşmayıblar: “Əlbəttə, biz öz işçimizi müdafiə etməliyik. Amma işçini harasa göndərəndə qarşı tərəflə aralarında problem olursa, bu, artıq onların öz işləridir. Biz sadəcə vasitəçiyik. Amma çalışırıq qadın təmizləyicələri tək-tək göndərməyək”.