Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə mühacirətdə çap etdiyi “Qurtuluş” jurnalında 15 sentyabr – Bakının işğaldan azad edilməsi ilə bağlı məqalə yazıb.
Teleqraf.com həmin yazını təqdim edir:
***
15 sentyabr münasibətilə
Bundan 19 il əvvəl sentyabrın 15-də Bakıda Azərbaycan tarixinin mühüm bir hadisəsi baş verdi! Bugün milli qurtuluş hərəkatımızda tarixi mərhələ təşkil edən böyük bir zəfər qazanıldı! Milli Azərbaycan qüvvələri onların köməyinə gələn qardaş Türkiyə qüvvələri ilə birlikdə düşmən istilası altında olan Bakını əsirlikdən xilas etmiş və bu surətlə yeni Türk tarixində silinməz iz buraxan Azərbaycan Cümhuriyyətinin qurulmasını felən təmin etmiş, fikrən də əbədiləşdirməyə vəsilə olmuşdur!
Azərilərin türklərlə birlikdə Bakıdan qovduqları birləşmiş qüvvə türklüyün və müsəlmanlığın yaxşı tanıdığı tarixi düşmən olan rus imperializmi idi.
Sadəcə türklüyün və müsəlmanlığın deyil, eyni zamanda Qafqaz ilə Rusiya məhkumu bütün millətlərin də əbədi düşməni olan bu imperializmin daşıdığı cürbəcür rəngləri və istifadə etdiyi hər cür taktikasını 6-7 ay sürən əsarəti dövründə Bakı birbaşa görmüş, rus vəhşətinin hər növünə, qanlı qırğınlara məruz qalaraq dözmüşdü.
Bayraqlarında millətlərə istiqlal şüarını yazan yalançı bolşeviklər məlum Şaumyanı Çar Rusiyasının vəd edib amma icra etmədiyi dənizdən dənizə uzanan Ermənistanı təşkil etməyə vəkil etmişkən (“Dekret Nr.13”) muxtariyyat istəyən Azərbaycanı “xarabazara döndərmək” istədilər! (1917-də Bakıda çıxan “Bakinski Raboçi”)
Od vurulan Şamaxı şəhəri ilə qılıncdan keçirilən Quba və ətrafındakı qırğınları “qanlı mart günləri” ünvanı ilə tamamlayan hadisələr silsiləsi, rəngdən rəngə girdiyinə rəğmən rus imperializminin milli Azərbaycan ideyasına qarşı duyduğu düşmənliyin qanlı ifadəsindən başqa bir şey deyildi.
Bu hadisələr, milli xilası özlərindən deyil, beynəlmiləl idealogiya pərdəsi altında gizlənən inqilabçı rus fəhləsi və sözdə insaniyyətçi davranan rus marksistlərindən umanların nə qədər qəflət və zəlalətdə olduqlarını göstərdi...
Bir idealın gerçəkləşməsi üçün o idealla orqanik surətdə bağlı olan güclərə güvənmək və ancaq onlardan nicat gözləmək şərtdir!
15 sentyabrda Bakıda elan olunan milli zəfər məhz bu qaydanın zəfəridi!
Milli Azərbaycan idealı türklüyün əbədi düşməni rusluqdan doğan “Moskva fəhləsi”nin köməyi ilə deyil, əksinə, ona qarşı öz gücü ilə və qardaş türk köməyilə qurtarılmışdır!
Milli güclərlə milliyyət adına və milli istiqlal üçün! Budur 15 sentyabr zəfərinin ifadə etdiyi məna!
Milli mənfəətlərin bu düstur xaricində də müdafiə edilə biləcəyini təsəvvür edən qafillərə, təkrar xarici əlinə keçmək bədbəxtliyinə düşən Azərbaycanın 17 ildən bəri davam edən faciəsi bariz misaldır və öyrədici bir fəlakətdir!
Rus bolşevizminə məhkum və əzilmiş millətlərin beynəlmiləl hamisi kimi baxan “27 aprel qəhrəmanları”ndan bu gün millətçilik və casusluqda ittiham olunub təmizlənməyən tək bir nəfər də qalmayıb.
15 sentyabr zəfərindən əvvəl millətçilik və istiqlalçılıq əzm və duyğusu bir idi, indi isə mindir.
Dünya qurtuluşumuzu yenidən başdan təmin edəcək hadisələrlə doludur!
Qırmızı çarlıq bəyazından daha müdhiş bir çöküşlə yıxılmağa məhkumdur!
Sovet imperializminin xarabalığı üzərində mənfi heç bir təlqinin, pozucu heç bir təsirin məhv edə bilmədiyi istiqlal fikri Azərbaycanın atəş dolu torpaqları altındakı sönməz qalan alov kimi təkrar parıldayacaq və mübarək nuru ilə qızıl qaranlıqda boğulan sevgili yurdumuzu əbədi aydınlığa aparacaqdır!
Üç rəngli milli Azərbaycan bayrağı təkrar yurdumuzun üfiqlərində yüksələcəkdir!
Çəmbərəkənddə qardaş məzarlığında yatan 15 sentyabr şəhidlərinin onlardan örnək və düşməndən intiqam almağa çağıran ali ruhlarını minnətdarlıqla anaraq bugün vətənsevər bütün azərbaycanlıları vətən, millət və istiqlal uğrunda fədakarlığa çağırırıq!
Budəfəki sentyabr zəfəri İzmirdəki sentyabr zəfərinə bənzəyəcək, Bakı müvəqqəti deyil, əbədiyyən xilas olacaq, Azərbaycan heç bir zaman milli bayrağından bir daha ayrılmayacaq!...
Dilimizə uyğunlaşdırdı: Dilqəm Əhməd