Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Rəşid Alimovla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə baş katibə mərkəzin genişmiqyaslı fəaliyyəti, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən layihələri barədə ətraflı məlumat təqdim olunub.
R.Alimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mədəniyyətlərarası dialoqa töhfə vermək cəhdlərini yüksək qiymətləndirib. O, mərkəzin fəaliyyətini izlədiyini diqqətə çatdırıb.
Bundan başqa, Çinin Xarici Əlaqələr İnstitutunda keçirilən görüşdə əməkdaşlığın gələcək perspektivləri barədə müzakirələr aparılıb. ABŞ-ın Nyu-York şəhərində keçirilməsi planlaşdırılan növbəti ali səviyyəli toplantı və 2019-cu ildə Çində keçiriləcək tədbirlə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi olub.
Mərkəzin üzvləri – Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Bosniya və Herseqovinanın Baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumciya, Albaniyanın sabiq prezidenti Boyar Nişani, Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev II Tayxe Beynəlxalq Sivilizasiya Forumunda da iştirak ediblər. Forumda dünyanın tanınmış ictimai xadimləri, siyasət və dövlət adamları qatılıb. ŞƏT-in Baş katibi Rəşid Alimov forumda çıxış edib.