18 Sentyabr 2018 14:22
13 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohididir. Onunla 100 il öncə bu günlərdə baş verən hadisələr – Bakının işğalı, işğaldan azad edilməsi və az sonra baş verən proseslər mövzusunda həmsöhbət olmuşuq.

(II HİSSƏ)

Əvvəli burada: https://teleqraf.com/news/toplum/185260.html

Denstervil yazır ki, artıq türklərin qarşısını almaq mümkün deyil

Qurban Yaquboğlu: – Sentrokaspi hökumətinin başçısı kim olur?

– Bu, 2 eser,5 daşnak və 1 menşevikdən ibarət koalisyon hökumət olur. Vahid liderləri olmur. Hökumətin adını diktatura, özlərinə də diktator adı qoyurlar. 1918-ci il avqustun 1-də yaradılan həmin qurumun tam adı “Sentrokaspi və Fəhlə-əsgər deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası” adlanır.

Onlar gedib ingilisləri Bakıya dəvət edirlər. Ancaq sonra özləri də təəssüflə qeyd edəcəkdilər ki, ingilislərə 25 min pud neft vəd olunduğu halda onlar 62 min pud nefti pulsuz aparırlar. İngilislər neftin iyinə gəlirlər və başqa məramlar da var. Diktatorlar qeyd edirlər ki, heç lazım olan qədər döyüşçü də gətirmirlər. İngilis ordusunun komandanı, general-mayor Lionel Denstervil də Nuru paşa kimi deyir, mən 1000 nəfərə yaxın zabit heyəti ilə gəlirəm ki, sizinkilərə təlim keçəcəyəm. Çoxlu fotolar var. Denstervilin xatirələri var. O xatirələrdə ingilis general-mayor Sentrokaspi Diktaturası əsgərlərinin – hansılar ki, əsasən ermənilərdən ibarət idi, – nə etdiklərini, necə döyüşdüklərini, döyüşdən qaçmaları, mitinq keçirmələri haqda geniş bəhs edir. Yəni, onları çox pis xarakterizə edir. Qeyd edir ki, onlar belə bir şəraitdə müharibə aparırlar. Denstervil sonda yazır ki, dünyanın hansı gücü gəlsə idi, artıq türklərin qarşısını almaq mümkün deyildi.

Bakı əhalisi türklərlə işbirliyində idi

Bir haşiyə də çıxmaq istərdim. Bakı tamamilə diktaturanın əlində idi. Ancaq Bakıda türklərə kömək edən yerli camaat və xeyli sıravi müsavatçı vardı. Onların rolu sonradan ortaya çıxdı. Əhali türklərlə işbirliyinə getdi. Onlar diktaturanın planlarını, fotolarını, xəritələrini əldə edib türklərin qərargahına ötürürdülər. Denstervil yazır ki, türklərin agentləri sanki bizim yanımızda idi. Hara gedirdimsə, orda bir təxribat törədilirdi. Məsələn, iki-üç gün “Avrora” hotelində qalır. Bu harda qalırsa, ora bir bomba düşür. İngilis general yerini tez-tez dəyişməli olur. Yerini dəyişməyi ilə də bomba gəlib onun olduğu yerdə partlayırdı. Axırda görür ki, yer tapmır, gedib öz gəmisində – “Kroger”də gizlənir. Sonra yazır ki, gecə ikən qorxu içində gedib bir türklə görüşüb. O, görüşdüyü həmin zabitin adını yazmır. Ancaq qeyd edir ki, bu görüş ona yaxşı təsir bağışladı və bir qədər fikrini dəyişdi. Biz onun xatirələrini gərək çoxdan tərcümə edəydik, ancaq hələ də etməmişik.

Səxavət Həmid: – Döyüşlər barədə bir qədər danışmağınızı istərdik...

– Sentyabrın əvvəllərində Nuru paşa və Azərbaycan Milli Ordusu bütün istiqamətlərdə hücuma keçir. Həlledici döyüş başlayır. Buna qədər isə bizimkilər Xəzər dənizindən desant çıxararaq, sahilyanı kənləri bir-bir almağa başlayırlar. Bir növ indiki hibrid döyüşlərinə bənzər bir döyüş aparırlar. Bir-bir kəndləri alıb dayanırlar. Ancaq çox ağır döyüşlər gedir. Xüsusilə, Qurd Qapısı tərəflərdəki yüksəkliklərdə, Binəqədi tərəflərdə şiddətli döyüşlər olub. Azərbaycan Milli Ordusu da dəmiryolu ilə irəliləyib. Onları Fətəli xan Xoyski özü şəxsən müşayiət edib. İrəlilədikcə qərargah irəliyə çəkilir. Erməni əsgərləri də artıq döyüşmürlər, yaxud pis döyüşürlər. Hərbi mövqeləri qoyub kəndlərə gedib soyğunçuluq edirlər. Evlərə soxulub qarətlə məşğul olurlar. Bilirsiniz, o ərəfədə yerli camaatdan nə qədər insanı öldürüblər? Hədsiz dərəcədə çox.

Bir kənddə evlərdən birinə daxil olub görüblər ki, 18 yaşlı bir gənc quş uçurur. Ondan şübhələnirlər ki, bu, quşlarla xəbər göndərir. Həmin gənci valideynlərinin gözü önündə gülləyirlər. Erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış və 1918-ci ilin iyulun 15-dən 1920-ci ilin aprelinədək fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində bu fakt var.

Təsəvvür edin ki, Bakı camaatı 5 ay idi bunların əlində girov idi. Gecələr bayıra çıxa bilmirdilər. Şəhəri tərk etməyə ixtiyarları yox idi. Kəndlərə getmək qorxulu idi. Bir də görürdün, bütöv kəndlərə daxil oldular, ev-ev içində nəyi var yığdılar, sonra da od vurub getdilər. Şəhərdə özbaşınalıq hökm sürürdü. Ona görə də hamı Bakının xilası üçün çalışırdı.

Bolşeviklər 80 min pud qızılla qaçmağa cəhd edirlər

Onu da deyim ki, hələ Bakı Kommunasının vaxtında kömək üçün Ukrayna cəbhəsindən Bakıya çağırılmış Qriqori Petrovun 800 nəfərlik qoşunu yaxşı döyüşüb. Onlar indiki Bakı buxtasından şəhərə toplardan atəş açırlar. Devrilmiş bolşevik hakimiyyəti – Bakı komissarları talan etdikləri varidatla birgə iki dəfə qaçmağa cəhd edirlər. Onlar 80 min qızıl pul ələ keçirmişdilər. Sentrokaspi hökuməti onları iki dəfə dənizdən qaytarır. Apardıqlarını da əlindən alır, özlərini isə zindana salır. Bakı alınan günlərdə komissarlar hamısı Bayıl həbsxanasında idilər. Bolşeviklərdən yalnız Anastas Mikoyan, bir də gürcü menşeviki Amo-Bek Nazarov bayırda idi.

Xristian Bakısı heç bir sutka da davam gətirə bilmir

Denstervil sentyabrın 12-də başa düşür ki, bu ordunun qarşısını almaq mümkün deyil. Diktatorları müşavirəyə toplayır. Deyir ki, mən sizə kömək etməyə gəlmişdim. Mən gəlməmişdim ki, siz burda kef çəkəsiz, əylənəsiz. Çünki onlar Bakıda müxtəlif yerlərə gedirmiş, qızlarla gəzməyə, əylənməyə və sair. Denstervil deyir, bəs mən gedirəm. Heyətini gəmiyə yığıb çıxanda Sentrokaspi hökuməti topları onun gəmisinə tuşlayıb deyir ki, bu qədər neft vermişik, nə ixtiyarın var getməyə? Sən heç lazımınca əsgər-filan da gətirməmisən. Şəhərin müdafiəsinə qayıt. Denstervil görür ki, çıxmaq mümkün deyil. Yenidən Ənzəlidən 1000-dən çox əsgər gətirdir. Onları müdafiə xəttinə yığırlar. Ayın 13-dən 14-ə keçən gecə hardasa 14 saat ağır döyüşlər gedir. Bakının alınması uğurunda ən ağır döyüş orda olur. Döyüş gecəyədək davam edir. Hər iki tərəf əldən düşür. Denstervil görəndə ki müdafiə xəttini qorumaq mümkün deyil, gecə ikən əsgərlərini yığır, işıqları da yandırmadan sakitcə açıq dənizə çıxır, ordan Ənzəliyə gedirlər. Sentrokaspi Diktaturasının əsgərləri səhər durub ingilislərin qaçdığını görəndə çaxnaşmaya düşürlər. Orduda böyük panika başlayır. Erməni qoşunlarının komandanı Yakov Baqratunidən tutmuş digər ordu rəhbərlərinədək hamısı limana axışır və şəhərdən qaçmağa başlayırlar. Beləliklə, xristian Bakısı heç bir sutka da davam gətirə bilmir.

– Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun şəhərə daxil olması necə baş verir?

– İranın burda bir yaxşı konsulu vardı, özü də marağalı idi. Səid Məhəmməd əl-Vəzarə Marağeyi 1918-ci ilin mart hadisələrində də çox aktiv iştirak edib. Həmin konsul görəndə ki, qoşun gəlib Bakını alır, ağ bayraq və İranın bayrağını götürüb türklərlə danışığa gedir. Deyir ki, sakit gəlin, əmin-amanlıq olsun. İngilislər qoşunları, eser-menşevik, erməni-daşnak və bolşevik qalıqlarının qaçması sentyabrın 15-də türklərə də məlum olur. Ancaq türklər şəhərə girmirlər. Bu, çox mühüm məqamdır. Ordu və hökumət 3 gün ərzində şəhərə girmir. Ermənilər bilirdilər ki, azərbaycanlılar mart hadisələrinin qisasını alacaqlar. Şəhər camaatının bir hissəsi də buna hazırdır. Bu barədə çoxlu mənbələr var. Erməni əhalisi vahimələnir. Sahilə tökülüblər, qaçan qaçır. Rus matrosları kim pul verirmişsə gəmiyə buraxır, kim pul vermirsə süngü ilə birbaşa dənizə atırlarmış. Bunu da erməni mənbələri deyir. Ermənilərin bir demoqrafının “Velikiy ujas v qorode Baku” adlı kitabı var. Xalq Cümhuriyyəti 1918-ci ilin mart hadisələrini təhqiq edən Fövqəladə Təhqiqat Komissiyası yaratdığı kimi ermənilər də Bakı alınandan sonra erməni əhalisinə münasibətdə baş verən hadisələrə dair bir Anket Komissiyası yaradıblar. Hamısı da hədsiz dərəcədə boş-boş rəqəmlərdir. Biz bunu ifşa etmişik. Amma 3-4 məqam yazırlar. Yazırlar ki, başını itirmiş erməni qadınları gəmidə yer tapmırdılar və özlərinə yer tapmaq üçün qucaqlarındakı körpələri dənizə atırmışlar. Mən də yazıram ki, erməni demoqraf bu itkilərin arasına erməni qadınlarının atdıqları körpələri də salır. Atmayaydılar. Məgər bilmirdiniz ki, onları hara atırsınız? Erməni mənbələri onu da yazırlar ki, sentyabrın 15-dən sonrakı 3 gün ərzində körpələrin meyidləri üst-üstə qalaqlanır. Bunlar boş-boş fikirlərdir. O qədər körpə hardan tapıldı ki, meyidləri üst-üstə qalaqlandı? Sözsüz ki, erməni mənbələri böyük şişirtməyə yol veriblər. Bildiyiniz kimi bir qədər sonra – 18 yanvar 1919-cu ildə Paris Sülh Konfransı başlayır. Ermənilər Bakının alınmasından sonrakı günlərdə baş verən hadisələrlə bağlı Azərbaycan əleyhinə Parisdə fotolarla, digər təbliğat materialları ilə böyük kampaniyaya başlayırlar. Azərbaycan Cümhuriyyəti hökuməti məcbur olub ki, Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin bir hissəsini və fotoların bir hissəsini Parisə göndərir. O sənədlər və fotolar Parisdə də qalır. Yəni, bu cür məqamlar olub.

Dördü türk əsgəri olmaqla 104 azərbaycanlı asılır

– Bəs, 3 gündən sonra nə baş verir?

– Üç gündən sonra Azərbaycan Cümhuriyyəti hökuməti şəhərə daxil olur. Daxil olduqdan dərhal sonra Nazirlər Şurasının sədri Fətəli xan Xoyski bəyanat verir. Bəyanatda bildirilir ki, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşların təhlükəsizliyi, bütün hüquqları təmin olunacaq. Şəhər artıq dağılırmış. Bilirsiniz, həmin məqamlarda bir qədər xaos, özbaşınalıq olur. Belə olduğunu gördükdə 11 yerdə dar ağacı qurulur. Dar ağacları indiki Fəvvarələr meydanında, Dənizkənarı Bulvar ərazisində, Dəmiryol Vağzalının yaxınlığında, Füzuli meydanında qurulur. Dördü türk əsgəri olmaqla 104 nəfər azərbaycanlı asılır. Quldurluq, oğurluq edənlər asılır, onların yanında oğurladıqları əşyalar qoyulur. Bunlar faktlardır. Havadan götürülmüş sözlər deyil. Məqsəd də şəhərdə əmin-amanlığı təmin etməkdən ibarət olub.

Sentyabrın 15-dən sonrakı 3-4 gün ərzində türk ordusunun və Güzdək tərəfdən Azərbaycan Milli Ordusunun şəhərə böyük bir yürüşü olub. Nuru paşa da Mürsəl paşa ilə birgə at üstündə şəhərə daxil olub.

– Yerli əhali onları necə qarşılayıb?

– Bu, şəhər camaatının aylarla gözlədiyi bir hadisə idi. Bütün balkonlar, bütün küçələr, evlərin damları insanla dolub daşır. Şəhərdə ilk yürüşü müsavatçılar edirlər. Onlar keçid edərkən Əhməd Cavadın qalibiyyət ruhlu “Bismillah” şerini ucadan oxuyurlar.

“Ey Bakı, sən qorxma, gəldin, gələli
Səninçin atıldıq daim irəli!
Sağ qalanlar annələrə təsəlli,
Şəhidlərin ruhu gülər, Bismillah!

Onların buna tam haqları var idi. Çünki şəhərdən türk ordusuna ən gərəkli, ən gizli məlumatları müsavatçılar ötürüblər.

İstanbuldan Bakı ilə bağlı gündüz bir, gecə başqa bir əmr gəlirdi

– Bakı uğrunda döyüşə beynəlxalq ictimaiyyətin reaksiyası necə idi? Xüsusən, Almaniyanın bu əməliyyata qarşı çıxmasına nə səbəb olmuşdu?

– Bu yerdə bir qədər geri – iyul-avqust aylarına qayıtmalıyıq. Həmin dövrdə Bakı uğrunda döyüşlər artıq dünya ölkələrinin diqqətini cəlb etmişdi. Bolşevik Rusiyası ilə Türkiyənin müttəfiq olmasına baxmayaraq, Almaniya qəti surətə türklərin Bakını tutmasını istəmir. Bolşevik Rusiyası avqustun 27-də Almaniya ilə müqavilə bağlayır ki, Bakı neftinin müəyyən hissəsinin almanlara verilməsi şərtilə onlar türklərin qarşısını alsınlar. Almanları böyük bir təzyiqi olur. İngilislər də çox narahatdırlar. Onlar qorxurlar ki, türklər Bakını aldıqdan sonra Orta Asiyanı da alacaq. Gedib onun müstəmləkəsi olan Hindistan sərhədinə çıxacaq. İngilislər heç bir vəchlə razı deyillər ki, türklər Bakını alsınlar. Bakını almaq əslində bütün Azərbaycanı almaq, bütün regionu ələ keçirmək demək idi.

Xarici qüvvələr təbii ki, bu hadisələrə azərbaycanlıların hərəkatı kimi baxmırdılar. Onlar buna türk ordusunun hərbi əməliyyatları kimi baxırdılar. Görünür, türk ordusunun içində də belə əhval-ruhiyyə var idi. Ancaq Ənvər paşaya, Osmanlı dövlətinə böyük bir təzyiq var ki, qoşununu yığışdır. Bunlar cavab verir ki, bizim o qoşuna dəxlimiz yoxdur. O orduya Qafqaz İslam Ordusu adının verilməsi də əvvəlcədən əməliyyatları Osmanlı dövlətindən aralamaq idi. Guya Nuru paşa Azərbaycan siyasi qüvvələrinin dəvəti əsasında öz təşəbbüsü ilə Azərbaycana gedib. Yəni, Osmanlı dövləti özünü hər vəchlə kənar tuturdu. Tutmaya bilmirdi. Çünki çox böyük bir təzyiq var idi. Özləri də o dövrdə I Dünya müharibəsində iştirak edirdilər. Bundan başqa Osmanlı dövləti yetkililəri gündüz Nuru paşaya əmr verirdi ki, əməliyyatları saxlayın, dayanın, geri çəkilin. Gecə isə çapar gedirdi ki, Bakını mümkün olduğu qədər tez alın. Bax, o 40 gün ki, türk ordusu Bakı ətrafında dayandı, həmin dayanmağın səbəblərindən biri böyük təzyiqlərin olması idi. Elə olurdu ki, zabitlər ordunun dincəlməsi üçün 2 gün möhlət istəyirdi. Nuru paşa deyirdi, vaxt yoxdur.

Almanlar türk ordusunun Bakını alacağını görəndə bu prosesdə əllərinin olmasını istəyirlər. Gürcüstanda böyük bir alman korpusu var idi. Almanlar deyirlər ki, bizim korpus da türk ordusu ilə birgə Bakıya girsin. Ənvər paşa gecə ikən xəbər göndərir ki, heç bir vəchlə alman qoşunlarının gəlib bizimkilərə qoşulmasına imkan verməyin. Əgər özbaşına girsələr, körpünü dağıdın, dəmiryolunu partladın. Gecə ikən körpü partladılır, dəmiryolu dağıdılır.

Azərbaycan nümayəndə heyətinin Osmanlı sultanı ilə görüşü çox ağır keçir

Onu da deyim ki, almanların bolşeviklərlə danışığa getməsini eşidəndə Məmməd Əmin Rəsulzadənin başçılığı ilə İstanbulda olan böyük nümayəndə heyəti Osmanlıya qarşı böyük bir təzyiq olduğunu başa düşür. Məmməd Əmin orda nə qədər danışıqlar aparıb. Qoşunun Azərbaycana getməsi üçün hər dəfə razılığı müxtəlif adamlardan alıblar. Yəni, işlər sadəcə “Nuru paşa yazdı, bunlar da ordu göndərdi” şəklində olmayıb. Rəsulzadəyə xəbər verirdilər, o da yerindəcə o danışıqları aparırdı. Eyni zamanda Bakıya məktub yazırdı ki, filankəslə görüşdüm, danışıq çox ağır keçdi. Osmanlı sultanı ilə də görüşüblər. Bu görüşdən sonra Rəsulzadə məktubunda yazırdı ki, “söhbətimiz çox ağır keçdi, ancaq sonda razılıq əldə edildi”.

Rəsulzadə sübut edir ki, Bakısız Azərbaycan mümkün deyil

Bundan əlavə, bu dövrdə ermənilər Tiflisdə böyük bir kampaniya başladır və Avropa ictimaiyyəti arasında rəy formalaşdırmağa çalışırlar ki, əgər Bakı alınırsa, o heç bir vəchlə türklərin və azərbaycanlıların olmamalı, Bakıya “müstəqil şəhər” statusu verilməlidir. Yəni, Bakı hamının şəhəri olmalı, bütün bu beynəlxalq qüvvələr orda qalmalıdır. Məmməd Əmin bu xəbərdən çox pis olur. Onlar ultimatumu ultimatum ardınca verirlər. Almanların bolşeviklərlə sövdələşməsinə qarşı Almaniyanın, müttəfiq dövlətlərin – Bolqarıstanın, Avstriya-Macarıstanın Osmanlı dövlətindəki səfirliyinə, konsulluğuna yazaraq sübut edir ki, Bakı Azərbaycanın ürəyidir, onun başıdır. Bakısız Azərbaycan mümkün deyil. Rəsulzadə bu məktublarda Bakının iqtisadi, tarixi, mədəni və sair baxımlardan tam Azərbaycana bağlı olduğunu yazır. Yazırdı ki, biz Bakısız Azərbaycanı təsəvvür etmirik və o şəhərə hər hansı bir qüvvənin iddia etməsinə imkan verməyəcəyik. Rəsulzadə ən ağır vaxtlarda yazırdı ki, Bakısız Azərbaycan yoxdur, Bakı mütləq azad olunmalıdır, əks təqdirdə “əlvida, Azərbaycan”. Yəni, hələ bu məsələləri xarici dövlətlərə sübut etmək lazım idi. Rəsulzadə hər məktubunda yazırdı ki, Bakı hərb yolu ilə azad olunmalı, biz düşmənləri fakt qarşısına qoymalıyıq. Sonra isə yazır ki, Bakı Azərbaycan namına, Azərbaycan adı ilə, Azərbaycan üçün azad olunmalıdır və Bakıya birinci Azərbaycan hökuməti daxil olmalıdır. Siz onların uzaqgörənliyinə fikir verirsiz? Bunların hansı məqamlar olduğunu başa düşürsünüz də yəqin? Yəni, bilinməlidir ki, biz bu şəhəri azad etmişik, bizim üçün azad olunub. Türklərə də mesaj göndərir ki, bizim şəhərdir və Bakı bizim üçün azad olunur.

Bakı sadəcə Bakı üçün azad olunmurdu. Onun arxasında Azərbaycan Cümhuriyyətinin, istiqlalın və Azərbaycan xalqının taleyi dayanırdı.

– Bəs, necə oldu ki, həm Osmanlı hökuməti, həm də Nuru paşa Azərbaycan istiqlalını qəbul etdilər?

– Bu məsələlər bizimkilərin birbaşa diplomatik məharətləri, məsələlərin qoyuluşu və birmənalı olaraq Azərbaycan Cümhuriyyəti hökumətinin fəaliyyəti nəticəsində öz həllini tapdı.

Bakının azadlığı Qurban bayramı ilə üst-üstə düşdüyü üçün...

– Bakı azad edildikdən sonra keçirilən təntənəli tədbirlər barədə danışmağınızı istərdik...

– Böyük təntənəli tədbirlər keçirilir. Bakının azad olunmağında Nuru paşanın ordusunun xidmətləri danılmazdır. O qoşun olmasaydı, o şəhidlər verilməsəydi, Bakı azad edilməyəcəkdi. Bu döyüşlərdə 1000-dən çox türk əsgəri həlak olub. Bizimkilərin sayı isə deyilmir. Böyük bir döyüş gedib, böyük bir qələbə qazanılıb. Əsl zəfər idi. Bunun şərəfinə böyük qonaqlıqlar verilib. Türklər özləri bizimkiləri təbrik mənasında şan veriblər. Orda bir nitqlər söylənilib ki... Şəhərdə toy-bayram qurulub. Həmin gün Qurban bayramı ilə üst-üstə düşdüyü üçün çoxlu qurbanlar kəsilib. Bütün müsəlman əhalisi görünməmiş şadyanalıq edib. Buna haqqı da var idi. Bu öz yerində. Sonradan türk ordusu qalıb bizə ordu quruculuğunda kömək edəndə, görünür, bizim daxili işlərimizə qarışmaq məqamları da olub. Hətta, parlamentin iclaslarında Rəsulzadəgili məzəmmət edirdilər ki, “siz onları bura gətirdiniz, onlar bunu etdi, filan etdi”. Bu cür hallara da təsadüf edirik.

Hadisələrin gedişinə Osmanlı dövlətinin I Dünya müharibəsində məğlubiyyəti, Mudros sazişi böyük təsir etdi. Sözsüz ki, müharibədəki məğlubiyyət onların böyük planlarına soy qoydu. Ancaq biz əminik ki, bizim liderlərimiz var qüvvələri ilə Azərbaycanın istiqlalını qoruyacaqdılar. Necə ki, qoruyurdular və bütün güclərini istiqlalın xilasına yönəltmişdilər. Onların yaşadığı 23 ayın hər ayı 23 ilə bərabərdir.

– Bakının azad edilməsinin tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyəti nədən ibarətdir?

– Bizim fərəhlənməli, qürur duymalı nə qədər səhifələrimiz varsa, onların ən möhtəşəmi elə Bakının azad edilməsidir. “Azərbaycan” qəzeti yazırdı ki, biz 1918-ci ilin mayın 28-də İstiqlal Bəyannaməsini qəbul etdik. Bu, elan idi. Əslində Azərbaycan dövlətinin quruculuğuna məhz Bakı azad edildikdən, hökumət Azərbaycan paytaxtına gələndən sonra başlanıldı. Bu baxımdan Bakının azad edilməsi öz tarixi əhəmiyyətinə görə istiqlalın elan edilməsinə bərabər bir hadisə idi.

Bakının azad edilməsinin mənəvi-psixoloji əhəmiyyət də çox böyükdür. Əvvəla, bu, xalqın milli qüvvələrə böyük bir inamının yaranmasına gətirib çıxardı. Onlar gördülər ki, xalqın başında duranlar bu mühüm işi gördülər, bu böyük işə nail oldular.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər