Avqustun 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin əvvəlinədək xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə dayanmış Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən daha 104 nəfərinə “Naz-Lifan” markalı minik avtomobili təqdim edib.
Teleqraf.com-un məlumatına görə, onlardan 41 nəfəri Böyük Vətən müharibəsi, 48 nəfəri hərbi xidmət, 15 nəfəri Çernobıl AES əlilidir.
Avtomobillərin təqdim olunması zamanı ölkə başçısının 30 aprel 2014-cü il tarixli sərəncamının icrası olaraq, hazırda verilən avtomobillər də daxil edilməklə 727 nəfər Böyük Vətən müharibəsi, Çernobıl AES və hərbi xidmət əlilinin minik avtomobili ilə təmin olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, möhtərəm dövlət başçısının 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən, cari ilin əvvəlinədək xüsusi tibbi arayış əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərdən 1404 nəfəri minik avtomobili ilə təmin edilib. Əlilliyi olan şəxslərin minik avtomobili ilə təminatı ƏƏSMN-nin rəsmi internet saytının “Fəaliyyət və xidmətlər” bölümündəki “Avtomobillərlə təminat” alt-bölümündə təqdim olunan növbəlilik siyahısı əsasında, tam şəffaflıq şəraitində həyata keçirilir.
Naibə