"Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında çıxışı zamanı deyib.
"Bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır. Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud da ki, tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər", - deyə dövlət başçısı qeyd edib.
Prezident son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsinin tikildiyini və ya əsaslı şəkildə təmir edildiyini bildirib:
"Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir.
İnsan sağlamlığını şərtləndirən bir çox amillər var. Onların arasında, ilk növbədə, sağlam həyat tərzidir. Mən bütün vətəndaşlara buradan müraciət edirəm ki, sağlam həyat tərzi hər bir vətəndaş üçün əsas prinsip olmalıdır. Diaqnostika, əlbəttə ki, çox vacib rol oynayır. Bu gün ölkəmizdə mövcud olan laboratoriyalar bütün analizləri edə bilər. Vətəndaşlar hər il kütləvi şəkildə müayinədən keçirlər və beləliklə, ciddi xəstəliklərin qarşısı alınır".
Prezidentin sözlərinə görə, profilaktika çox önəmli rol oynayır:
"Digər tərəfdən, ölkəmizin ekoloji vəziyyəti, əlbəttə ki, insanların sağlamlığına birbaşa təsir göstərir. Bu istiqamətdə də çox vacib addımlar atılır. Havanı çirkləndirən müəssisələrdə, ictimai obyektlərdə təmizləyici qurğular quraşdırılır. İçməli su layihələri uğurla icra edilir, o cümlədən Quba şəhərində beş il bundan əvvəl mənim iştirakımla içməli su layihəsi istifadəyə verilmişdir. İndi müvafiq qurumlar qida təhlükəsizliyi ilə bağlı çox ciddi məşğuldurlar. Keyfiyyətsiz, bəzi hallarda saxta üsullarla hazırlanan qidalar aşkarlanır. Bu cinayətlərə yol verənlər isə cinayət məsuliyyətinə cəlb edilir. İdman, əlbəttə ki, insanların sağlamlığı üçün çox önəmli bir amildir. İdmanla məşğul olmaq üçün indi ölkəmizdə bütün şərait var.
Yəni, biz bu sahəyə kompleks şəkildə yanaşırıq. Səhiyyə sisteminin təkmilləşdirilməsi sosial siyasətimizin əsas istiqamətlərindən biridir və bu yolda çox böyük addımlar atmışıq, böyük uğurlara imza atmışıq. Onlardan biri də bu gözəl tibb müəssisəsidir".