16 Oktyabr 2018 16:18
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

16 oktyabr “Ümumdünya Qida Günü” kimi qeyd edilir. 16 oktyabr 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) təsis olunub. Bu il FAO daha qlobal bir məsələni diqqətə çatdırmaq üçün “Ümumdünya Qida Günü”nün şüarını “Sıfır aclıq” (“Zero Hunger”) olaraq təyin edib. Təşkilat hesab edir ki, dünya sakinləri öz səylərini birləşdirməklə 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldırmaq mümkündür.

Azərbaycanda qida və ərzaq təhlükəsizliyi ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Teleqraf.com-a açıqlama verib.

O deyib ki, hazırda həm ərzaq, həm də qida təhlükəsizliyi məsələləri aktualdır. Baxmayaraq ki, yer kürəsinin dörddə biri aclıq çəkir, Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsi həll olunub, aclıq çəkən insan yoxdur: “Lakin ölkədə qida təhlükəsizliyi ilə bağlı problem yaşanır. Bu bizi çox narahat edir. Prezident Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərman imzalayıb, qurumun mükəmməl bir əsasnaməsi təsdiq olunub”.

Eyyub Hüseynov deyib ki, bu sahədə bütün qurumlara təmənnasız kömək etməyə hazırdır: “Rəhbəri olduğum təşkilat Beynəlxalq İstehlakçılar Birliyinin üzvüdür, ölkə daxilində istehlakçıların bizə inamı var. Əhalidən bizə məlumatlar gəlir, istəyirik bu məlumatları dövlət orqanları ilə bölüşək, birgə iş görək.

2016-cı ildə ölkə prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” adlı sənəddə ictimaiyyətlə əlaqə, ictimai nəzarət kimi müddəalar yer alıb. Bu müddəalar real işdə öz əksini tapmalıdır”.

AİB sədri Azərbaycana gələn təhlükəli qidalardan da danışıb. O bildirib ki, ölkəyə təhlükəli qidanın gəlməsi halları tam aradan qalxmayıb: “Bu yaxınlarda Qida Təhlükəsizlik Agentliyinin özü müəyyən elədi ki, yalançı sertifikatlarla mal əti adı ilə at əti gəlir. O cümlədən GMO mallar daxil olur. Biz çalışırıq ki, ictimai təşkilat olaraq insanlar təhlükəsiz qida ilə təmin olunsunlar

Düşünürəm ki, ümumiyyətlə qida təhlükəsizliyinin təmin olunması məsələsinin bir hissəsi, xüsusən leş, at-eşşək ətinin satışının qarşısının alınması Daxili İşlər Nazirliyinə tapşırılsa pis olmaz. Çünki burda böyük problem yaşanır”.

Çörəkdən yad ünsürlərin çıxması hallarının son dövrlər artmasına gəlincə, Eyyub Hüseynov deyib ki, qidanın tərkibinə belə cisimlər düşürsə, deməli, istehsal müəssisələrində ciddi laqeydlik var: “Bizim ofisdə belə malların kolleksiyası saxlanılır. Bolt çıxan çörək, sap olan qənd və daha nələr, nələr.. Çalışırıq dövlət orqanları ilə əlaqə quraq ki, bu işlər araşdırılsın”.

Dönərxanalarda böyük problem yaşandığını bildirən birlik sədri qeyd edib ki, Azərbaycanda dönərləri təhlükəsiz çatdıran iki şirkət var: “Lakin 15 min dönərxanadan yalnız yüzü burdan dönər alır, təhlükəli dönərlər əhaliyə satılır. Təəssüf ki, dönərxanalar necə gəldi, haradan gəldi ət alıb istifadə edir, bu da insanların sağlamlığını təhlükəyə atır”.

Eyyub Hüseynov vurğulayıb ki, özünü təhlükəli qidadan qorumağı istehlakçının üzərinə atmaq olmaz, istehlakçını dövlətin qanunları, rəsmi qurumlar qorumalıdır: ”Lakin istehlakçılar da təhlükəli mala tələbat yaratmamalıdır. Misal üçün, peraşki eyni yağın içində dəfələrlə qızardılır, onu almasın. İstehlakçılar diqqətli olsunlar, yararlılıq müddəti keçən malı almaqdan imtina etsinlər. Əgər dükana girəndə pis qoxu gəlirsə, bu o deməkdir ki, gecə soyuducular yandırılmayıb və qidalar sıradan çıxıb. Hüquqları pozulan zaman Azad İstehlakçılar Birliyinə müraciət edib təmənnasız hüquqlarının qorunmasına nail ola bilərlər”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər