Qarabağ Azadlıq Təşkilatı (QAT) İranda Qarabağın azad olunmasıyla bağlı konfrans və görüşlər keçirir. Qarabağ Azadlıq Təşkilatının rəhbəri Aki Nağının İrandakı çıxışlarında leytmotivi belə idi: “Qarabağla bağlı vəziyyəti geniş auditoriyaya yaymaq istəyirik”, “Qarabağ məsələsində İranın Azərbaycana dəstək verməsini istəyirik”. Haqlı istəkdir. Ancaq Qarabağ Azadlıq Təşkilatının rəhbərinin İranda səsləndirdiyi bu sözlər də diqqəti çəkdi: “ABŞ-ın Ermənistandakı səfirliyində 2 mindən artıq əməkdaşı var. ABŞ Ermənistanda möhkəmlənmək istəyir. Orda möhkəmlənəndən sonra ABŞ Türkiyə və İranı hədəfə götürəcək, bunu unutmaq olmaz”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq Akif Nağının səsləndirdiyi fikirləri şərh edib:
“Görünür, Akif Nağı bu ifadə ilə demək istəyib ki, İran-Ermənistan əlaqələri İranın özünün elan etdiyi ideloji xəttə ziddir, çünki İrəvan Tehranın şeytan adlandırdığı ölkə ilə sıx əməkdaşlıq edir. Bu sözlərin İran auditoriyasına nə dərəcə təsir etdiyini söyləmək çətindir. Çünki, İran Ermənistanla əlaqə qurarkən Ermənistan-ABŞ münasibətlərini nəzərə almır, dindən yox, özünün formalaşdırdığı regional maraqlarından çıxış edir. Ona qalsa, Azərbaycan da ABŞ-la sıx əməkdaşlıq edir.
Konfranslarda çıxış edən iranlı din alimlərin və ekspertlərin fikirlərini isə belə ümumiləşdirmək olar: “Qarabağ islam torpağıdır. Bunu İranın ali dini lideri Əli Xamaneyi də daima bildirir”; “İran Qarabağ uğrunda ölənləri şəhid sayır”; “İran üçün Qarabağ Fələstin və Qüds qədər əzizdir”; “Qarabağı və Qüdsi mömin dindar gənclər azad edəcəklər”; “İsrail və Səudiyyə Ərəbistanı şərə xidmət edirlər”.
Politoloq qeyd edib ki, iranlı alimlər və ekspertlər Qarabağ məsələsində İranın Azərbaycana dəstək verdiklərini və verəcəklərini söyləsələr də bir əlavəni də unutmurdular:
“Azərbaycan İsraillə əməkdaşlığını gözdən keçirməlidir”. Məsələn, Təbrizin imamı, İranın ali dini liderinin Təbrizdəki nümayəndəsi Ali Haşim Qarabağ Azadlıq Təşkilatının nümayəndə heyəti ilə görüşdə Qarabağla bağlı danışdıqdan sonra İsraillə əməkdaşlığın riskli olduğunu bu sözlərlə izah etdi: “İsrail Azərbaycan Respublikası müsəlmanları ilə bizim aramızda nifaq salmaq istəyir. Biz nəinki Qarabağ torpaqlarının, həmçinin bütün dünyadakı işğaldakı torpaqların azad olunmasını, müsəlmanların rahat yaşamasını arzulayır. Allah imkan versin, bütün dünyada müsəlmanlar bir-birinə daha da yaxın olsunlar”.
Elxan Şahinoğlunun sözlərinə görə. Qarabağ məsələsində İranın dəstəyi Azərbaycan üçün faydalı olardı: “Bu baxımdan Qarabağ Azadlıq Təşkilatının İrandakı görüşləri də buna xidmət edir. Ancaq həmin görüşlərdə ABŞ, İsrail və Səudiyyə Ərəbistanı “şər üçbucağı” adlandırılır. Azərbaycan isə bu 3 ölkə ilə tərəfdaşdır və rəsmi Bakı İranın istəyi ilə bu 3 ölkə ilə əməkdaşlıqdan imtina etməyəcək. Bu isə o deməkdir ki, iranlı din adamları nə qədər “Qarabağ İslam və Azərbaycan torpağıdır” desələr də, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edən Azərbaycana Qarabağın azad olunmasında Qarabağ Azadlıq Təşkilatının arzuladığı şəkildə dəstək verməyəcəklər”.