22 Oktyabr 2018 13:45
2 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yenə bazar ertəsi gəldi”. Bu cümləni dəfələrlə eşitmişik. Həftənin yeni iş və ya dərs günündə ətrafda kefsiz, qaşqabaqlı və yuxulu insanlara rast gəlmək mümkündür.

Teleqraf.com xəbər verir ki, tədqiqatlara görə, insanların təxminən 40-50 faizi tez-tez bazar ertəsi sindromu ilə üzləşirlər.

Şənbə və bazar günləri istirahət etdikdən sonra həftənin birinci günü iş rejiminə öyrəşməkdə çətinlik çəkib, özünü həvəssiz, yorğun, halsız hiss edənlər bilməlidir ki, əslində bu vəziyyətdən xilas olmaq mümkündür.

Ətrafımızda olan insanların da bu sindromla bağlı fərqli düşüncələri var.

Jurnalist Nigar Əhmədova deyir ki, elə bir fobiyası yoxdur: “Əksinə, mən evdə aktiv olmuram, işə sevərək gəlirəm. Mənim bazar ertəsi sindromum yoxdur, amma qızımda var. Hər şənbə günü təəssüflə deyir ki, yenə birinci gün gəldi...”

Müəllimə Mehriban Nağıyeva isə özü də bilmədən bu sindromdan əziyyət çəkir: “İlk iş günü mənə çox ağır gəlir, nədənsə məndə belədir. Amma işə gedəndən sonra başım qarışır. İşimi çox sevirəm deyə bu da tez keçib gedir”.

Jurnalist Almaz Qasımova payız fəslində doğulduğunu deyir: “Adətən, bu aylarda doğulan insanlar bir az xəyalpərəst, romantik olurlar. Amma məndə tam əksidir. Çünki o tip adamlar o qədər yaradıcı və xəyallar aləmində uçurlar ki, gecə gec yatır, səhər isə vaxtında oyana bilmirlər. Sadaladıqlarım məndə olmasa da bazar günü çox gec yatıram. Səhər isə yeni iş həftəsi başlayır və mən günə pozitiv əhval-ruhiyyə ilə başlamalıyam.

Mənim otağımın hər tərəfində balaca notlar, motivasiya verən yazırlar var. Məsələn, “günə pozitiv başla, sən hər şeyi bacaracaqsan”, “heç nə sənin kefini poza bilməz” və s. Bu mənə çox yaxşı təsir edir. Hətta yuxudan çətinliklə oyansam da, bu pozitiv enerji günə daha yaxşı başlamağım üçün stimul verir. Düşünürəm ki, bu, həm də psixolojidir. Adam özünü necə kökləyirsə şüuraltı onu qəbul edir. Mənə elə gəlir ki, əgər biz bunu xroniki hala çevirməsək daha asan olar”.

Bəs mütəxəssislər bu barədə nə deyir?

Psixoloq Təhminə Çələbinin fikrincə, əslində bazar ertəsi sindromu mövcud deyil, lakin insanlar keçid dövrlərində müəyyən dezadaptasiya yaşayırlar: “Yəni mühitə, dəyişikliyə, yeniliyə uyğunlaşmama prosesi keçirir və ya vəziyyətə çox çətin uyğunlaşırlar.

Misal üçün, payız depressiyası, bazar ertəsi sindromu, ilk dəfə məktəbə gedən uşağın həyəcan sindromu və başqa keçidlər var. İş və təhsil qrafiki əsasən belədir ki, istirahət günlərimiz şənbə və bazar sayılır. İnsan iki gün dincəlir, sonra gündəlik rejimdən uzaqlaşır. Buna görə fikir versək, insanlar cümə gününü daha çox sevir, çünki səhəri istirahət günüdür, tezdən durmaq, məsuliyyət hiss eləmək gərək olmur. Bazar günü axşama doğru isə insanların kefi pozulmağa başlayır, səbəbi səhəri iş gününün olmasıdır. Bu baxımdan “birinci gün ağır gündür”, “birinci gün yaxşı deyil”, “birinci gün kefim olmur” kimi fikirlər formalaşır”.

Psixoloq deyir ki, əslində günlərin bir-birindən heç bir fərqi yoxdur, sadəcə bu insanların yanaşma tərzindən asılıdır: “Biz bazar ertəsinə də normal gün kimi yanaşsaq, görərik ki, qeyri-adi heç nə yoxdur. Burda psixoloji hazırlıq da önəmlidir. Məsələn, gözəl işləməyi bacaran gözəl istirahət etməyi də bacarmalıdır və bunun üçün bizə bir və ya iki verilir.

Həmin zaman kəsiyini gözəl dəyərləndirərək həftə ərzində çıxan enerjini bərpa edib, birinci günə fərəhlə başlaya bilərik. Buna özümüzü hazırlamalıyıq. Unutmayaq ki, bütün başlanğıclar gözəldir, biz necə başlayırıqsa sonuna kimi həmin düşüncələrlə gedirik”.

Astroloq Səbuhi Rəhimlinin sözlərinə görə, astrologiyada ağır gün yoxdur: “Bu elmdə hər zodiak gününün özünəməxsus vəzifələri var. Amma bir fərd olaraq düşünürəm ki, insanlar şənbə-bazar istirahət etdiyi üçün bazar ertəsinin iş yükünə adaptasiya oluna bilmir və belə bir inanc formalaşıb”.

Mütəxəssislər qidalanma, idman, əyləncə, hətta rəng seçiminin belə psixologiyamıza təsir edəcəyini deyir. Ona görə də əslində günə necə başlamağa qərar vermək öz əlimizdədir.

Bəlkə bizim yazımız da günə başlamaq üçün sizə stimul verəcəkdir, ona görə də “gününüz və həftəniz xoş keçsin”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər