7 Noyabr 2018 12:49
15 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin budəfəki qonağı xanəndə, əməkdar artist Elnarə Abdullayevadır.

Qurban Yaquboğlu: Elnarə xanım, sizdən müsahibə almaq, “Brifinq” layihəsinə sizi dəvət eləmək üçün xeyli danışıqlar aparası olduq. Sanki telekanallardan başqa yerdə qalan media qurumlarına sanksiya tətbiq etmisiz...

- Sanksiya yerindədir... Amma salam verdiyim insandan keçə bilmirəm. Bu dəfə Yalçın Uğur dəvət etdi. Məsələnin daha ciddi tərəfinə gəldikdə, mən möhkəm adamam, dostları, tanışları, salam-kalamım olan insanları tez-tez dəyişmirəm, belə xüsusiyyət mənə yaddır. Jurnalistlərdən Tahirə Məmmədqızı, Yalçın Uğurun xətrini çox istəyirəm.

Özümə söz vermişəm ki, kim gəldi ona müsahibə verməyəcəyəm. Çünki jurnalistlər inciməsin, söhbət edirsən, elə başlıq qoyurlar ki, qalırsan əlacsız. Sonra da necə deyərlər, tülkü tülkülüyünü sübut edənəcən dartıb dərisini boğazından çıxarırlar. Ona görə jurnalistlərdən bir az yan qaçıram.

Mənsur Rəğbətoğlu: Bəs telekanallara niyə tez-tez çıxırsınız?

- Neçə vaxt idi, heç telekanallara da çıxmırdım. Son vaxtlar verilişlərdə iştiraka qərar vermişəm.

Ruslan Xəlil: Deməli, televiziya kanalları ilə qəzetlər, portallar arasında fərq qoyursunuz...

- Yox, fərqli bir şey yoxdur, telekanallar da hərdən mənimlə dava döyürlər ki, niyə gəlmirsiniz? Düzünə qalsa vaxtım yoxdur. Hansısa telekanal, radio verilişə, sayt ofisinə qonaq çağırsın, sən də get, bəs sənət işlərini kim görsün? Belə çıxır ki, ömrümü jurnalistlərə həsr eləməliyəm...

Mən indi özümü sübut etməkdən ötrü sənətimlə daha çox məşğul olmalıyam. Bir sənət zirvəsi var, özümü hələ orada görmürəm. O zirvəyə yetişmək üçün gecə-gündüz çalışmalıyam. Vaxtımı heç kimə xərcləmək istəmirəm. Sabah gələcək nəsil deməyəcək ki, sən filan sayta, telekanala gedib söhbət elədin, müsahibə verdin. Soruşacaqlar, sən nə oxuyub qoyub getdin. Əslində məqsədim budur.

AzTV-də muğam yazdırmalıyam, məşq üçün vaxtım yoxdur. Məşqə görə hər yerdən təcrid olunmalısan. Məşqsiz sənət yoxdur. Ümdə vəzifəm, boynuma qoyduğum yük budur.

Qurban Yaquboğlu: Hansı sənət zirvəsinə can atırsız, qarşıda hansı məqsədləriniz var?

- Gücümü yığmağa çalışıram. Amma o gücü yığmağa imkan verməyən yalançı qaçdı-qovdulardır, bəzi verilişlərdir. Dalbadal illərdir Heydər Əliyev adına Sarayda, Opera və Balet Teatrında, ayrı-ayrı şəhərlərdə – Sumqayıtda, Gəncədə konsert vermişəm. Konsertin özü hələ sənət zirvəsi deyil. Adam var 50 kiloluq yük götürür, hamıya nümayiş etdirir ki, gördünüz neylədim. Mən daha ağır yükü qaldırmaq istəyirəm. Yerində dayandınsa batacaqsan. Sənət zirvəsi başqa şeydir.

Ruslan Xəlil: Yəni sizin üçün nədir sənət zirvəsi?..

- Bunu indidən demək asan deyil. Ucalıq 100 pillədirsə, biri var 50-dən aşağı qalasan, biri də var 50-dən də yuxarıya can atmalısan. Heç olmasa 60-70 pilləkən qalxmalısan...

Elnur Əhmədov: Sənət deyəndə nəyi nəzərdə tutursunuz? Şəxsən mən sizi toy müğənnisi kimi tanıyıram...

- Çox sağ ol, vallah... Məni toy müğənnisi kimi tanıyırsansa, deməli, yaradıcılığımdan xəbərin yoxdur. Xəbərin olmadığı təqdirdə, mənə nə sual verə bilərsən ki? Toylara getmək toy müğənnisi olmaq deyil. Acından ölməliyik ki?! Toya hamı gedir.

Elnur Əhmədov: Dediniz ki, sənətimlə məşğulam, mediaya çıxmaq vaxtımı alır. Hamı sizi kifayət qədər tanıyırmı?

- İndiyə qədər məşğul olduğum qədər özümü tanıtdırdım, icazə verin bundan sonrakı yükü çiynimə götürüm. Verdiyim konsert toy konserti deyil ki... Çıqqıdı-pıqqıdı mahnıları oxumuram ki. Üç gün konsertdə “Şur” dəstgahı oxumuşam. Uzun müddət tar-kamançanın müşayiəti ilə oxuyurdum, bir müddətdən sonra gördüm ki, tar-kamanla əldə etdiyim maddiyyat hesabına muğam yazdıra bilmirəm.

Yalçın Uğur: Tar-kamança Elnarə Abdullayevanı sanki çox tanıda bilmədi...

- Yox, tanıtdı, 1996-97-ci illərdə o cür tanımışam. Sonra insan həyatında müəyyən dəyişikliklər, sınaq zamanı olur. Bir müddət səsim batdı. 2002-ci il idi, zəlzələdən sonra...

Qurban Yaquboğlu: Qorxu ilə bağlı idi?

- Yox, səsimdəki problemin zəlzələyə dəxli yox idi. Sadəcə zamana görə deyirəm, təxminən o ərəfələr idi. Səsimin açılması bəlkə də Allahın bir möcüzəsiydi. Səs telimin üstündə polip vardı, kəsdilər, bundan sonra səsim çıxmadı. Lalın səsi çıxar, amma mənim səsim eşidilmirdi.

Qurban Yaquboğlu: Qəsd ehtimalı idi?

- Yox, həkim səhlənkarlığı idi.

Yalçın Uğur: Bəs necə oldu, səsiniz düzəldi?

- Dediyim kimi, Allahın möcüzəsi nəticəsində səsim düzəldi. Kamran adında həkim vardı, baxdı, dedi, söz vermirəm bu səs açılar, ya yox. Təsəvvür edin, danışa bilmirdim, kağıza yazdım ki, həkim, mahnı-muğam oxuya bilməsəm də, heç olmazsa danışa bilim, mənə çarə qılın. Eşidəsən, amma danışmayasan, böyük faciə idi. Dərman-filan yazdı, dedi, müalicəni elə gəl, az da olsa xeyri olsa, səsin açılacaq, amma gec açıla bilər.

Yavaş-yavaş müalicəm davam elədi. Onda da həkim dedi, dəqiq bilmirəm, səsin həminki səs olacaq, ya yox. Deməli, o sınaq qismətimdə varmış. Həmin dönəmdə sənətdə dayananda məni ötüb keçənlər oldu. Kimsə dayanıb durursa, onu ötüb keçəcəklər, bu, sənətin qanundur. Məni gözləyəsi deyildilər ki... Əlhəmdülillah, Allahın qədəri, deməli, görəcəyim işlər qismətimdə var imiş ki, bu səsi təzədən mənə qaytardı.

Qurban Yaquboğlu: Bu period nə qədər çəkdi?

- Xeyli çəkdi. Danışıq səsim tədricən açıldı, oxumaq üçün səsim isə gec bərpa olundu. Ancaq səsim əvvəlkindən də yaxşı oldu.

Aytən Yusifova: Bəs bu müddətdə özünüzə münasibətdə dəyişiklik hiss elədiniz?

- Mənim harada olduğumu bilmirdilər, səsimin batıb-batmadığından kiminsə xəbəri yox idi.

Yalçın Uğur: Həmkarlarınız bilsəydi, bəlkə sevinəni də olardı...

- Vallah, bilmirəm sevinərdilər, yoxsa yox. Mən hamını çox istəyirəm, Allah-təala insanları sevib yaradıbsa, bizim də yaradılanları sevmək borcumuzdur. Kimisə istəmədiyimi deyə bilərəmmi?

Yalçın Uğur: Bu gün yalnız ifa ilə, oxumaqla tanınmaq olarmı?

- Vaxtilə hamı təkcə səsi ilə tanınırdı, danışmaq, müsahibə vermək dəbi yox idi. Tək-tük hallarda intervülər götürərdilər, ağıllı jurnalistlərimiz vardı. İndi bir də görürsən əvvəl gitara çalırdı, indi jurnalistdir. Soruşursan, jurnalistika fakültəsini bitirmisən? Deyir yox. Bəs necə jurnalistdir, bu mənada bizi də qınamayın. Elələrinin yanında 600 bal toplayıb jurnalistika fakültəsini bitirən adına nə qoysun?

Aytən Yusifova: Bəzən sənət aləmində də belələrinə rast gəlirik...

- Belə şeylər insanları bir-birindən uzaq salıb.

Ruslan Xəlil: Muğamda hara qədər getmək olar?

- Muğam elə bir dəryadır, heç kəs onun axırına gedib çata bilməyib. O dəryadan uzaqbaşı bir oymaq su götürürsən. Bizim muğamımız Azərbaycan muğamıdır. Hər xalqın, millətin öz musiqisi var, əgər muğam olmasa, biz olmayacağıq, nə zaman muğam bitsə, biz də bitəcəyik.

Muğam şifahi şəkildə ötürülüb, bir-birimizi dinləyə-dinləyə onu öyrənmişik. Nə qədər ki muğam var, biz də varıq. Fikrimcə, aşıq musiqisi və muğam damarlarımızdan axan qandır.

Aytən Yusifova: Ustadlarınız kimlərdir?

- Asəf Zeynallı adına musiqi məktəbində də, Mədəniyyət və İncəsənət Universitetində də ustadım Ağaxan Abdullayev olub. Gözüm baxa-baxa ömür gedir, görəcəyim işlər qalır adam dəli olur. Bütün muğamları yazmaq istəyirəm.

Qurban Yaquboğlu: İndiyə qədər neçə muğam dəsgahı yazdırmısınız?

- Üçünü yazdırmışam, amma tam ürəyimə yatmır. Bu camiədə Ağaxan müəllimi, Hacıbaba Hüseynovu, Arif Babayevi, Alim Qasımovu, Canəli Əkbərovu gördüm, yaşlı sənətkarlara, Küçəçioğlu Məhəmmədə, Məşədi Məmməd Fərzəliyevə gecə-gündüz qulaq asıb öyrənirdim. Tar-kaman, dəflə o qədər məşğul olurdum ki, əllərimin qanı axırdı.

Amma bu gün ona da qane olmuram. “Cahargahı”ı yazdırmışam, deyirlər yaxşıdır, niyə efirə vermirsən, deyirəm, istədiyim səviyyədə deyil. İnsan get-gedə püxtələşir, səsi də, sənətə münasibət də. Yaş ötdükcə yanaşma tərzi dəyişir. Ona görə öz üzərimdə daim işləyirəm.

Ruslan Xəlil: Muğamda region amili varmı?

- Vaxtilə muğam Şuşada, yəni Qarabağda, bir də Şirvanda inkişaf edib. Füzulinin “Leyli və Məcnun”unu kiçik məclislərdə şeir kimi deyirlərmiş, sonradan Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə Şuşada “Məcnun Leylinin məzarı üstündə” musiqili səhnəciyində Cabbar Qaryağdıoğlu Məcnun rolunun ifa etdi, yəni səhnələşdi və muğam bir az da inkişaf etdi. Qarabağda inkişaf bir cür, Şirvanda başqa cür gedirdi. Məsələn, Şamaxıda hamı Mahmud Ağanın məclisində otururmuş, hay-küyə yer yoxmuş, o vaxt sənətdən söhbət gedib, gələnlər sənət görüblər. Sənəti danışa-danışa yox, göstərə-göstərə öyrənirlər.

Azərbaycanda Qarabağ və Şirvan xanəndəlik məktəbi var. Şirvan xanəndəlik məktəbi demək olar ki, Bakı xanəndəlik məktəbi ilə bərabər gedir.

Ruslan Xəlil: Deyirlər, siz muğamı ağı, mərsiyə stilində oxuyursunuz...

- Mən Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmmədə çox qulaq asmışam. Oxu stilim barədə mənə tanınmışlar da deyəndə gülməyim tutur. Vaxtilə Firudin Şuşinski AzTV-də veriliş aparırdı, həmişə val qoyurdu, onu dinləyəndə deyirdim, bundan nə başa düşüm... Diqqətlə qulaq asandan sonra oxu tərzim tamam dəyişdim. Valda ifa sürətlə gedirdi, əslində əsl oxu onlar idi, bəlkə də bu gün dəyişib. Muğamda yanğı olmalıdır.

Gücüm çatırsa, bəstəkar mahnıları da, xalq mahnıları da, insanların tələbatına uyğun mahnı da oxuya bilərəm. Mənim ifamda əsas maya aşıq musiqisi və muğamdır. Bunun ikisini bildinsə, dünya mahnıları sənindir.

Qurban Yaquboğlu: Nədən operada oxumadınız? Leylini niyə oynamaq istəmədiniz?

- Mənə bu haqda bir neçə dəfə sual veriblər. Gəncliyimdə Leylini bir o qədər də dərk etmirdim. Gərək onu dərk edəsən. Bu, adi insanların bir-birinə olan sevgisi deyil, ilahi eşqdir. Onu oynamaq üçün gərək mən Leylini duyaydım, başa düşəydim. Düşünürəm ki, Leylini indi oynamalıyam. Opera və Balet Teatrının direktoru Akif Məlikova məni Leyli kimi gördüyünə görə minnətdaram. Doğrudan iş çoxdur, konsertlər verirəm, qazanc üçün toylara getməli oluram. Heydər Əliyev adına Sarayda 3 gün konsert vermək çox çətindir.

Yalçın Uğur: Elnarə xanım, bir çox məşhurlarımız var ki, ailə və sənət arasında seçim qarşısında qalanda...

- Seçim arasında qalsaydım, ailəmi seçərdim.

Qurban Yaquboğlu: Mühafizəkar mühitdə doğulub böyümüsünüz. Necə oldu ki, səhnəyə çıxmağa mane olmadılar?

- Əslində, mənim bacı-qardaşlarımın da səsi vardı. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində orta məktəbdə təhsil aldığım vaxt anam oxumağıma icazə vermirdi. Özü də anam çox möhkəm, inadkar xanım idi. Amma dayım deyirdi, yaxşı oxuyur, qoy oxusun.

Orta məktəb illərində tədbirlərdə oxuyurdum. O vaxt bizim məktəb 8 illik idi. 9-10-cu sinifdə təhsil almaq üçün hər gün 2 kilometr yol gedib-gəlirdik. Bu cür bayram tədbirlərində, festivallarda oxuya-oxuya muğama alışdırdılar. O vaxt xasiyyətim çox tünd idi. Hələ indi yumşalmışam... Təsəvvür edin, gülmək nədi bilmirdim, çox qaş-qabaqlı idim.

Ruslan Xəlil: Ailə qurana qədər tanınırdız?

- Bəli, artıq tanınırdım.

Ruslan Xəlil: Həyat yoldaşınız sizi müğənni kimi bəyənmişdi?

- Yox, müğənni kimi bəyənməmişdi. Mənim həyat yoldaşım tanınmış tarzən və ilk ustadlarımdan olan Mehman Mikayılovun qaynıdır. Birinci yoldaşımın ailəsi məni bəyənmişdi. Ailənin bəyənməsi, əlbəttə, çox vacibdir, yoxsa qırğın olar... (Gülür).

Ruslan Xəlil: Onda oğlunuzu evləndirəndə qızı siz seçərsiz...

- Seçəcəksiniz deyəndə mən də baxacam. Mənsiz iş başa gələr... (Gülür).

Ruslan Xəlil: O vaxt bulaq çəkdirmişdiniz. İndi bulaqdan su gəlir?

- Hərdən gedin baxın da. Bəlkə yalan demişəm... Baxın görün çəkdirdiyim bulaqdan su gəlir, ya yox...

Ruslan Xəlil: Kimsə bir dəfə yazmışdı ki, bulağın suyu quruyub. Siz o jurnalisti təhdid edib, ağır söz demişdiz...

- Yox, ağır söz deməmişdim. Bilirsiniz necədir, görmədiyin şeyi necə yaza bilərsən? Əgər öyrənmək istəyirsən, get hadisə yerinə, gör orada nə var, nə yox. Axı o bulaqdan həmişə su axır.

Ruslan Xəlil: Həyatda da emosionalsınız? Gündəlik həyatda və ya sənətdə sizə qarşı haqsızlıq edənə ağır sözlə cavab verirsiniz?

- Yox, əvvəla heç kəs elə hərəkət edə bilməz ki, mən ona ağır cavab verim. İkincisi, elə bir cavabı özümə rəva görmərəm.

Aytən Yusifova: Qorxurlarmı sizdən?...

- Qorxmaq yox, ümumiyyətlə, xanım çox yumşaq olmamalıdır. İnsanın özünün vicdanı, namusu, qeyrəti olmalıdır. Mənim qarşısında qorxacağım, əyiləcəyim bir adam yoxdur. Mən o vəziyyəti yaratmamışamsa, heç kəs yanımda tərs danışa bilməz. Danışarsa, cavabını alar. Necə danışarlarsa, elə də cavablarını alacaqlar.

Yalçın Uğur: Belə bir açıqlamanız olmuşdu ki, heç bir kişi deyə bilməz ki, Elnarə xanımın yanından keçib ona söz atmışam...

- Əlbəttə. Deyirlər, Azərbaycan kişiləri belə-belədir. Deyirəm, niyə belə danışırsız, mən Azərbaycanda qeyrətsiz kişi görmürəm. Necə oldu ki, o kişi sənə söz atır, mənə yox? Deməli, sən özünü elə aparmısan ki, sənə söz atıblar.

Ruslan Xəlil: Sənətdə indiyə kimi kişi həmkarlarınız tərəfindən basqı hiss etmisinizmi? Məsələn, sən qadınsan, arxaya çəkil və sair.

- Xeyr, heç vaxt. Onu demək üçün gərək məndən çox savadlı olsunlar. İndi qadına söz demək olar ki, geriyə çəkil? Dünyanı dağıdar...

Yalçın Uğur: Avtomobil almaq üçün illərlə əziyyət çəkdiyinizi demişdiniz. Amma indi gənc xanəndələr var ki, avtomobilləri var.

- Onlar da əziyyət çəkib də. Ya zəlzələdən, ya vəlvələdən alıb. İndi necə alıb, o bilər, Allahı bilər. Mən özümə cavabdehəm. Gecə-gündüz əziyyət çəkməlisən, toyda oxumalısan, səs telin partlamalıdır...

Yalçın Uğur: Pərəstişkarlarınızdan biri gəlib bir avtomobilin və ya mənzilin açarını sizə hədiyyə etsə, qəbul edərsiniz?

- Xeyr, etmərəm. Ancaq dövlət versə, başqa məsələ, qəbul edərəm (Gülür). İnsana bir neməti təmənnasız verən yalnız Allahdır. İnsana, ağılı, istedadı, elmi, ruzini verən Allahdır. Allahdan başqa heç kim insana elə-belə heç nə verməz.

Ruslan Xəlil: Dinə bağlı insansınız?

- Bəli, amma dini ritaulları yerinə yetirib-yetirməmək haqqında danışmağı xoşlamıram. Bu Allahla mənim aramdadır. İnsan namaz qılıb, oruc tutmağı reklam etməz. Hər kəs Allaha özü cavab verəcək. Mən olanımdan Allah rızası üçün işlər görürəm. Allahdan var-dövlət, imkan diləyirəm ki, onun yolunda iş görüm.

Aytən Yusifova: İnsanlara yardım etmək üçün?

- Ayrı-ayrı insanlara yox. Məsələn, bulaq çəkdirdim, imkanım olsa yenə bulaq çəkərəm. Yerin fərqi yoxdur. Əslində məscid də tikdirmək istəyirdim. Bizim kənddə məscid yararsız vəziyyətdə idi, uçulub-tökülmüşdü. Allahın köməyi ilə məscidin binasını təmir etdirdim, bütün lazımi avadanlıqlarla təchiz etdim. Bunları edəndə mənim imkanım yox idi. Əlimə bir az pul düşən kimi edirdim ki, birdən sonra imkanım olmaz.

Birinci Allah rizası üçün nəsə etməyə çalışmışam. Özümüzün bir evimiz var. Məsələn, bulağı çəkəndə bilmirdim ki, bu qədər xərc çıxar. Onu da Allah qismət elədi.

Ruslan Xəlil: Belə bir hadisə olub. Bir erməni sizin haqqınızda şeir yazıb, kitab buraxdırıb. Onu Ermənistanda bütün titullardan məhrum ediblər ki, niyə azərbaycanlı müğənni haqqında kitab yazmısan? Həmin şeirlərlə tanışsız?

- Xeyr, tanış deyiləm. Bu, 4-5 il əvvəlin söhbətidir. BBC-dən mənə zəng edib demişdilər ki, belə bir şey olub, kitab buraxdırıblar. Dedim, mənim xəbərim yoxdur. Soruşdum, nə yazıb ki? Dedilər yazıb ki, bir gün evə gəldim, televizorda qulaq asanda gördüm bir qız oxuyur, səhəri gün getdim işə, kompüterdə mahnılara çox qulaq asdım, orada Qarabağ haqqında oxuyursan... Sonra yazıb ki, sənə kim deyib ki, Qarabağ sənin deyil, gəl sənin tarın-kamançan sənin silahın olsun, gəl, al Qarabağı. Belə-belə şeylər yazıb...

Məndən telekanallar müsahibə götürəndə demişdim ki, məni belə kədərli oxumağa onlar vadar edib. O vaxt Qarabağdan şəhid xəbərləri gəlirdi. Mən də onda səhnəyə təzə-təzə çıxırdım. “Ya Həzrət Abbas” şeirinə muğam oxudum. Bu gün də onunla fəxr edirəm. Yəni onu mərsiyəyə oxşadırlarsa, burda pis nə var ki... Əgər mən şəhidlərimizə layla və ya ağı üslubunda, tərzində oxumuşamsa, nə xoş halıma.

Allah bundan sonra xalqımıza belə ağır günlər qismət etməsin. Bu gün də Qarabağ haqda oxuyanda onlar hamısı gözümün qabağına gəlir. Bu cür yanğılı oxumağımın səbəbi budur.

Ruslan Xəlil: Muğamlarımızda qəmli notlar var. Sizə elə gəlmir ki, bu bizi ruhdan salır, ruh düşkünlüyü yaradır, əzir bizi. Nə qədər ağlayıb-sızlamaq olar?

- Sizə kim deyir ki, ağla... Özü də muğam “ağla” demir. Muğamda mübarizə də var, çağırış da. Hüzrdə isə ağlamalısan. Bu da insan halıdır. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz hüzr və hüzn içində olmalıyıq. Amma bu o demək deyil ki, ancaq ağlamalıyıq, mübarizə aparmamalıyıq.

Ruslan Xəlil: Mən də onu demək istəyirəm ki, mübarizəyə çağırmaq lazımdır.

- Sözsüz. Qarabağ haqqında bir mahnı oxuyursan, şəhidlər gözünün qarşınından keçir, sənə bir ruh gəlir ki, nə qədər belə olar? Niyə belə olmalıdı? O an sənin əlinə avtomat versələr, sözsüz, gedib döyüşməyə hazır olarsan.

Dediyim kimi, şəhidlər bulağı tikdirmişəm. Üstündə 4 şəhidin şəkli var. Hər görəndə mən necə ağlamayım, anası hər oradan keçəndə necə ağlamasın?.. Gözünün yaşını sildin, get döyüşə.

Qurban Yaquboğlu: Hazırda kimlərə qulaq asırsınız?

- Heç kimə qulaq asmıram. Əvvəla, vaxtım yoxdur, qulaq assam da, köhnə muğamlara qulaq asıram. Macal eləyəndə Ağaxan Abdullayev, Hacıbaba Hüseynov, Alim Qasımov, Arif Babayev, Canəli Əkbərovu dinləyirəm.

Yalçın Uğur: Öz yaşıdlarınızdan kimə qulaq asırsınız?

- Heç kimə. Musiqiyə öyrənmək nöqteyi-nəzərindən yanaşıram, zövq almaq baxımından yox...

Yalçın Uğur: Bəs estradada qulaq asdıqlarınız var?

- Mənim, ümumiyyətlə, təbim estrada deyil, xarakterimə uyğun gəlmir. Demirəm ki, kimsə yaxşı, kimsə pis oxuyur, sadəcə estradaya qulaq asıb zövq ala bilmirəm. Yəni mən musiqiyə yalnız öyrənmək xatirinə qulaq asıram.

Qurban Yaquboğlu: Bəs hansı muğama qulaq asırsız?

- İndi bütün muğamlara... Məsələn, əvvəllər “Şahnaz” muğamını xoşlamırdım. Fikirləşirdim ki, bu nə zildi, oxuyan-oxuyan qışqırır. Sonra sözü dəyişdim, özüm oxudum, isinişdim.

Foto: Elnur Muxtar


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər