14 Noyabr 2018 15:54
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyat sanki soyumuş həyəcanın uzun və soyuq dəhlizi parçaladığı ayrı-ayrı xanaların boşluğunda davam etməyə başlamışdı. Bu arakəsmələrin divarları arxasında dolaşır, özüylə həyəcansız danışır, özünə cavab verir, özünü gülməyə, daha doğrusu, əzab çəkməyə məcbur etmişdi. Ümid yaratmayan arzularını da sonuncu dəfə nəzərdən keçirirdi. Həmin vaxt bütün bu şeylər gicgahlarında uğultuya çevrilərək qulaqlarından naməlum istiqamətlərə sürünmüşdülər. Bu, iyirmi üç gün əvvəl içini təlatümə gətirən həyəcana verilən sonuncu reaksiya idi...

Həmin gün aldığı nəfəslərdən biri həyatı qabağına qataraq, bu dörd divar arasında təcrid edərək, aradan çıxa bilməmişdi. Bu, bədbəxt hadisə həmin vaxt üz vermişdi ki, günlərlə yatmamaq - yuxusuna güc gəlmək üçün ardı-arası kəsilməyən cəhdlər edirdi. Çox vaxt asanlıqla bacardığı bu işi gördüyü həmin gecələrdə yatdığı yerdə ayılaraq həyəcanıyla üzləşməkdən, yuxuya gedə bilməməkdən çəkinmişdi. Buna görə də belə bir vəziyyətdə oyaq qalmaq işgəncəli olsa da, bu başdan yatmamağa üstünlük vermişdi. Çünki ayılan kimi, iti dişlərini bütün daxili orqanlarına sürtən həyəcan gözlərini ondan qabaq açmışdılar.

İyirmi üç gündən sonra isə həmin nəfəsin sinir tellərinin uclarına bağlayaraq, içindən çıxaqdığı vahimə öz üfunətini otağa yaymağa başlamışdı. Bu, onun birdəfəlik sakitləşməsiylə üzə çıxmışdı və açılı qalan ağzından püskürən vahiməylə boğuşan otaqdan tamamilə xəbərsizləşdi. Beləliklə, həyat onun daxili hesablaşmalarının əvvəldən müəyyən etdiyi nəticənin ətrafında fırlanırdı. Toz altında qalmış döşəmədə can verən sonuncu milçəyin öz ətrafında cızdığı qırıq xətlər də, burada nə vaxtsa həyatın olduğunu sübut edə bilərdi, lakin ara-sıra qopan küləyin pəncərəyə çırpdığı yüngül zir-zibil qırıntılarından başqa hamı bu otağı unutmuşdu. Yalnız hava qaralmağa başlayanda ara-sıra tini dönən avtomobil işıqları pəncərədən içəri sivişərkən, şüşəli otaq qapısı arxasına yapışdırılmış və üzərində qeydləri olan kağızın qaraltısı uzana-uzana divarda gəzişməyə başlayanda təsdiq edilə bilərdi ki, iyirmi üçün gün əvvəl bu otaq tamamilə dünyadan təcrid edilib. Elə uzun-qısa fasiələrlə - qeyri-müəyyən vaxtlarda tini dönən həmin avtomobillərin işıqlarının göz qırpdığı pəncərənin sol tərəfindəki nəhəng portredəki naməlum insan rəsminin buz kəsmiş gözləri bu kağızdakı qeydləri pıçıldaya bilirdi...

“Xahiş edirəm...”...

Lakin öz əhəmiyyət dərəcəsinə, belə desək, vəziyyəti dəyişdirmək gücündə olmamasına görə böyük bir heçlik kəsb edən, avtomobillərin qeyri-müəyyən zamanda gəlmə vaxtını da nəzərə alsaq, özünü hiss etdirməyən bu tənbəl pıçıltı əbədi sakitliyə üz qoyaraq, ayaqlarını saxlaya bilməyən həyata hökm vermək şansını itirmiş bu otaqda hənirtisini hiss etdirə bilməzdi. Sadəcə nə vaxtsa, bura ayaq basacaq insanlara təşəkkür edə bilərdi ki, bu, indiki vəziyyət üçün ən axırda görüləcək iş hesab olunurdu. İndiki halda vəziyyət belə idi ki, sanki dünyanın sonunadək, həyat qarşısında ağ bayraq qaldıraraq təslim olmaq məcburiyyətində qalmış sükut hər şeyi yerbəyer edib öz yerinə qoymuşdu. Lakin şüşəli pəncərəyə zillənmiş həmin donuq gözlər, otaqdakı ahəngdarlığa etiraz olaraq öz sahibi üçün xilas nəğməsini zümzümə edirdi...

“Oxumadan içəri daxil olmayın...”

Avtomobilin südlü işığı otağın şüşəli qapısına çırpılanda, qar dənəciklərinin qara kölgələrini də, qabağına qataraq otağa itələməyə məcbur edirdi. Lakin avtomobil yola düzəldikdən sonra bu kölgələr də çəkilərək yox olurdular. Səssiz-səmirsiz yerə çırpılan qar dənəcikləri gövdələri küçə fənərlərinin ölgün işıqlarına can atan binaları udmağa cəhd edirdi. Çöldə də həyat buz qəfəsə girmişdi. Soyuğun pəncərə şüşələrinə üfürdüyü buxarın üzərinə barmaq çəkilməmişdi. Artıq əl izləri küçədən keçənlərə əl sallamırdı, salam vermirdi. Prospektdə qarışqa yuvası kimi qaynayan avtomobillərin mühərriklərinin uğultusu otağın ölüm sükutunu poza bilmirdi...

“... Sizi istəmədən qorxuda bilərəm. Əgər yazdıqlarımı içəri daxil olub çıxdıqdan sonra, yəni gec oxusanız, bu başdan sizdən üzr istəyirəm...”

Amma avtomobil işığının otağa yaydığı bu pıçıltdı, qar topası kimi yapışdığı kresloda, onunla birlikdə süst düşür. Hansısa qüdrətli gücü kənardan bura çəkərək gətirdiyi istənilən – çovğunun özünə yer taparaq eyvan qapısından içəri oğurlanan hənirtisi də, iyirmi üç gün əvvəl dizlərinə atdığı hərbçi adyalının qatlanmış ucunu açacaq həvəsdə deyildi. İki gün əvvəl borca görə elektrikin kəsilməsi televizoru da susdurmuşdu. Sanki son gücünü toplayaraq, onu oyatmağa çalışan nəhəng təbiət belə, açılı qalmış ağzından püskürən zülmətin əmredici vahiməsinə tabe olaraq, sədaqətli köpək kimi qabaq ayaqlarını cütləyərək təslim olur, qarnı üstdə tozlu döşəməyə uzanır. Bu vaxt küçədən süzülən işıqla şüşəli qapıya zillənən alatoran baxışlar iradəsizcə pıçıldayırdı…

“Xahiş edirəm, mənə nifrət etməyin. Belə olmağını istəməzdim”...

Geriyə qayıdış biletini özüylə gətirmiş bu yarımçıq yalvarış o vaxt dilə gətirilirdi ki, kresloya əyləşib soyuq çayı birnəfəsə başına çəkməsindən bir aya yaxın vaxt keçirdi. Zamanın qarşısıalınmaz axınında axşam düşür, səhər açılır – günlər keçirdi. Ara-sıra buludları yararaq, otağa sivişən Günəş işığı da, qapaqları yarıyadək enən gözlərini qamaşdırmırdı. Üç həftədən çoxdur gözlərini zillədiyi döşəmə də, qorxudan ayaqlarının altından qaçmağa hazır vəziyyətdə gözləyirdi. Otaqda heç nə sağ deyildi, hər şey ölmüşdü.

Sanki milyard ildir bura insan ayağı dəymirdi. Ayaqları da, toxunduğu yeri isitmək gücündə deyildi, bir neçə gün əvvəl tamamilə soyumuşdular. Əlbəttə bu, başını yelləyərək təsdiq edirdi ki, həmin otaqda insan yox idi. Heç nə burada həyatı geri qaytara bilməzdi. Şübhəsiz ki, bu otağın zülməti içində dolaşan və nə vaxtsa insan olmuş məxluq da, niyə belə olduğuna dair yaranmış suala cavab verə bilməzdi. Bu, zülmətdən sonra cavab verilməyəcək sualdır. Bu haqda nəzəriyyə uydurmağın özü yersiz işdir ki, ümumiyyətlə, zülmətin birdəfəlik çökməsindən sonra hansısa hadisənin baş verdiyi şübhəlidir. Bir çox hallarda isə bu, özünə müzakirə mövzusu olacaq qədər ciddiyyət qazana bilmir. Lakin bu, təsdiqini tapan bir faktdır - əbədi qaranlıq üzərinə çökdüyü insanı öz zülməti içində dondurur. Beləliklə, bu sıxlıq içində əbədiyyən müvazinətini qoruya bilən insan geri qayıdaraq vəziyyəti dəyişmək gücünü birdəfəlik əldən verir. Bu otağın son sakini də, bu qaranlığın zülmət daşlarının mühasirəsində idi. Buna görə də, nə baş verdiyinə dair yaranmış suallara cavab verə bilmirdi.

İnsan yaranandan çürüdülmüş bu nəzəriyyənin ahənginə uyğun olaraq, bu mənzilin sonuncu sakini haqda da, onu demək olardı ki, susmağa adət edən bir cəsədin danışmamaq kimi bir xüsusiyyəti var. Yaradan güc və həyatın əbədi olduğunu iddia edən nəzəriyyələrin də heç biri bu cəsədin adından danışa bilməzdi. Tini tənbəl-tənbəl dönən növbəti avtomobilin iki ayrı gözünün otağın şüşəli pəncərəsində qovuşan işıqları da vəziyyəti yerindən tərpətmirdi – onun susan dilini hərəkətə gətirmirdi...

“Güman edirəm ki, məni bu vəziyyətdə görəndə sizdə ikrah hissi baş qaldıracaq. Mənə nifrət edəcəksiniz. Amma bu andan sonra bu, məni kədərləndirməyəcək, ilk dəfədir ki, özümə belə güvənirəm. Amma bu bir az indi – özümü dərk etdiyim vaxtda məni içimə sıxışdırır. Yəqin ki, bir azdan bu barədə düşünməyəcəyəm...”...

Bu vəziyyətdə kresloda sinirləri ağrımayacaq qaxaca çevrilmiş bu insan üçün ən pis hal bundan ibarət idi ki, o, sanki bu halda da utanırdı. Gecələr ara-sıra tini dönən avtomobillərin işıqları şüşəli otaq qapısı arxasına yapışdırılmış qeydə zillənərkən, fasilələrlə utanırdısa, gecənin qeybə çəkildiyi saatlarda pəncərənin sol tərəfindəki portretdəki naməlum insan rəsminin bu üzrxahlıq təşəkkürnaməsini yorulmadan üzünə oxumasına məcburi də olsa adət etmişdi...

“Əlbəttə, təskinliyim bundan ibarətdir ki, məni belə tanımadığım adamlar görəcəklər. Sadəcə bunu belə başa düşün: adi bir qozbel – kilsə zəngləriylə diqqət cəlb etməyə çalışan Qvazimoda xilas olur. Məncə, buna siz də sevinməlisiniz...”.

Bəli, o, dünyanın kürəyinə dəvə güvəsi kimi yapışmış bir donqar idi. Kresloya oturmamışdan əvvəl güzgüdə özünə baxanda da, bu haqda düşünmüşdü ki, belə bir məxluq heç nəyə nail ola bilməyəcək. Bəlkə də yalnış düşünmüşdü, lakin təbiətin özünün belə bu həqiqəti dəyişə bilmək iqtidarında olmadığını nəzərə aldıqda, etika naminə olsa da, özü haqqında gəldiyi bu nəticənin doğruluğunu təsdiqləmək olardı.

İlk dəfə özünə etiraf etdiyi bu sirrin içində gizlətməyə cəhd etdiyi şey, bu otaqdan onu xilas etmək zəhmətinə qatlanaraq gələcək adamlara etdiyi üzrxahlıqla yanaşı, vaxtilə ünsiyyət qurmağa çətinlik çəkdiyi həmin və başqa insanlara nədənsə təşəkkür etmək borcunun olduğunu düşünməsi idi. Bu otaqdakı sonuncu – iyirmi üçüncü gecəsinin sonunda Günəş pəncərədən öz gülərüz çöhrəsini göstərərək, ona təsəlli verməyə çalışanda da, özü barədə verdiyi bu hökmün dəyişməyəcəyini əvvəldən bilmişdi...

“Bəli, otağa sevinərək daxil olmağa çalışın və rahat olun, hər ehtimala qarşı burnunuz da tutun. Bunu məndən gec xəbər tutacağınızı ehtimal etdiyim üçün deyirəm. Çünki mən bundan əvvəl də gözə görünməz idim, məni görmək elə də asan deyildi. Yəni, gec gəlmisinizsə və otaq hələ də, istidirsə demək ki, sizi üfunətə qonaq etmişəm. Bu vəziyyətdə sizə təklif edəcəyim heç nəyim yoxdur. Sizi ayaq üstdə də qarşılaya bilməyəcəyəm. Üzr istəyirəm, mən özümü öldürmüşəm. Belə uzun bir qeydi də ona görə yazıram ki, deyəsən ölümün məni çağırmasına baxmayaraq, hələ də nəyinsə dəyişəcəyinə ümid edərək özümə vaxt qazanıram, bir az da deyəsən, insanlarla danışmaq istəyirəm. Mənim problemim budur. Bütün hallarda isə gecə də olsa, gəlib məni apardığınız üçün...”.

Mənzilin arxasından kilidlənmiş qapısı silkələnəndə pıçıltı və sükut qeybə çəkildi. Gələnlər var idi. Bura ayaq basan ilk qonaqlar otağı lərzəyə gətirir. Lakin bu addımlar pəncərəyə zillənmiş gözlərdə ümidə çevrilmir. Şüşəli qapı üzərindəki qeydi oxuyaraq, onu xərəyə uzadaraq bu otaqdan çıxarmaq üçün gəlmiş adamların əlləri yalnız yarıyadək enmiş qapaqları gözlərinin üzərinə çəkməyə yaradı. Bir də, nə vaxtsa qarşılaşmadığı adamlardan biri yad bir insanın göstərdiyi səmimiyyətə qeyd-şərtsiz nifrətə layiq görüləcək bir davranışla otağın soyuq nəfəsindən pəncərəyə püskürmüş buxarın üzərinə əlinin izini qoymağa bəs etdi.

Dünyanın ən murdar və susqun adamının mənzilinin qapısı arxasından çırpılaraq bağlananda, pəncərədəki bu yad əlin izi tini dönən təcili yardım avtomobilində onu yola salırdı və onu bu otaqdan xilas edən bu yad insanlar üçün qoyduğu şüşəli otaq qapısının arxasındakı üzrxahlıq qeydinin son cümləsini yelləyirdi...

“Təşəkkür edirəm”....


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər