14 Noyabr 2018 23:15
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalça Muzeyində “Mədəni sərvətlərin, xüsusilə də saxta xalça məhsullarının qanunsuz idxalının və ixracının qarşısının alınması” mövzusunda seminar keçirilib. Seminar Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova iştirakçılara muzeyin fəaliyyət istiqamətləri haqqında məlumat verib, muzeyin yaranma tarixi və sərgilənən eksponatlar barəsində danışıb.

Dövlət Gömrük Komitəsi Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov seminarın təşkilinə görə Azərbaycan Xalça Muzeyinin rəhbərliyinə təşəkkür edib.

Bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” əsasında Dövlət Gömrük Komitəsinin üzərinə böyük öhdəliklər düşür. Bu öhdəliklərdən biri də Azərbaycan xalçası adı altında xaricdə istehsal edilən saxta xalçaların ölkəmizə idxalının və satışının qarşısının alınmasıdır.

Ş.Ələsgərov diqqətə çatdırıb ki, qaçaqmalçılar bəzən Azərbaycan brendi adı altında başqa ölkənin xalçalarını, bəzən də qədim yerli xalçaları yeni xalça kimi sərhəddən keçirməyə cəhd edirlər. Bu cəhdlərin qarşısının qətiyyətlə alınması üçün gömrükçülər orijinal Azərbaycan xalçalarını başqa ölkələrdə istehsal edilən, yaxud saxta xalçalardan ayırd etməyi bacarmalıdır. Bu səbəbdən komitə rəsmisi müvafiq seminarların gömrük əməkdaşlarının peşə bacarıqlarının və bilik səviyyəsinin artırılması üçün vacib olduğunu vurğulayıb. Sonra seminar başlayıb.

Seminarda “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası, Azərbaycan xalçaçılıq sənətinin tarixi, inkişafı və dünya mədəniyyətinə təsiri, Azərbaycan xalçası UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında, “Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlərin Azərbaycan Respublikasının ərazisindən ixracı” və “Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsullarının ixracı” mövzularında bilgi verilib, müzakirələr aparılıb.

Eyni zamanda, seminar iştirakçılarına Azərbaycan xalçaçılıq məktəblərinin xalça nümunələri ilə əyani tanışlıq imkanı yaradılıb.


Müəllif: Teleqraf.com