Onların cinsinin qadın, ya kişi olmasının ciddi bir fərqi yoxdur. Öz-özlüyündə müəyyən etdikləri “əsas missiya” başqalarına narahatlıq yaratmaqdır. Belə desək, özlərini gözə soxmaq, yaxud göstərməkdir. Bu qeyri-etik hərəkətləri kimisi tanış olmaq, kimisi anormal düşüncəsindən irəli gələrək, kimisi də öz rahat yerini təmin etmək üçün edir. Hər kəs də onlardan narazıdır.
Söhbət ictimai nəqliyyatda – qatar, yaxud avtobuslarda özlərini etik çərçivə daxilindən kənara çıxaran insanlardan gedir.
Görəsən, ictimai nəqliyyatda kişilər qadınların, qadınlar da kişilərin hansı davranışlarını bəyənmir?
Teleqraf.com mövzu ətrafında sorğu keçirib.
Həmin sorğunu təqdim edirik.
“Qadına yer vermək hörmətsizlikdir”
Jurnalist Gülşən Şərif: “Əslində ümumi olaraq cəmiyyətimizdə ictimai davranış qaydalarında müəyyən problemlər var. Düşünmürəm ki, bu problemlərin həlli üçün dövlət səviyyəsində hansısa qanun-qaydaya ehtiyac var. Bəzi məsələlərin həlli sırf fərdlərin öhdəsinə düşür. Məsələn, gözləmə mədəniyyəti, sürücü-sərnişin münasibəti və s. Bu baxımdan, ictimai davranış qaydalarını kişilərlə yanaşı, qadınlardan da pozanlar kifayət qədərdir.
Əks-cins nümayəndələrində xoş olmayan davranış qaydalarının əvvəlki illərə nisbətən azaldığını düşünürəm. Əvvəllər ictimai nəqliyyatda telefonuna nömrəsini yazıb, qız tərəfə tutan oğlanlar çox idi. İndi bu hal demək olar ki, yaşanmır. Əvvəllər oğlanlar ictimai nəqliyyatda oturuşuna fikir vermirdisə, indi normal oturanların sayı artıb. Dəyişməyən yeganə cəhət kişilərin, xüsusən də oğlanların ictimai nəqliyyatdakı narahatlıqlarıdır. Bu məsələdə “xalalar” sayəsində onları günahlandırmaq olmaz, amma sərbəst və rahat ola bilməmələri sıxıcı gəlir. İctimai nəqliyyatda hansısa qıza, xüsusən də xalalara yer vermək kimi hüquqları olmadığı halda, özlərini məcburi tapşırığa məhkum insan kimi narahat hiss edirlər. İctimai nəqliyyata hansısa qadın minəndə avtomatik ayağa dururlar. Məncə, bu aura insanı sıxır. Hətta bir çox ölkələrdə kişinin qadına yer verməsi hörmətsizlik kimi qəbul edilir.
Bildiyim qədər, ictimai nəqliyyatda özündən böyüyə yer vermək Sovet dövründə Azərbaycanda çox məşhur imiş. Hətta bu davranış bir nümunə kimi göstərilirmiş. İndiki şəraitdə bu davranışın mənəvi dəyərlərə hörmət kontekstindən yarandığını düşünmürəm. Çünki yer verilməyən xala avtobusda, metroda dava salırsa, gəncləri tərbiyəsizlikdə ittiham edirsə, burada heç bir mənəvi dəyərdən söhbət gedə bilməz. Bir sözlə, əks cins nümayəndələrində xüsusən irad tutulacaq mövzu yoxdur. Davadırsa, bunu qadınlar da edir. Davranışına fikir verməməkdirsə, bu, bəzi qadınlara da aiddir”.
“Hər kəs öz avtobusu ilə getsin”
Jurnalist Ramid İbrahimov: “Cəmiyyətdə kişilərdən gözləntilər çoxdur. İctimai nəqliyyatda kişilər çox çətin vəziyyətə salınır. Onlar sanki cəzalı kimidir. Əks cinsin münasibəti anlaşılmaz və arzuolunmazdır. Avtobusun qapısından başlayan xoş olmayan münasibət avtobusdan düşənə kimi davam edir. Bu səbəbdən mən təklif edirəm ki, kişilərlə qadınların avtobusu fərqləndirilsin. Hər kəs öz avtobusu ilə getsin”.
“İyrənc mənzərələrlə qarşılaşırıq”
Jurnalist Alçina Amilqızı: “Mütəmadi olaraq istifadə etdiyimiz ictimai nəqliyyatda iyrənc mənzərələrlə qarşılaşırıq. İnsanların xoş olmayan davranışları artıq günümüzün ağrılı probleminə çevrilib. Hər iki cinsin nümayəndələri arasında hələ də özünü ictimai nəqliyyatda idarə edə bilməyənlər var, qarşı tərəfə münasibətdə hərəkətlərinə nizam qoymayan, bəzi məqamlara xudbinliklə yanaşanlar az deyil.
Təbii ki, heç kəs insan dolu avtobusda və ya metroda narahat yol getmək arzusunda deyil. Düzgün tərbiyə almamış insanların qıcıqverici davranışlarına da dözmək bir başqa işgəncədir. Sərnişinlərin avtobusa daxil olaraq oturacaq davası etmələri, əyləşib yan oturacağı əşyaları ilə məşğul etmələri, hamilə və ya uşaqlı qadına, yaşlılara, əlillərə yer verməmələri, ayaq üstə kürəyə asılan çantalarla sərnişinləri narahat etmələri və ən nəhayət, sıxlıqdan “yararlanan” bəzi əks cinslərin etik olmayan hərəkətləri ictimai nəqliyyatın simasını əks etdirir. Fərq etmir, bu davranışların iştirakçıları hər iki cinsin nümayəndələridir və bu, reallıqdır. Təəssüf ki, bu məsələdə də irəli gedə bilmirik. Görünür, beyinlər və düşüncələr dəyişməlidir”.
“İstədim deyəm ki, ay xanım...”
Jurnalist Ayyət Əhməd: “Bu gün metro və avtobuslarda bəylərin xanımlara yer verməsi ilə bağlı problem yoxdur. İctimai nəqliyyatda, ilk növbədə özündən böyüklərə və ya səhhətində problemi olanlara yer vermək kimi yazılmayan qanun, bəlkə də, dünyanın heç bir ölkəsində olmayan bu adət-ənənə məni çox sevindirir. Bu cür anlayışlar Avropada yoxdur və bu, ən böyük mədəniyyətsizlik sayılır. Hətta bu davranışa görə, sizi məhkəməyə də verə bilərlər. Amma Azərbaycan xanımının kaprizi də, cəsarəti də, kini də, hiddəti də, qəzəbi də, sevgisi də, həsrəti də səmimi olur. Bu da çox arzuolunan haldır. Amma metro və avtobuslarda xanımların özlərinin bir-birinə hörmət etməməsi, bir-birinə laqeydlik nümayiş etdirməsi məni üzür. Bəzən baxırsan ki, 18-25 yaşlı xanım əyləşir, qulağında qulaqcıqlar, anası, bəlkə də nənəsi yaşda əlində əsa olan və çox çətinliklə nəfəs alan bir ağbirçək onun başının üstündə birtəhər dayanır. Gözü də o gənc xanımın üzündə qalır ki, bəlkə, insafa gələ ki, nənə, gəl əyləş. Dəfələrlə bu halın şahidi olmuşam.
Bir dəfə avtobusda gənc bir xanımın başımın üstünü kəsdirdiyini görəndə dərhal durub yerimi ona verdim, Allahın sağ olunu da demədi. Deməsin, istəmirəm. Növbəti dayanacaqda avtobusa ahıl yaşda, ağbirçək bir xanım mindi. Həmin gənc xanım ahıl nənəyə nəinki yer vermək, heç üzünə də baxmadı. Kənar müdaxilələrə də "mən də hamı kimi 30 qəpik ödəyirəm" reaksiyasını verdi. Bir istədim dillənim ki, ay xanım, bəs sən özün başımın üstünü kəsdirib gözlərimə elə boylanırdın ki, elə bil sənə yer vermək mənim boyumun borcudur, indi özün niyə yer vermirsən ? Baxdım ki, öz həmcinsləri “pay”ını verdilər, daha dillənmədim.
Xoşlanmadığım daha bir məsələ metro və avtobuslarda hamilə qadınlara öz gənc həmcinslərinin yer verməməsidir. Hətta dəfələrlə şahidi olmuşam ki, hamilə xanım avtobusa daxil olan kimi 60-70 yaşlı xanım durub, ona yer verib, amma 18-25 yaşlılar heç nə olmamış kimi rahatca əyləşib, qulaqcığa səs verərək mahnı dinləyib, saqqız partladıblar. Xanımlar bəzən özləri bir -birinə hörmət etmirlər”.
“Rəfiqəmə təcavüz etdi”
Jurnalist Brilyant Rəsulova: “İctimai nəqliyyatda əks cinsin nümayəndələri daha çox kobud davranırlar, xoşgörünüşlü xanımlara təcavüz edən kimi baxanları da görmüşəm. Daha çox danışıqlarına, işlətdikləri kəlmələrə diqqət etməlidirlər. Əksəriyyəti söyüşlə danışır və eyni nəqliyyatda qadınların olduğunu unudurlar, ya da bu, onların vecinə olmur. Sürücü ilə davranış qaydalarında da çoxu güclərinin üstün olduğunu düşünüb onları alçaldırlar. Nəticədə dəfələrlə rastlaşdığımız xoşagəlməz davalar yaranır. Bu hallar sərnişinlər arasında da özünü göstərir. Təsadüfən birinə toxunarkən, qadın olsa üzr istəyir, məsələ xoş sonluqla bitir, kişilərdəsə bu, 90% hallarda davaya çevrilir.
4 il əvvəl 65-70 yaşında bir kişi avtobusda rəfiqəmə əllə təcavüz etmişdi, bu hal nə ilk, nə də son deyil. Ondan sonra ictimai nəqliyyatda basabas olanda minmirəm, ya da məcburam qadınların əhatəsində olam”.
“Dedim ki, ay nənə...”
Jurnalist Adəm Abbaslı: “Bu, mənim ən yaralı yerimdir. Əsasən də səhər və axşam saatlarında... Təsəvvür edin ki, səhər yuxudan ala-yarımçıq durub işə gecikməmək üçün evdən tələsik çıxırsan. Avtobus dayanacağına hamıdan tez çatasan, amma hamıdan axırda minəsən. Buna səbəb isə əlbəttə ki, çox vaxt elə xanımlar olur. Hətta az qala, adamı borclu çıxarırlar. Sanki səhərin gözü açılmamış dayanacağa gəlmişəm ki, xanımlar üçün yer tutum – onlar minsin, mən isə yerdə qalım. Belə olmamalıdır! Hamı dayanacağa çatarkən özündən əvvəlki və sonrakı insanların sırasını gözləməlidir. Day hay-küylə özünü zorla avtobusa pərçimləməməlidir. Qadın olanda nə olar ki? Bəyəm mən hansısa qadına görə, işə dəfələrlə gecikib işimdən olmalıyam?! Əlbəttə ki yox!
Bir də görürsən ki, səhərin alatoranında bir nənə adamlarla dalaşır ki, indiki kişilər qadınlara hörmət qoymur. Bir dəfə bir yaşlı (70-80 yaş arası) qadınla sözlə savaşmışam. Demişəm ki, ay nənə, bax sən niyə günün bu vaxtı evdən çıxıb harasa gedirsən ki, indi də mənimlə avtobusa minmək üstündə savaşasan? Mən işə gedirəm, sən isə 100 % hansısa qohumunun evinə gedirsən ki, oturub gəlindən qeybət edəsən. Gözlə, işə gedənlər getsin, sonra avtobusların nisbətən boş vaxtlarında min get də. Qadın dinmədi. Düz sözə nə deyəsən!?
Başqa sözlə, qadınların avtobusa minmək üstündə kişilərlə savaşıb onları basıb keçmələrinə, mindikdən sonra isə ardınca gələn sərnişinlərə irəliləmək imkanı verməmələrinə, özləri elədikləri halda digərlərinin üstünə qışqıraraq “hara itələyirsən?” demələrinə və etikama sığınıb burda deyə bilmədiyim digər hərəkətlərinə pis baxıram”.
“Oğlan hamilə qadına dedi ki...”
Jurnalist Maya Quliyeva: “İctimai nəqliyyat - işləyən insanların gündəlik 3 saatı deməkdir. Bu saatlarda hamının tələsməsi, işə tez çatmaq, gecikməmək kimi problemlər aqressiya yaradır . Avtobus və metroda əsasən də, yer üstündə mübahisələrin, davaların düşməsinin çox şahidi olmuşam. Gündəlik problemlər insanlarda səbr deyilən o gözəl hissi öldürüb. Əks və ya elə öz cinsindən olan insanları başa düşmək lazımdır. “Qanan qanmaza borcludur” misalı həmişə devizim olub.
Bir dəfə metroda çox sıxlıq idi. Bir hamilə qadın qatara daxil oldu. Çalışdım ki, mümkün qədər tutacağa yaxın olsun . Qəfil qatarın öz sürətini azaltmasına görə, hamı bir-birinin üstünə yıxıldı. Hamilə xanım da qarşıda dayanmış bir topa oğlanın üstünə yıxıldı. Oğlanlardan biri qayıtdı ki, yavaş ay xanım, məni udmuşdun. Qadın “bağışlayın” desə də, oğlanın elə deməsinə çox pis oldu. Mən də qadının qolundan tutub oğlana cavab verdim ki, həkim hamilələrə qoyun ətini qadağan edib”.
“Yanlarında kişi oturmasını istəmirlər”
Jurnalist Səxavət Məmməd: “İctimai nəqliyyatda ürəkaçan heç nə yoxdur. Sürücülərin etdiklərindən tutmuş, sərnişinlərin hərəkətlərinə qədər...
İctimai nəqliyyatda qadınlar haqqında ən çox irad oturmaq məsələsində tutulur. Açığı, kişilər qadınlara hər zaman yer verir. Ancaq bəzi qadınlar bunu hüququ kimi görür. Baxmırlar ki, oturan bəlkə xəstədir, yorğundur, ağrıyır. Dəfələrlə olub ki, oturmuş kişinin başının üstündə durub, “yerimdən dur” baxışları ilə baxanlar görmüşük. Oturmaq məsələsindən başqa, bəzilərinin imkanı olsa, avtobusu bloklarının qarşısına qədər də sürdürər.
Müşahidə etmişəm, yer tapıb oturmayan qadın çox aqressiv olur. Həmin dəqiqə anlayıram ki, avtobusda mütləq söz-söhbət düşəcək, düşür də. Bir də ən qəribə məsələ tək oturmaq istəyidir. Bəzi qadınlar isəmir ki, yanında kişi otursun. Buna görə dava düşdüyünü də müşahidə etmişəm”.
“Ağızlarından sarımsaq iyi gəlir, amma...”
Jurnalist Fəridə Abdullayeva: “Ən zəhləm gedən davranışları, qolunun altı iy verə-verə özlərini camaata sürtməkləridir. Kobud, etikadan uzaq formada irişənlərdən də xoşum gəlmir. Ağızlarından sarımsaq iyi gələ-gələ adama baxıb dişlərini ağardanlar var. Gözəl qadın görəndə gözlərini zilləyib baxan, yaşlı, hamilə qadınlara yer verməyən, qışqıra-qışqıra telefonla danışan və s. kimi tiplərdən zəhləm gedir”.
“Həyasızcasına keçib oturdu”
Şair Emin Piri: “Elə də fikir vermirəm. Çünki müəllim işlədiyim kənddə kişilər avtobusa ön qapıdan minə bilməz. Qabaqda oturmaq da olmaz. Sovet dövründən qoyulmuş qadağadır. Yalnız arxa qapıdan minib arxada oturmalısan. Ön yerlər boş olsa, arxada basabas olsa da, önə keçməyin və ya əyləşməyin etik sayılmır. Bunun sonunu “razborka” gözləyir. Buna görə də istər-istəməz yalnız arxaya gedirəm. Amma şəhərdə xanımlar bir qədər xanımlıq hörmətini unudurlar. Sumqayıtda boynu qırılmış uşaq gipsdə oturmuşdu. Qadının biri böyüklərə, qocalara hörmətsizlikdən gileyləndi. O uşaq durdu, qadınsa həyasızcasına o yerdə oturdu. Bəzən düşünmürlər ki, o oturan oğlan bəlkə xəstədir, bəlkə ayağı protezdir. Ancaq gileylənirlər”.
“Yadıma düşəndə hələ də gülürəm”
Jurnalist Lamiyə Balacayeva: “Əslində çox bəydən şikayətçi olsam, haqsızlıq edərəm. Nə də olsa, nəzakət xətrinə xanımlara yer verirlər. Amma ictimai nəqliyyatda bəylərimizdə bəyənmədiyim bəzi nüanslar var. Hansılar ki, yanındakı xanımdan qorxub yer vermirlər. Bu fikrim gülməli səslənə bilər. Hərçənd onlardan yer istəyən də yoxdur axı. 9 il öncə başıma bir əhvalat gəlmişdi. Qəbul imtahanına hazırlaşan ərəfədə metroda təzyiqim düşdü, halım pisləşdi. Yer verdilər, yenə özümə gələ bilmədim. Qatardakıların köməyi ilə hava almaq üçün platformaya çıxarıldım. Bu zaman bir bəy də kömək etmək istəyirmiş. Sevgilisi qolundan dartıb, qısqanıb deyə icazə verməyib. Özümə gələndə rəfiqələrim danışdı. Bu günə kimi yadıma düşəndə gülürəm. Hərdən oğlanların tərlənməyə qarşı qoruyucudan istifadə etməmələri də xoş deyil, bu, bəzi qadınlara da aiddir. Daha sonra kürək çantaları və vecsiz kimi dayanmaları da əsəbiləşdirir adamı.
Nə gizlədim, ictimai nəqliyyatda kişilərin özlərini qadınlara yaxın hiss edib, irişmələri xoş davranış deyil”.