“Bakıda seçkili mer, ölkədə pulsuz təhsil və s. məsələlərlə bağlı REAL Partiyası kampaniya keçirir. Maraqlıdır, Konstitusiyanın 124-cü maddəsində yerli icra başçılarının prezident tərəfindən təyin olunduğu yazılır. Seçkili mer üçün Konstitusiya dəyişməli deyil ki?
REAL-ın qanun layihəsi təklifi mənə Bələdiyyə, İcra Hakimiyyəti arasında çox çiy ideya kimi göründü”.
Teleqraf.com xəbər verir ki, bu sözləri siyasi fəal Bəxtiyar Hacıyev deyib.
Onun sözlərinə görə, REAL Partiyasının təklif etdiyi pulsuz təhsil məsələsində də çiylik var:
“Çünki, qanun layihəsi 2019-cu ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutur. Tutaq ki, nəzəri olaraq, REAL 1 aya 40 min imza topladı, parlament 2 həftəyə qanunu qəbul etdi, prezident də 2 saata təsdiqlədi və hamının pulsuz təhsili üçün 2019-un dövlət büdcəsinə REAL-ın təklif etdiyi məbləğ artırıldı.
Bəs bu 1-ci kurslar 2-ci kursa keçəndə 2020-ci il dövlət büdcəsi, 3-cü kursa keçəndə 2021 və s. illərin büdcəsi necə olacaq?
Yaxud, 2-ci kursda ödənişli oxuyanlar, 3-cü kursa keçəndə bu qanunla ödənişsiz oxuyacaqlarsa, 4-cü kursda necə olacaqlar?
Ödənişsiz təhsil bir ilin dövlət büdcəsinə 150 milyon manat əlavə etməklə bağlı qanun qəbul etməklə həll olunur, yoxsa, birdəfəlik həlli başqa olmalıdır?
Sanki, imza toplanılan hər üç məsələ tələsik, düşünülməmiş, çiy şəkildə cəmiyyətə verilib ki, elə-belə imza toplamaq və qanun layihəsi hazırlamaq vərdişləri üzrə təcrübə toplayaraq məşq edək”.
Bəxtiyar Hacıyev deyib ki, konkret vaxt çərçivəsi göstərilməyib: “Konkret nəticə - 3 təklifdən ən azı 1 təşəbbüsü reallaşdıracağıq, hesablanmayan, açıqlanmayan, sadəcə hərəkətdə qalmaq və təcrübə toplamaq üçün atılmış addım kimi göründü mənə”, - deyə Bəxtiyar Hacıyev bildirib.