Tanınmış müğənni, biznes ledi Ruhi Əliyeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı fikirlərə sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Ruhi Əliyeva İnstaqram səhifəsində gənc psixoloqun Azərbaycana xəyanət etdiyini qeyd edib.
“Bu məsələyə görə sözün əsl mənasında sarsıntı içərisindəyəm. Ermənilərin millətimizə etdiyi saysız qətliamlar, soyqırımlar haqda geniş xatırlatmaya hər halda ehtiyac duymuram. Çünki hər birimizin damarında axan qan məhz odur! Bizim ana-bacılarımızın fəryadı hələ çəkilməyib. Erməninin axıtdığı Azərbaycan qanı hələ soyumayıb. O daşnaqların ayaqları altda qalan körpələrin naləsi hələ qulağımızdan getməyib. Bəs necə ola bilər ki, bu xalqın belə övladı olsun? Evdə hansı tərbiyəni görüb bu? Nərmin adlı qızın qəhrəman Mübariz İbrahimov haqda dedikləri absurddur. Amma ən böyük faciə bu torpaqda yetişən, milləti azərbaycanlı, əqidəsi mərhəmət olması gərəkən bir qızın vətəninə xəyanətidir! Mübariz sənin kimilər bu gün ağlına gələni danışsın deyə vətən uğrunda şəhid oldu? Ar olsun, ayıb və haram olsun bu qan sənə! Dostlar, düşünürəm ki, bu mənəviyyatsız biri ilə dövlət orqanları danışmalıdır. O, qanun qarşısında cavab verməlidir. Biz o xainin şəklini paylaşıb, reklam etməkdənsə, bunu tələb etməliyik”, - deyə müğənni vurğulayıb.
Ruhi Əliyevanın sosial şəbəkədəki izləyiciləri onunla həmrəy olduqlarını bildiriblər.