Azərbaycanda iribuynuzlu mal-qara arasında yayılmış "Nodulyar dermatit" virus xəstəliyinin qarşısının alınması üzrə tədbirlər gücləndirilib. İribuynuzlu mal-qara arasında təxminən bir ay əvvəl yayılmış virus artıq Azərbaycanın 10 rayonunun ərazisində qeydə alınıb.
Bu barədə Teleqraf.com-a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.
T.Xanvəli qeyd edib ki, əvvəlcə xəstəlik ölkənin dörd rayonunda - Ağdaş, Biləsuvar, Cəbrayıl və Ucar rayonlarında qeydə alındı: "Virus, əsasən, Kür çayı sahilində yerləşən rayonlarda yayılıb. Bu, ölkədə müşahidə olunan davamlı isti hava şəraitində həmin virusun daşıyıcıları olan ağcaqanadların və digər qansoran həşəratların aktivləşmə dövrü ilə əlaqədardır. Əldə olunan məlumata görə, indiyədək 1600 başdan çox iribuynuzlu mal-qaranın yoluxması halı təsdiqlənib, 11 heyvan tələf olub. Səmərəli müalicə-profilaktika tədbirləri nəticəsində getdikcə daha çox yoluxmuş heyvanın sağaldığı müşahidə olunur".
Onun sözlərinə görə, anomal istilərin davam edəcəyi halda Azərbaycan ərazisində xəstəliyin yayılma ehtimalı kifayət qədər yüksək olaraq qalır: "Hazırda Bakıda və paytaxt ətrafında virusun aşkar olunması və yayılması qeydə alınmayıb. Xəstəliyin yayıldığı ferma və təsərrüfatlardan mal-qara gətirilməsinin qarşısının alınması üzrə tədbirlər görülüb. Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən, xəstəliyin yayıldığı rayonlardan bazarlara mal-qaranın gətirilməsi dayandırılıb".
Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, əvvəllər virus həmsərhəd ölkələrdə, yəni Türkiyədə və İranda aşkar edilib. Virusun Azərbaycan ərazisinə keçməsi çox güman ki, İran-Azərbaycan sərhədi zonasında, iribuynuzlu mal-qaranın otarıldığı neytral zonada baş verib.
İribuynuzlu heyvanlarda "Nodulyar dermatit" xəstəliyi virus mənşəli olmaqla qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu xəstəlikdən ölüm halı 10 faizdən yuxarı olmur.