11 Fevral 2019 16:38
1 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasının 95 illiyi və Xıdır Nəbi bayramı ilə bağlı Bakıda tədbir keçirib.

Teleqraf.com xəbər verir ki, bu, Bakıda yaşayan naxçıvanlıların ilk tədbiri olsa da, Naxçıvanlılar cəmiyyətinin təşəbbüs qrupunun üzvü Kənan Şərifov və Azər Əskərov bundan sonra da muxtar respublikaya məxsus digər qədim xalq bayramları və mərasimlərinin Bakıda qeyd ediləcəyini bildirib.

Tədbirin əsas məqsədi elimizin, obamızın tarixindən süzülüb gələn, qədim Xıdır bayramının tanıtımı, yaddaşlarda qorunması, yeni nəslin diqqətinə çatdırılması olub. Stolların üzərinə ənənəvi Xıdır qovurqası, Xıdır xonçası, Naxçıvan kətəsi, çöçə, nabat, quru meyvələr, şirniyyatlar, badamlı, sirab, müxtəlif kompotlar, bir sözlə, sırf Naxçıvanda istehsal edilən nemətlər düzülüb.

Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev (Elyar İslam) çıxış edərək Naxçıvanın tarixən çətin sınaqlarla dolu mürəkkəb, eyni zamanda şərəfli yoldan, son illər Naxçıvanda aparılan quruculuq işlərindən, bölgənin inkişafından danışıb, Xıdır Nəbi bayramının tarixi, əhəmiyyəti, bayram zamanı icra edilən adət-ənənələri, ritualları diqqətə çatdırıb.

Milli Məclisinin deputatı Aydın Mirzəzadə çıxışında bildirib ki, Xıdır bayramının keçirilməsi milli-mənəvi dəyərlərimizə verilən qiymətdir. Xalqımızın adət- ənənələrini qoruyub saxlamaq, onu gələcək nəsillərə ərməğan etmək millətin sabahı deməkdir. Bu adət-ənənələr xalqımızın birliyinin, gücünün təcəssümüdür.

Daha sonra Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının vitse-prezidenti Könül Məmmədzadə çıxış edərək tədbirin əhəmiyyətini və keçirilməsinin vacibliyini qeyd edib.

Naxçıvanlı şair Rəhim Möhnət, yazıçı-jurnalist Kamil Kamranoğlu, yazıçı Almaz İlahə Əhmədova, naxçıvanlı ziyalılar Telman Qasımov və Fikrət Bektaşi də çıxış edərək Naxçıvanın yüksək inkişafından, görkəmli şəxsiyyətlərindən də söhbət açaraq, qədim mərasimlərin yaşadılmasının vacibliyindən danışıblar.

Tədbirin bədii hissəsinin təşkilatçısı Fərahim Qulubəyov da adət-ənənələrin, mərasimlərin yaşadılmasının zəruriliyindən vurğulayıb.

Əməkdar artistlər Nuriyyə Hüseynova və İlqar Muradov, Opera və Balet Teatrının solisti Bəsti Qasımova, Əməkdar artist, Opera və Balet Teatrının aparıcı solisti Cahangir Qurbanov, Azərbaycan Dövlət televiziyasının solisti Sərxan Bünyatzadə, “Azərbaycanın səsi” yarışmasının qalibi Mehman Tağıyev, müxtəlif səs yarışmalarının iştirakçısı və qalibi olmuş Cavid Hüseyn, Vəli Səfərov, Rza Zaman, Ayxan Bünyatzadə, Mahir Hüseynli, Ehtiram Hüseynov, Elmar Qasımov və başqaları Naxçıvana aid mahnılarla oxuyub, sonra Naxçıvan yallıları ifa ediblər.

Qeyd edək ki, tədbirdə Naxçıvanda istehsal edilən məhsulların sərgisi də diqqət çəkib.

Sonda qonaqlara Xıdır torbaları və xonçalar, Naxçıvan məhsulları və hədiyyələr təqdim edilib.


Müəllif: Aytən

Oxşar xəbərlər