Azərbaycanın müstəqilliyinin bərpasından ötən son 15 il tarixə bütün sahələrdə böyük inkişaf və tərəqqi dövrü kimi daxil olub. Həmin illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yalnız siyasi və iqtisadi sahədə deyil, eyni zamanda, sosial tərəqqi, əhalinin sağlamlığının yüksəlməsi və səhiyyəmizin sürətli inkişafı ilə də diqqəti cəlb edir. Təsadüfi deyil ki, həmin dövrdə respublikamızda minlərlə xəstəxana inşa edilib, köhnə səhiyyə müəssisələri əsaslı şəkildə təmir edilərək ən müasir tibbi avadanlıqla təchiz olunub. Bununla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi böyük diqqət, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən çoxsaylı layihələr Azərbaycan səhiyyəsini dünyanın aparıcı ölkələrinin bu sahəsi ilə bərabər səviyyəyə qaldırıb. Eyni zamanda, ölkə ərazisində olan nadir təbii müalicə müəssisələri yüksək standartlar səviyyəsində bərpa olunaraq, həm əhalinin, həm də Azərbaycana üz tutan əcnəbilərin istifadəsinə verilib. Belə müəssisələrdən biri də öz unikal tibbi-müalicəvi və reabilitasiya əhəmiyyəti ilə seçilən Naxçıvan “Duzdağ” fizioterapevtik mərkəzidir.
Yaşı min illərlə olan “Duzdağ” mağarası Azərbaycanın ayrılmaz hissəsi, qədim tarixi və təbii gözəlliyi ilə seçilən Naxçıvan diyarının rəmzlərindən biridir. Doxsan milyon ton təbii sərvətə malik olan bu dağ yalnız şəffaf və təmiz duzu ilə deyil, həmçinin müalicəvi xüsusiyyətləri ilə məşhurdur. Belə müalicə müasir tibdə speleoterapiya kimi tanınır. Azərbaycanda speleoterapiyanın müasir elm və tibbin yeni bir sahəsi kimi formalaşması isə tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın adı ilə bağlıdır. Məhz Lalə Allahverdiyeva ilk dəfə Azərbaycanda speleoterapiyanın elmi istiqamətini əsaslandırıb, onun yüksək kliniki, funksional və laborator səmərəliliyini sübut edib. Onun rəhbərliyi ilə aparılmış elmi tədqiqat işləri həm Azərbaycanda, həm də dünyada speleoterapiyanı keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Onun tərəfindən speleoterapiyanın səmərəliliyinə dair çoxlu sayda elmi məqalələr dərc olunub.
L.Allahverdiyeva Azərbaycan speleoterapiyasının və Naxçıvan “Duzdağ” mağarasının dünya miqyasında tanınması məqsədilə dəfələrlə beynəlxalq forumlarda, konqreslərdə, simpoziumlarda məruzələrlə çıxış edib. Belə ki, 2015-ci ildə Sinqapurda keçirilən XXI Ümumdünya Tibdə Reabilitasiya və İmmunoreabilitasiya Konqresi və VIII Ümumdünya Astma, Allergiya və XOAX üzrə Forumda L.Allahverdiyeva “Naxçıvanın Duzdağ mağarasında bronxial astmanın qeyri medikamentoz müalicəsi” adlı məruzə ilə çıxış edərək birinci yeri tutub və WIPO-nun (World Immunopotology Organization) prezidenti tərəfindən diplomla təltif olunub.
2017-ci ilin aprelində ABŞ-ın Nyu-York şəhərində keçirilən Ümumdünya Tibdə Reabilitasiya və İmmunoreabilitasiya Konqresi və X Ümumdünya İmmunopatologiya təşkilatı tərəfindən Allergiya, Astma, XOAX üzrə Beynəlxalq Forum keçirilib. Tədbirdə 50-dən çox ölkədən (ABŞ, Avropa, Asiya, Afrika) nümayəndələr iştirak ediblər. Bu mötəbər tədbirdə də respublikamızı ATU-nun “Allerqologiya və İmmunologiya” kafedrasının müdiri professor L.Allahverdiyeva təmsil edib. Bu forumda o, iki məruzə ilə çıxış edib - “Atopik bronxial astmalı uşaq və yeniyetmələrdə Naxçıvan “Duzdağ” mağarasının səmərəliliyi” və “Allergik rinit və bronxial astma olan uşaqlarda sublinqval allergenspesifik immunoterapiya”. O, iştirakçıları Naxçıvanda yerləşən duz mağaralarının müalicəvi, reabilitasiya imkanları və speleoterapiya üstünlükləri ilə daha yaxından tanış etmək məqsədilə forumda plakatlar, broşürlər, məqalələrdən ibarət ekspozisiya sərgiləyib və videoçarx nümayiş etdirib. Həmyerlimizin təqdimatı ABŞ, İspaniya, Rumıniya, Bolqarıstan, Filippin və digər ölkələrin alimlərində geniş maraq oyadıb və onlar bilavasitə bu təbii mənbə ilə tanış olmaq istədiklərini bildiriblər. Nəticədə L.Allahverdiyevanın Naxçıvan“ Duzdağ” mağarası haqqında məruzəsi birinci yerə layiq görülüb və WIPO-nun prezidenti tərəfindən diplomla mükafatlandırılıb.
2019-cu ilin fevralında ABŞ-ın San-Fransisko şəhərində Amerikanın Astma, Allergiya və İmmunologiya Akademiyası tərəfindən keçirilən konqresdə L.Allahverdiyevanın “Naxçıvan “Duzdağ” mağaralarının pediatrik astmanın müalicəsində rolu” adlı məruzəsi təqdim olunub və bu akademiyanın “Allergy and Clinical Immunology” jurnalında çap edilib.
Speleoterapiya metodu adlandırılan bu üsul təbii, müasir texnologiyalı, yüksək effektli, qeyri-medikamentoz müalicə və profilaktika üsullarına aiddir. Bu metod vasitəsilə həm allergik, həm də qeyri-allergik bronx-ağciyər xəstəlikləri, pollinoz, ekzema, atopik dermatit, neyrodermit, stress və sinir gərginliyi kimi digər xəstəliklər öz müalicəsini tapıb. Bu metodun əsas xüsusiyyətlərindən biri duz mağaralarının təbii mikroiqlimidir.
Mövcud məlumatlara görə, 6 min il bundan əvvəl, Nuh-Nəbi (Nuh peyğəmbər) dövründən Naxçıvanın “Duzdağ” mağarasında duz çıxarılır. Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə qədər “duz yolu” uzanırdı. Bu yerlər haqqında bir çox kitab və elmi əsərlər yazılsa da, indiyə qədər bu torpağın sirri tamamilə açılmayıb. “Duzdağ” mağarası və duz şaxtası adlı artefakt bəşəriyyətin nailiyyətlərindən biri sayılır. Qeyd etdiyimiz kimi, bu mağara həm də mühüm tibbi-müalicəvi əhəmiyyətə malikdir.
Məşhur Naxçıvan “Duzdağ” sanatoriyası vaxtilə keçmiş SSRİ ərazisində ən unikal yerlərdən biri hesab olunurdu. Hazırda bu reabilitasiya mərkəzi özünün intibah dövrünü yaşayır. Onun populyarlığı o qədər yüksəkdir ki, respublikamızın sakinləri ilə yanaşı, bütün MDB ölkələri, Türkiyə və İran vətəndaşları da bura müalicə üçün gəlirlər. Avstriya, Almaniya, İtaliya, Polşa, Rumıniya, Macarıstan, Belarus, Ukrayna, Qırğızıstan və Rusiyada bu cür mağaraların olmasına baxmayaraq, Avropa ölkələrindən də bura gələn xəstələrin sayı ildən-ilə artır. Bunun əsas səbəbi Naxçıvanın “Duzdağ” mağaralarında olan iqlimin unikal kimyəvi tərkibidir. Belə ki, “Duzdağın” mikroiqliminin tərkibində daha çox miqdarda natrium və xlor ionları mövcuddur. Buradakı havanın tərkibində kiçik dispersli Na və Cl ionlarının ölçüsü 1 millimikrondan 5 millimikrona qədərdir (82,6 faiz). Bu tərkib bronx-ağciyər xəstəliklərinin müalicəsində olduqca səmərəlidir. Bu cür duzlu aerozol yeraltı müalicə ocağının havasını təmizləyir, burada mikrobsuz və steril bir şərait yaradır. Başqa ölkələrdə olan mağaralarda isə Ca ionları üstünlük təşkil edir, bu isə müalicənin effektivliyini aşağı salır. Məsələn, Solotvinodakı (Ukrayna) oxşar sanatoriya ilə müqayisədə buradakı havada 6 dəfə çox Na və Cl ionları var. Bütün bu amillər, yəni, optimal iqlim şəraiti və müalicənin yüksək səmərəliliyi Naxçıvan “Duzdağ” mağarasını dünyada analoqu olmayan bir müalicə mərkəzinə çevirib.
Hərtərəfli elmi tədqiqat əsasında hazırlanmış yeraltı xəstəxananın quruluşu sınaqdan keçirilib və dünya miqyasında tanınır. Yeraltı xəstəxananın uzun müddətli istismarı, onun yaradılması zamanı istifadə olunan konstruksiya, mağaradakı mikroiqlimin xüsusiyyətləri bu tibb ocağında optimal şəraitin yaradıldığını göstərir.
Naxçıvan “Duzdağ” mağarasının digər bu tip mağaralardan üstünlüyünün bir göstəricisi də onun üfüqi vəziyyətdə yerləşməsi və havalandırılmasıdır, bu isə xəstələrin mövcud şəraitə daha tez və asan uyğunlaşmasına səbəb olur.
Mağaradakı mikroiqlimin sabit parametrlərə malik olması, havanın əlverişli qaz, aerozol, ion tərkibi, bakterial çirklənmənin aşağı olması və allergenlərin tamamilə olmaması mərkəzin əsas göstəricilərindəndir.
Bu gün Naxçıvan “Duzdag” fizioterapiya mərkəzi speleoterapiya sahəsində aparıcı müalicə müəssisəsidir. Mərkəz dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir. Xəstəxana yerüstü və yeraltı hissələrdən ibarətdir. Speleoxəstəxananın yeraltı hissəsi 110 metr dərinlikdə yerləşir, 5 qalereya və 47 palatadan ibarətdir. Yeraltı fizioterapiya şöbəsində xəstələr daimi tibbi nəzarət altındadır. “Duzdağ” müalicə mərkəzi öz potensial imkanları ilə Azərbaycan Respublikası səhiyyəsində unikal müalicə və reabilitasiya mərkəzi sayılır.
L.Allahverdiyeva nəinki Azərbaycanda, MDB ölkələrində, hətta bu hüdudlardan kənarda, Amerika Birləşmiş Ştatlarında, Kanadada, Avropada və o cümlədən dünyanın bir çox ölkələrində tanınmış alim və həkim - allerqoloqdur. Belə ki, 2006-2007-ci illərdə elmi nailiyyətlərinə görə onun adı Amerika Birləşmiş Ştatlarının “Tibdə və Səhiyyədə kim kimdir” (“Who's Who in Medicine and Helthcare”) məşhur ensiklopedik toplusuna daxil edilib. 2011-ci ildə isə o, tibb sahəsində böyük nailiyyətlərinə görə İngiltərənin Kembric Universitetinin “The Cambridge Certificate for Outstanding Medical Achievement” sertifikatı ilə təltif olunub.
Tanınmış alim xaricdə (ABŞ, Fransa, İngiltərə, İspaniya, Almaniya, İtaliya, Avstriya, Hollandiya, İsveçrə, Danimarka, Sinqapur, BƏƏ, Türkiyə, Misir, Rusiya, Gürcüstan, Özbəkistan və s. ölkələrdə) keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda və konqreslərdə çıxış etdiyi məruzələrdə və sədrlik etdiyi plenar sessiyalarda dəfələrlə Azərbaycanı yüksək səviyyədə təmsil edib.
Dünyada ilk dəfə olaraq, Naxçıvan “Duzdağ” mağarasında müalicə olunan xəstələrin nəticələrini obyektiv qiymətləndirmək və düzgün müalicə aparmaq məqsədilə onun tərəfindən dünyanın məşhur tədqiqat mərkəzlərində istifadə olunan “Nioxmino” aparatı İsveçdən ölkəmizə gətirilib. Bu cihaz vasitəsilə bronxial astmalı xəstələrdə verilən nəfəsdə azot-2 oksidin təyini aparılıb.
Onun rəhbərliyi altında mütəxəssislər qrupu tərəfindən xəstəliyin növünə və xəstələrin yaşına görə speleoterapiyanın yeni müalicə sxemi hazırlanıb. Bu yeni hazırlanmış sxemlə müalicə olunan xəstələrin sağalması, bu üsulun daha yüksək səmərəliliyini sübut edib.
L.Allahverdiyeva uzun illər apardığı tədqiqatın mühüm əhəmiyyətini belə qiymətləndirib: “Naxçıvan “Duzdağ” mağarasında müxtəlif ağciyər-bronx patologiyası olan xəstələrdə aparılan müalicə, speleoterapiyanın yüksək səmərəliyini bir daha təsdiq edib. Belə ki, bronxial astmalı xəstələrdə aparılan müalicədən sonra onların 70-80 faizində 6 aydan 2 ilə qədər yaxşılaşma qeyd olunur. Bu gün fizioterapevtik mərkəz olan “Duzdağ” mağarası Naxçıvanın vizit kartına çevrilib. Hazırda bu mərkəz bir sıra xəstəliklərin profilaktika, müalicə və reabilitasiyasında təbii effektiv qeyri-medikamentoz müalicə üsullarından biridir. Lakin bilmək lazımdır ki, speleoterapiya medikamentoz müalicəni nə inkar, nə də əvəz etmir. İlk növbədə, xəstələrə, xəstəliyin ağırlığından asılı olaraq, medikamentoz müalicə təyin edilməlidir. Kəskinləşmə aradan qalxdıqdan sonra isə reabilitasiya mərhələsində speleoterapiya kursu təyin olunmalıdır. Speleoterapiyanı bizim ölkəmizdə bundan sonra daha da inkişaf etdirmək lazımdır. Əminik ki, Naxçıvanda aparılan speleoterapiya sağlamlığın industriyasına çevriləcək”.