Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Brüsseldə Avropa Parlamentinin müdafiə və təhlükəsizlik üzrə altkomitəsinin sədri Anna Fotıqaya onun Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfəyə, həmçinin Avropa Parlamentində beynəlxalq hüquq və təhlükəsizliyin müdafiəsi istiqamətində fəaliyyətinə görə fəxri nişan təqdim edilib.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyindən məlumat verilib.
Nişanın üzərində azərbaycanlı hərbçi, Polşa Milli Ordusunun zabiti, polkovnik Vəli bəy Yadigar və polyak hərbçi, Azərbaycan Milli Ordusunun generalı Maçey Sulkeviçin təsvirləri əks olunub.
Fəxri nişanı təqdim edən Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Fuad İsgəndərov A.Fotıqaya Azərbaycanın Polşa və Avropa İttifaqı ilə münasibətlərinin inkişafına verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib, siyasi fəaliyyətində uğurlar arzulayıb.
Nişanı qəbul edən A.Fotıqa onun fəaliyyətinə Azərbaycanın Polşadakı səfirliyi tərəfindən verilən yüksək qiymətə görə minnətdarlıq edib, iki ölkə arasında tarixi əlaqələri vurğulayaraq, həm bu münasibətlərə, həm də Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu deyib.
Qeyd edək ki, A.Fotıqa Polşanın tanınmış siyasi və dövlət xadimidir. İxtisasca iqtisadçı olan xanım siyasətçi 2006-2007-ci illərdə Polşanın xarici işlər naziri, 2007-2008-ci illərdə Prezident Dəftərxanasının rəisi, Polşa Seyminin deputatı olub. Hazırda Avropa Parlamentinin Polşadan olan deputatı, qurumun müdafiə və təhlükəsizlik üzrə altkomitəsinin sədridir.