11 Mart 2019 14:42
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com hərbi ekspert Azad İsazadə ilə müsahibəni təqdim edir:

- Azad bəy, bu gün Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri başlayır. 10 min nəfərlik şəxsi heyət, 500-dək tank, zirehli texnika, 300-dək müxtəlif raket və artilleriya qurğusu və digər hərbi silahların iştirakı ilə keçirilən təlimləri necə şərh edirsiniz?

- Bu, çox müsbət hadisədir. Hərbi təlim ordunun gündəlik həyatının bir hissəsidir. İlboyu müxtəlif təlimlər olmalıdır və keçirilir də. Biz təlimləri qeyri-adi tədbir kimi qəbul etməməliyik. İstisna etmirəm ki, bu təlim əvvəlcədən planlaşdırılıb. Çünki qış, yaz, yay və payız fəslində keçirilən təlimlərin formaları fərqli olur. Sözsüz ki, hansısa beynəlxalq vəziyyət, danışıqlar, təhlükə ilə əlaqədar olaraq öncədən keçirilməsi planlaşdırılan təlimlərin plan və ssenarisinə nəyisə əlavə etmək, dəyişmək mümkündür. Məsələn, təlimin miqyası böyüdülə, istiqaməti dəyişilə bilər və s.

İkincisi, qarşıdan yaz fəsli gəlir və bir azdan qarlar əriməyə başlayacaq. Biz hər il cəbhə boyunca təxribatlarla rastlaşırıqsa, bu il də rastlaşacağıq. Sözsüz ki, belə təlimlər növbəti mümkün döyüşlərə bir hazırlıqdır. Biz bunu başa düşməli, norma kimi qəbul etməli və anlamalıyıq ki, təlimsiz ordu sabah döyüş əməliyyatları apara bilməz. Deməli, ordumuz həm də sabahkı döyüşlərə hazırlaşmalıdır. Hesab edirəm ki, ordumuzun sistemli hərbi təlimlərə cəlb edilməsi çox müsbət hadisədir. Bu həm də təcrübənin artırılması, müxtəlif xarakterli hərbi hissələr arasında döyüş zamanı qarşılıqlı əlaqənin qurulması baxımından vacibdir.

- Təlimlərdə adətən, ssenarilər fərqli olur. Taktiki müdafiə xarakterli, hücum əməliyyatı, şərti olaraq düşmənin cəbhə xəttini yarmaq, istehkam qurğularını məhv etmək istiqamətində təlimlər keçirilir. İndi təlimlərin hücum ssenarisi istiqamətində keçirilməsi də maraq doğurur. Bu barədə sizin düşüncələriniz nədən ibarətdir?

- Adətən, təlimlərdə iki komandaya bölünürlər. Bir qrup hücuma keçir, digər qrup müdafiə olunur. Əsas məqsəd qruplardan birinə tapşırılır, digər missiya isə başqa qrupa verilir. İndi keçirilən təlimlər də bu xarakterli ola bilər. Ancaq hesab edirəm ki, biz bütün variantlara hazırlaşmalıyıq. Yəni hücuma, əks-hücuma, müdafiəyə də hazır olmalıyıq. Nəzərə almaq lazımdır ki, hər bir təlim eyni zamanda hərbi diplomatiyanın, hərbi gücün nümayişidir. Unutmayaq ki, təlimlərə adətən xarici ölkələrin Bakıdakı hərbi atteşeləri, diplomatları dəvət olunur. Beləcə yaxın və uzaq dövlətlər Azərbaycanın gücünün nədən ibarət olduğunu görə bilirlər. Yəni hərbi təlimlərdə bu məqsəd də var. Lakin aydındır ki, ilkin məqsəd hərbi hazırlıq, ordumuzun daim formada olmasıdır.

Sizə bildirim ki, bizdə ayrıca olaraq artilleriya təlimləri keçirilib. Sonra tank təlimləri oldu. Səhv etmirəmsə, hərbi rabitə və mühəndislərin təlimləri də keçirilib. İndi isə toplam formada bunların hamısının qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün təlim keçirilir. Bu, başadüşüləndir.

- Bu təlimlər həm də Ermənistan hakimiyyətinin konfliktin həllinə dair mövcud danışıqlar formatının dəyişdirilməsi cəhdləri ilə eyni vaxtda həyata keçirilir. Belə hərbi təlimlərin danışıqlar prosesinə, ümumiyyətlə konfliktə hansı təsirləri ola bilir?

- Ümumiyyətlə, təlimlərin mövcud olan münaqişəyə böyük təsirləri var. Çünki bu, hərbi-diplomatik baxımdan təsir edən amildir. Konkret olaraq, münaqişənin indiki xarakterinə gəlincə, Nikol Paşinyan elə şərtlər irəli sürür ki, onun qəbulu qeyri- mümkündür. Hesab edirəm ki, təkliflərinin həyata keçməsinin mümkünsüzlüyünü Paşinyan özü daha gözəl bilir. O, sadəcə olaraq vaxt udur. Yəni bu tərəfdən vaxt udmaqla Ermənistanın daxilində nəzarəti tam ələ almağa çalışır. Çünki danışıqlara getsə və torpaqların qaytarılması məsələsi ortaya çıxsa, Paşinyanı asanlıqla devirə bilərlər. Odur ki, Paşinyan həyata keçirilməsi mümkün olmayan şərt irəli sürür ki, maksimum çox vaxt udsun. Əgər real şərt irəli sürsə, Azərbaycan birdən razılaşa bilər və danışıqlar davam edəcək, beləcə torpaqların qaytarılması məsələsi ortaya çıxacaq. Bu da Paşinyana indiki mərhələdə sərf etmir. Odur ki, qeyri-real təkliflər irəli sürür və 100 faiz də bilir ki, nə ATƏT, nə Minsk qrupu, nə də Azərbaycan bu təkliflərə razı olacaq. Beləcə vaxt udur. Yəni danışıqların davam etdirilməsi əvəzinə həmsədrləri onu dilə tutmağa, danışıqların ənənəvi formatına qayıtmasına çalışacaq. Paralel olaraq görürsünüz ki, Ermənistanda Sərkisyana, Köçəryana və digərlərinə qarşı proses necə gedir. Hesab edirəm ki, Paşinyan sadəcə olaraq, Ermənistan daxilində vəziyyəti öz nəzarətinə götürmək istəyir.

- Siz, Paşinyanla danışıqlar prosesindən gözləntiləriniz nədir?

- Çox güman ki, Paşinyan həmsədrlərlə görüşdə bir söz, öz cəmiyyətinə isə tam başqa fikirlər deyir. Ona görə də qeyri-müəyyən vəziyyət yaranır. Hesab edirəm ki, hələlik Paşinyan danışıqlara hazır deyil. Şəxsən hazır deyil və respublika daxilində də durum onun istədiyi kimi deyil. Versiyalar müxtəlifdir. Ancaq danışıqlar prosesinə getmək istəyən öncədən şərt irəli sürməz. Əgər şərt qoyursa, deməli, ona indiki mərhələdə danışıqlar prosesi lazım deyil. Yəni danışıqlar indi ona maneə olur. Bu səbəbdən də maksimum çalışır ki, danışıqları gecikdirərək, zaman əldə etdin.

- Ermənistanda baş verən sonuncu inqilabın bir ili tamam olur, amma sosial-iqtisadi vəziyyət dəyişməyib. Bu mərhələdə Ermənistanda yeni mitinqlər, tələblər və gərginlik gözləyirsinizmi?

- Bunu konkret deyə bilmərəm. Çünki Ermənistandakı daxili vəziyyət, cəmiyyətdə hansı gözləntilərin olduğu Paşinyanın bu gözləntilərin üzərindən xətt çəkdiyi və ya yerinə yetirmək niyyətində olduğunu deyə bilmərəm. Ümumiyyətlə, bir il islahatlar və real dəyişikliklərin həyata keçirilməsi baxımından böyük zaman deyil.

Ancaq istisna etmirəm ki, Paşinyana qarşı olan qüvvələr yatmayıb və onlar da revanş götürmək üçün startda durublar. İstisna etmirəm ki, inqilabın bir illiyində Paşinyanın rəqibləri aksiyalara cəhd edə bilərlər. Ancaq onların ölkə daxilində, ictimai sferada nə qədər nüfuzlu olub-olmadığı da maraqlıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər