14 Mart 2019 11:23
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) anadan olmasının 120 illiyi tamam olur.

Teleqraf.com-un məlumatına görə, Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. O, şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.

Bir əsrdir ki, Azərbaycan tamaşaçılarının neçə-neçə nəslinin estetik zövqünün formalaşmasında C.Cabbarlının pyesləri əvəzsiz rol oynayır. Onun milli və bəşəri dəyərləri ehtiva edən dramaturgiyası bu gün də Azərbaycan teatrlarının səhnəsinin bəzəyidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr 2018-ci il tarixində “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. Tədbirlər planında il ərzində görkəmli ədibin yubileyinin mədəniyyət, elm və təhsil ocaqlarında müxtəlif səpkili tədbirlərlə qeyd olunması nəzərdə tutulur.

Yubiley ili çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Cabbarlının 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. Tədbir “Salnamə” sənədli filmlər studiyası tərəfindən lentə alınacaq.

Şəhər (rayon) mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, seminar, kitab sərgisi, bədii qiraət və rəsm müsabiqələri keçiriləcək.

Akademik Milli Dram Teatrında dramaturqun “Od gəlini” pyesinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun C.Cabbarlının eyniadlı pyesi əsasında yazdığı “Sevil” operasının nümayişi nəzərdə tutulur.

Azərbaycanın Avstriya, Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə C.Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planlaşdırılır.

Mədəniyyət Nazirliyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətində Cəfər Cabbarlı fenomeni” adlı elmi-praktik konfrans keçiriləcək.

Azərbaycan Dövlət Teatr Muzeyində C.Cabbarlının əsərlərinin teatr quruluşlarına çəkilmiş dekorasiya və geyim eskizlərindən ibarət sərgi, Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ədibin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil olunacaq. Eyni zamanda BXA-nın tələbə və şagirdləri tərəfindən Opera və Balet Teatrında C.Cabbarlının librettosu əsasında Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti səhnələşdiriləcək.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının İctimai Televiziya ilə birgə dramaturqun “Solğun çiçəklər” pyesinin motivləri əsasında səkkiz seriyalı bədii filmin çəkilməsi və yayımı da tədbirlər planında yer alıb.

Rayon (şəhər) təhsil şöbələri (idarələri), uşaq-gənclər inkişaf mərkəzlərində C.Cabbarlının yaradıcılığına həsr olunmuş rəsm sərgiləri, ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Cəfər Cabbarlı Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi kimi” mövzusunda inşa müsabiqəsi, həmçinin ədibin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, müzakirələr, seminar və dəyirmi masalar təşkil olunacaq. Təhsil Nazirliyinin ali təhsil ocaqlarında müxtəlif mövzularda elmi konfransların keçirilməsi, yazarın həyat və yaradıcılığını əks etdirən fotosərgilər keçiriləcək.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120, yaxud mənbələrə yeni baxış” mövzusunda elmi-praktik konfrans, ədibin Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi arxiv materiallarından ibarət sərgi təşkil olunacaq.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Ədəbiyyatımızda və mədəniyyətimizdə Cəfər Cabbarlı” mövzusunda elmi sessiya keçiləcək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu və Teatr muzeyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətində Cəfər Cabbarlı fenomeni” mövzusunda Respublika elmi-praktik konfrans, N.Gəncəvi adına Ədəbiyyat İnstitutu və C.Cabbarlının ev-muzeyinin təşkilatçılığı ilə Respublika elmi konfransı, Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrində “Cəfər Cabbarlının sənət idealları və müasir dövr”, Nəsimi adına Dilçilik İnstitutunda “Cəfər Cabbarlının əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda elmi sessiyalar, M.Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120“ mövzusunda kitab sərgisi, Folklor İnstitutu və Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı və Bakı folklor mühiti” mövzusunda Respublika konfransı nəzərdə tutulur.

Yubiley ili çərçivəsində böyük yazıçı-dramaturqla bağlı nəşr layihələri də planlaşdırılır. Ədəbiyyat İnstitutu ədibin indiyə qədər işıq üzü görməmiş “Kazım bəy” romanı və məktublarının transfoneliterasiya edilərək kitab halında nəşrini, Hüseyn Cavidin ev-muzeyi isə C.Cabbarlının Cavid haqqında yazdığı məqalələrdən ibarət toplunun çapını planlaşdırır.

Tədbirlər planına əsasən, AYB-nin Natəvan klubunda, birliyin bütün filiallarında və ədibin ev-muzeyində anım gecələri keçiriləcək. Birliyin mətbuat orqanlarında dramaturqun həyat və yaradıcılığı ilə bağlı silsilə yazıların dərc olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər