İndiyədək Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış 219 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1146 min manat ödənilməsi qərara alınıb.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumat verildiyi kimi, aprelin 4-dən Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlara maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. Artıq 778 min manat məbləğində maddi yardım 89 zərər çəkmiş sahibkarın bank hesabına köçürülüb.
Ödənişlər “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.
Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev küçəsi, 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 8 ticarət obyekti təklif olunub./Report/