15 Aprel 2019 12:46
39 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Həyatdan suallar” adlı yeni rubrikaya başlayır. İştirakçılar həyata dair verilən sualları cavablandırırlar.

Rubrikanın ilk qonağı yazıçı Çinarə Ömraydır.

- Həyatın var olması haqda fikriniz nədir. Yəni niyə varıq? Bu heç sizi düşündürürmü?

- Məncə, hər kəsin həyatda bir missiyası var. Amma biz həyatın niyə var olmasının dərinliklərinə enə bilmirik. Nə üçün var olduğumuzu da bilmirik. Öz daxili kimliyimizi tanıya bilmirik deyə çox vaxt boşluqda yaşayırıq, içimizdə yaranmış boşluğu doldura bilmirik. Həyatın müəyyən bir mərhələsindən sonra həyat bizim üçün bu boşluqdan ibarət olur. Məncə, bu boşluq da daxili kimliyimizin dərinliklərinə enə bilmədiyimiz üçün yaranır. Biz öz potensialımızı, nə üçün var olduğumuzu bildikdən sonra bütün suallar öz cavabını tapır. Belə desək, daşlar öz yerinə oturur və o boşluqdan çıxmaq üçün yol tapmaq olur.

“Özümü ana kimi hiss edə bilmirəm”

- Həqiqətən də demək olar ki, insan sonadək kimlik axtarışında olur. Mənə elə gəlir ki, həyatın həqiqətlərinə çatmış insanlar da tam olaraq kim olduqlarını bilmirlər, özlərini axtarırlar...

- Çünki insanlar olduqları yerdən də yüksək yer axtarışındadır. İnsan özü ilə barışa bilmir, ona görə də özünü tapa bilmir. Hər kəs olduğundan daha yüksək yer iddiasındadır. Əlbəttə, mənim boyum bir metr əlli santimetrdirsə, mən bir metr səksən santimetr ola bilmərəm. Həmişə də boyumun o yerə çatması iddiası ilə yaşayıram, amma heç vaxt çata bilmirəm, axırda da ölürəm. Lakin öz boyumla razılaşıb daha möhtəşəm işlər görə bilərəm. Məsələn, olduğum boyumla razılaşıb, stolun üstünə çıxıb öz istədiyimi götürə bilərəm. Yəni, özünü inkişaf etdirməyin daha alternativ yolları var. Amma bizdə bu yoxdur. Buna görə də insanlarımız özlərini tapa bilmirlər. Bu yüksəklik iddiası onları çox vaxt yarı yolda qoyur.

- Yəni, insanın həyatı təkcə kimlik axtarışından, yaxud öz iddiasının arxasınca düşüb getməkdən ibarətdir?

- Məncə, biz içimizdəki potensialdan xəbərsizik. O potensialın fərqinə varanda, artıq hər şeyin mənasını dərk etməyə başlayırsan. Məsələn, bir il əvvələ qədər mənə çox şey gülməli gəlirdi. Sevgi anlayışı məni güldürürdü. Həmişə lağ edirdim, qeyri-ciddi yanaşırdım ki, mən kimisə sevə bilmərəm. Bunun qarşı cins, yaxud başqa bir şeyin olmasının fərqi yox idi. Hətta mən ailədə övladıma belə o sevgini verə bilmirəm. Özümdən asılı deyil, özümü ana kimi hiss edə bilmirəm, buna görə övladıma da o sevgini verə bilmirəm. Mən içimdəki o şeydən xəbərsizəm, xəbərsiz olduğum üçün də o mənə boş bir şey kimi gəlir. Ələ sala biləcəyim bir məsələyə çevrilir.

Amma elə hadisələr baş verdi ki, mən içimdəki potensialın fərqinə vardım. Anladım ki, o sevgini içimdə aşılamaqla, daha möhtəşəm işlər görə bilərəm. Əlbəttə, söhbət təkcə sevgidən getmir. İçimizdə gizli bir “bomba” var, sadəcə ona toxunub partlatmaq lazımdır, bundan daha gözəl işlər görə biləsən.

“Valideynlər və uşaqlar Allahın bizə qarşı şantajıdır”

- Sizcə, insanlar qüsurlu varlıqlardı? Belə bir fikir də var ki, insan həmişə özünü düşünür və bu, insanın ən böyük qüsurudur...

- Əksinə, insan özünü düşünmədiyinə görə qüsurludur. Məhz bizim cəmiyyətdə belədir. Biz özümüzdən daha çox cəmiyyəti düşünürük, özümüzdən daha çox atamızı, anamızı, övladımızı düşünürük. Hərdən düşünürəm ki, valideynlər və uşaqlar Allahın bizə qarşı şantajıdır. Yəni, biz şantajla yaşayırıq. Bir qərar verəndə səni qınayırlar ki, bunu edə bilməzsən, sənin uşağın var, ölə bilməzsən, sənin valideynlik məsuliyyətin var, atan pis olar, anan pis olar. Yaxud, intihar edə bilməzsən, boynunda uşaq var. Buna görə də bəzən düşünürəm ki, valideynlər və uşaqlar Allahın bizə qarşı şantaj vasitələridir. Yəni, hər kəs özünü düşünsə, daha möhtəşəm olar.

- Bilmirəm, bəlkə bütün cəmiyyətlərdə belədir, amma bizim cəmiyyətdə sanki sənin istəyini kənardan müəyyən etməyə çalışırlar. Belə desək, səni də öz qəliblərinə salmaq istəyirlər...

- Biz həmişə yaradılışı ideal sayırıq. Məsələn, Allah yaradıb, Allah bizim üstümüzdədir. Yəni, biz ideal olaraq yaradılışı üstün sayırıq. Buna görə də düşünürəm ki, bütün insanlarda idarəetmə arzusu var. Bütün səmavi dinlərdə o anlayış var ki, Allaha təşəkkür et, ona itaət et. Bəlkə də bizim insanların da idealı Allah olduğu üçün başqaları üzərində allahlıq etmək istəyi var, bəzən istəyirlər ki, bir-biri üzərində hökmranlıq etsinlər.

“Özümüzdən başqa hamını eşidirik “

Bir də yönəltmək məsələsi var. Heç vaxt qəti qərar verdiyim şeylərə görə gedib kiminləsə məsləhətləşmirəm. Məsləhətləşməmək daha yaxşıdır. Yəni, səni bir şeyi içdən istəyirsən və gedib kiminləsə məsləhətləşirsən. Bəs o zaman bu istəyindən nə qədər əminsən? O zaman da tərəddüd içində qalırsan. Yəni, sən öz istədiyini edirsənsə, uğursuzluğunun da məsuliyyəti səndə olur. O zaman da fikirləşirsən ki, görəsən, onu dinləsəydim, necə olacaqdı? Buna görə də belə tərəddüdlərdən də uzaq durmaq üçün heç kimdən məsləhət almaq lazım deyil. Özündən başqa heç kəsi eşitmək lazım deyil, amma biz özümüzdən başqa hamını eşidirik.

- Oğuz Atayın belə bir fikri var ki, insan anlamaqdan çox, anlatmağa üstünlük verir. Niyə belə olur?

- Çünki hamının anlaşılmaq ehtiyacı var.

- Yəni, insan heç vaxt qarşısındakını anlamır?

- Yox, sadəcə hər insanın dinlənilmək ehtiyacı var. Çexovun “Qüssə”si mənə çox təsir etmişdi. Bu əsərdə insanları dinlətməyə çalışır, danışmağa yox. Buna görə də həmişə insanda dinlənilmək istəyi olur və içindəki o yer boş olur. Heç kəs bir-birini tam olaraq dinləmədiyi, hamıya özünü tam ifadə edə bilmədiyi üçün o yer həmişə boşluqda qalır. Diqqət hərisliyi...

“Allaha çıxışım varsa, niyə kiminsə qəbrinin üstünə getməliyəm?”

- Bəs niyə insan güvəninin xəyanyətə uğrayacağı qorxusuyla yaşayır? Demək olar ki, insan tam olaraq sakit ola bilmir.

- Bu qorxu ondan irəli gəlir ki, biz varlıq olaraq bir-birimiz tam qəbul edə bilmirik. Əgər qarşımdakı insanın güvənini itirmək qorxusu içindəyəmsə, demək ki, o insan mənim üçün dəyərlidir. Bu qorxu çox vaxt da ondan irəli gəlir ki, insanlar bir-birini tanımırlar.

Məsələn, həyatımda iki-üç insan, dostum var ki, onları özüm qədər tanıya bilirəm, onları özüm qədər də yaxına buraxmışam. Onlar nə etsələr də, mən onları başa düşə bilərəm. Məncə, insanlar bir-birini olduqları kimi qəbul edə bilsələr, bu qorxuları özlərindən uzaqlaşdıra bilərlər.

- Dinlər, inanclar haqda fikriniz nədir? Dini inancları ortaya çıxaran səbəb nə idi, insanların əbədi sağ qalmaq arzusu, ya...?

- Yəqin ki, insanlar pərakəndə yaşayırdılar və onları bir araya toplamaq üçün bir gücə ehtiyac vardı. Bizdə də hər şeyə bir ad qoymaq istəyi var. Münasibətlərdən tutmuş, məişət məsələlərinə qədər tələsik hər şeyə ad qoymaq istəyirlər. Son nəticədə də, bu adların ağırlığı altında əzilib-büzülürlər. Ümumiyyətlə, insan başsız qalmağı sevmir.

- Bəs siz nəyə inanırsınız?

- Dindar dostlarımın çoxu məni ateist kimi tanıyırlar. Amma mən izah etməyə çalışıram ki, mənim qəbul etdiyim Allah anlayışı sizin qəbul etdiyiniz Allah deyil. Yəni, mənim Allahım o qədər kiçik deyil, daha böyükdür. Məncə, bu enerjidir və onu duymaq lazımdır. O anlayış əllərini göyə tutub nəsə istəmək, yaxud hansısa ritualları yerinə yetirməklə məhdudlaşmır.

- Yəni?

- Mən içimdəki o enerji ilə danışa bilirəm, onunla ünsiyyət qura bilirəm, sakitləşə bilirəm. O gün bir xəstəxananın həyətində oturmuşdum. Hər tərəf yaşıllıq idi, hava da çox gözəl... Yaxınlıqda bir ağac vardı. Mən içimdə o ağacla yarım saata yaxın danışdım. Bu müddət ərzində mənim Allahım o ağac idi və mən onunla ünsiyyətə girə bilirdim. O məni eşidirdi, mənə reaksiya verirdi.

- İnsanların əbədi həyat haqda düşüncələrinə inanmırsınız? Belə desək, o dünyaya...

- Mən hələ ki, bu həyata inanmağa çalışıram. O dərinliyə qədər getmirəm.

- Cənnət-cəhənnəm vədi olmasaydı, insanlar Allaha inanardılar?

- Düşünürəm ki inanardılar. İnanacaq nəsə olmayanda həyat mənasızlaşır. İnsanlar həmişə inanacaq bir şey axtarırlar. Həyatda qalmaq üçün mütləq inanmalısan. Hər kəs, hər şey öz mənasını itirirsə, həyatda qalmaq da bir məna kəsb etmir, intihara cəhd edirsən. Buna görə də tutunacaq bir inancın olur həmişə.

- Bu baxımdan sizə görə ən ideal dini inanc hansıdır? Məsələn, islam, xristianlıq, iudaizm, buddizm, satanizm və s.

- Dinlərin Allaha çatmaq üçün olduğunu deyirlər, amma mən bunun əksini düşünürəm. Dinlər Allaha çatmaq üçün maneələrdir. Çünki həmişə din adı altında müharibələrin baş verdiyini görmüşük, hansısa ritualların icra edildiyinə şahidlik etmişik. Biri özünə sünni deyir, bir şiə, biri başqa şey... Bütün insanların diqqəti də Allahdan yayınıb, bu məsələlərə yönəlir. Allah artıq qıraqda qalır. Yəni, mənim birbaşa Allaha çıxışım varsa, niyə kiminsə qəbrinin üstünə getməliyəm ki, Allaha sözümü çatdırım. Zatən, mənim özüm onunla danışa bilirəm. Yəni, bütün bu keçidlər insanları Allahdan uzaqlaşdırır.

- Stefan Sveyq sual verirdi ki, zamanın zatən bağışlayacağı bir günah üçün cəzalandırmağın mənası varmı?

- Məncə, insan anlayışı qarşısında hər şey boşluqda qalır. Hər şeyə ümumi insan anlayışı ilə yanaşa bilmirik.

- Maraqlıdır...

- İnsanlar doğulan kimi biz onları bölürük, onların üzərinə mükəlləfiyyətlər qoyuruq. Məsələn, onun vətən kimi bir dərdi olur, valideynlik məsuliyyətinə yükləyirik, vətəndaşlıq mükəlləfiyyəti qoyuruq və s. Bundan sonra da həmin mükəlləfiyyətləri yerinə yetirmədiyi üçün insanları cəzalandırırıq. Amma insanlar azad doğulurlar, bir fərdi kimi hamımızın yaşadığı bu dünyaya göz açırlar. Buna görə də düşünürəm ki, onun vətən anlayışı olmalı deyil, üzərinə valideynlik məsuliyyəti yüklənməməlidir. İnsan azad doğulmuş bir varlıqdırsa, onun azadlığını əlindən almamlıyıq, buna çalışmamalıyıq.

“Vətən xatirələrdən başqa bir şey deyil”

- Amma insan istəməsə də, bir vətəni olur.

- Vətən anlayışını biz çox şişirdirik. Vətən xatirələrdən başqa bir şey deyil. Nənəm və babam deyirdi ki, torpaqlar qaytarılanda, sümüklərimizi çıxarıb, Qubadlıda basdırarsız. Çünki onların orada xatirələri var, orada doğulublar. Mən Qubadlıda doğulmuşam, məni aparıb Amerikaya atsaydılar, orada böyüsəydim, mənim üçün vətən anlayışı ora olacaqdı. Yəni, vətən sadəcə xatirədir, əllə tutulacaq bir şey deyil.

- Lakin bəlli bir yaşdan sonra köçəcəyin yeni məkan sənin yox, orada dünyaya gələcək övladının vətəni ola bilər.

- Məncə, hamımızın vətəni dünyadır.

- Əlbəttə, həyatın olmadığı başqa planetləri düşünsək, elədir. Vətənin xatirələrdən ibarət olduğunu dediniz. Bəs insan niyə xatirələrindən qopa bilmir?

- Çünki həyat xatirələrin üzərində köklənir. Xatirələr yaşadıqlarındır, unuda bilmirsən. Bəzən oradan nəticə çıxarırsan, yaşadıqlarından öyrənirsən, yaşadıqlarından yenidən doğursan. Bunları necə unuda bilərsən?

- Pessimist insanlar haqda belə bir fikir var ki, özlərini dərk etməmiş insanlardır. Bu, belədirmi?

- Pessimist insanlar hər şeyi çılpaqlığıyla görmək istəyən, bəzən isə görən insanlardır. Bütün həqiqətləri geyindirməmiş görsən, həyat tamamilə mənasını itirər. Buna görə də, pessimist insanlar real insanlardır, hər şeyə çılpaqlığıyla baxa bilən insanlardır.

- Bəs pozitivlər?

- Daha çox özlərindən uydururlar. Həqiqətlərə daha çılpaq baxmırlar, bir az geyindirirlər. Özü üçün əyləncə axtarır. Həyata daha çılpaq baxsan, sabah intihar da edə bilərsən.

- Gülüş həqiqətən bir insanın gücüdür? Hərçənd ki, buna heç vaxt inanmamışam.

- Məncə, bir insanın gücüdür. Güc deyəndə ki, sözünə gülüş geyindirirsən, daha maraqlı görünürsən. Görürsən ki, edə biləcəyin heç nə yoxdur, başlayırsan gülməyə. Amerikalıların bir atalar sözü var. Hətta bu sözə rast gələndə mənə qəribə gəldi ki, Amerikanın da atalar sözü var (gülür). Həmin atalar sözünə görə, problemin varsa, fikir etmə, həll etməyə çalış, əgər həll yolunu tapmırsansa, yenə fikir etmə, dostundan məsləhət al, bu da yoxdursa, get həyatını yaşa. Yəni, özünü çox sıxmaq lazım deyil, bir az boş buraxmaq lazımdır.

“Böyüyüb mənasız bir arvad olurlar”

- Çinarə xanım, kişilər və qadınlar arasında hansı fərqlər var? Əlbəttə, söhbət həyata baxışdan gedir.

- Məsələn, səkkizinci sinifdə oxuyan heç bir qız özündən yaşca kiçik oğlanı sevmir. Qadınların düşüncəsi belə formalaşır. Çünki qadınlar daha tez böyüməyə can atırlar. Məncə buna görə də onlar daha çox bilirlər.

- Elə bil, həqiqətən də tez böyüyürlər. Xüsusən də bizim cəmiyyətdə...

- Çünki can atırsan axı. Uşaqlığını yaşamırlar. Bizim cəmiyyətin qadınları vaxtından tez sanballı, ağır görünməyə can atırlar. Sonradan da böyüyüb mənasız bir arvad olurlar. Bizim qadınlar mənə çatmır.

- Niyə?

- Qadınlarımızı heç sevmirəm. Mənim bu yaşıma qədər bir qız dostum yoxdur. Hamısı oğlandır. Bizim qadınlar mənə qeyri-səmimi gəlir.

- Səbəb nədir?

- Cəmiyyət. Məsələn, rəssam “Mona Liza” əsərini çəkib. Orada gülümsəyən qadın təsvir olunub. Bəlkə də o qadın kədərli biridir. Amma rəssam onu istədiyi kimi təqdim edib deyə, sanki bizim cəmiyyət də elə olmaq məcburiyyətindədir. Rəssamın çəkdiyi o çərçivə ki var, insanlarımızın hamısı ora sığmağa çalışır. Məncə, kişilər daha səmimidirlər. İstədikləri vaxt gülə bilirlər, istədikləri kimi otura bilirlər, istədikləri vaxt sözlərini deyə bilirlər. Ümumilikdə isə bizdə hər şey çərçivə içindədir.

Bir insanın pis və yaxşı tərəfləri var. Amma bizim qadınlar mələk kimi görünməyə çalışırlar. Amma bir az dərinə gedəndə görürsən ki, insanın içi boşdur.

Foto: Pərviz Həşimi


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər