Azərbaycan Respublikasının Prezidentiyanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycan-Qazaxıstan əlaqələri və regional inteqrasiya” mövzusunda dəyirmi masa keçirilib.
Teleqraf.com-un məlumatına görə, Milli Məclis deputatlarının, ekspertlərin, professor və müəllim heyətinin iştirak etdiyi tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişaf mərhələlərindən danışıb. İki dost və qardaş ölkə arasında əməkdaşlığın qurulmasında və inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Qazaxıstan lideri Nursultan Nazarbayevin müstəsna xidmətləri olub.
Akademik U.Ələkbərov bildirib ki, Heydər Əliyev dövründə başlamış siyasi kursun bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan-Qazaxıstan münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoyub.
Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin deputatı Elman Nəsirov iki ölkə arasında dostluq münasibətlərini qeyd edərək söyləyib ki, tərəflərar asındakı bu münasibətlər ölkələrin yaxınlaşmasına da mühüm təsir göstərir. Natiq bildirib ki, Nursultan Nazarbayev beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daim müdafiə edib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu Azərbaycan-Qazaxıstan qardaşlıq münasibətlərinin əhəmiyyətini diqqətə çatdırıb, çoxəsrlik əlaqələrin böyük perspektivə malik olduğunu xüsusən qeyd edib. Azərbaycanın sürətlə tərəqqi etdiyini bildirən H.Babaoğlu deyib ki, bugün də respublikamızla Qazaxıstan arasındakı əməkdaşlıq yüksək səviyyədədir.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, deputatlar Cavanşir Feyziyev, Aydın Hüseynov, Azər Badamov və digərləri mövzu ilə bağlı fikirlərini bildirərək, Azərbaycan-Qazaxıstan dostluğunun və əməkdaşlığının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan-Qazaxıstan münasibətləri artıq Avrasiya məkanında vacib inkişaf amilinə çevrilib, iki dövlət arasında çox etibarlı və yüksələn xətt üzrə davam edən əməkdaşlıq mövcuddur.
Tədbir iştirakçıları söyləyiblər ki, Azərbaycan xalqı Qazaxıstan dövlətinin növbədənkənar president seçkisi keçirmək qərarını dəstəkləyib. 9 iyunda keçiriləcək seçkinin nəticələri ölkələrarası münasibətlərin növbəti dövrdə daha uğurlu mərhələyə keçməsinə rəvac verəcək.
Qazaxıstanda mövcud olan sabitlik qarşıdan gələn president seçkilərinin yüksək standartlara uyğun şəraitdə keçirilməsini şərtləndirən əsas amillərdən biri kimi qiymətləndirilib.
Çıxışçılar həmçinin söyləyiblər ki, növbəti seçkidən sonrakı mərhələdə də qonşu və dost dövlətin prioritetlərinin, onun xarici siyasət kursunun dəyişməyəcəyinə ümid edirlər.