22 May 2019 23:36
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 22-də Şirvan şəhəri, Daşkəsən, Füzuli, Xızı və Yardımlı rayonlarında sakinlərlə görüşüblər.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nəzarətə götürülüb.

Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Dövlətimizin başçısının da dediyi kimi, yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Həmçinin görüşlərdə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif: Teleqraf.com