26 İyun 2019 00:59
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov görkəmli alim Şirməmməd Hüseynovun vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı ünvanlayıb.

AMEA-nın Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, başsağlığında deyilir: "Azərbaycan jurnalistikasına ağır itki üz verib. Görkəmli alim Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də dünyasını dəyişib.

Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olub. Onun ömrünün 60 ili Bakı Dövlət Universiteti (BDU) ilə bağlıdır. Azərbaycan jurnalistlərinin böyük bir nəsli ondan dərs alıb, onun yetirməsidir. Şirməmməd Hüseynov dünyanın heç nəyinə uymadan təmkinli həyat sürüb, şərəfli ömür yaşayıb. O, bütün zamanlarda heç nədən çəkinmədən öz sözünü deyən görkəmli ziyalımız idi. O, nər kişi idi, mərd kişi idi, sovet dönəmində tələbələrinə millət sevgisi aşılayırdı. Mən bunların çoxunun şahidiyəm. Böyük şairimiz Bəxtiyar Vahabzadəyə haqsız hücumlar olanda Şirməmməd Hüseynov sinəsini qabağa verərək dahi sənətkarı necə müdafiə etdiyini heç zaman unutmuram.

Bu gün onun tələbələri BDU-da, eləcə də digər elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.

Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti vardır. İkicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın baş redaktoru kimi onun əsərlərinin, o cümlədən Cümhuriyyət xadimlərinə həsr olunmuş tədqiqatlarının bu ensiklopediyanın ərsəyə gəlməsində mühüm rol oynadığını xalqımıza yetirməyi də özümə borc bilirəm.

Dövlətimiz onun uzunmüddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirib. O, bir sıra mükafatlara, o cümlədən "Şərəf" ordeninə və Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Şirməmməd Hüseynovun xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan tarixçilərinin, alimin doğulduğu Şəki şəhərinin ziyalılarının, bütün ictimaiyyətin, o cümlədən seçicilərimin dərin minnətdarlığını yetirirəm.

Görkəmli alimə Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına və BDU-nun kollektivinə dərin hüznlə başsağlığı verirəm.

Seçicilərim və bütün Şəki ictimaiyyəti bu gün qürur hissi keçirir ki, doğma Şəkinin insan fəaliyyətinin bütün sahələrində Azərbaycana və bütün dünyaya bəxş etdiyi çoxsaylı məşhur şəxsiyyətlərin sırasında müasir Azərbaycan jurnalistikasının inkişafında və formalaşmasında mühüm xidmətləri olan Azərbaycan ziyalılığının görkəmli nümayəndəsi Şirməmməd Hüseynov da öz layiqli yerini tutdu".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər